Elşad Abdullayev ATƏT rəsmisi ilə görüşüb
Günün 1-ci yarısı davam edən görüşlərdə əsas müzakirə mövzuları Mahir Abdullayevin cinayət işi, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin bərpası, Azərbaycanda keçiriləcək prezident seçkiləri olub.
Həmçinin ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaronun insan orqanlarının alverinə həsr olunmuş “ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri” adlı tədqiqat-hesabatı da geniş müzakirə olunub.
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi təmsilçiliyinin baş koordinatoru Vera Gracheva ilə görüş zamanı Elşad Abdullayev ABU-nin Tibb Mərkəzi ilə bağlı deyilənlərin əsassız olduğunu, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdikdən sonra haqqında bu cür qondarma cinayət işləri açıldığını bildirib.
ABU Tibb Mərkəzi ilə bağlı rəsmi sənədləri ATƏT rəsmisinə təqdim edən Elşad Abdullayev bu tibb mərkəzinin keçmiş baş həkimi ilə təsisçi müqaviləsi bağladığını, mərkəzin fəaliyyətinə qarışmadığını və əgər orada hansısa qanunsuzluq baş verdiyi təqdirdə müqavilədə göstərildiyi kimi, baş həkimin məsuliyyət daşıdığını qeyd edib.
2 saat davam edən görüş zamanı Vera Gracheva təqdim olunan müraciətləri və sənədləri diqqətlə incələyib və lazımi qeydlər götürüb.
Eyni zamanda Vera Gracheva son hesabatda ABU-nun və onun tibb mərkəzinin adının hallanmadığını, lakin Azərbaycanda qara transplantasiya ilə bağlı məsələlərin olduğunu, mətbuatın bu cür təqdim etməsinə görə Cammarinaronun xüsusi açıqlama verəcəyini bildirib.
Növbəti görüşlər Berlində, Brüsseldə Avropa parlamentinin nümayəndələri ilə və o cümlədən "Euronews" kanalında keçiriləcək.
Keçirilmiş və keçiriləcək bütün rəsmi görüşlər 3 əsas mövzunu əhatə edir.
Mahir Abdullayevin oğurlanması cinayəti, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması və ölkədə keçiriləcək prezident seçkiləri müzakirə olunan 3 prioritet mövzudur.






