Eks-spiker Rəsul Quliyevçi kimi tanınan sayt rəhbərinin onu xəsislikdə ittiham etməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Elnur Məhərrəmli reklam olunmaq istəyir: “Nəyə lazım onu salmısınız ortalığa, indi o istəyir ki, mənə görə bir balaca reklam olunsun”.
Elnur Məhərrəmli isə Teleqraf.com-a açıqlamasında bildirdi ki, heç vaxt Rəsul Quliyevi xəsislikdə ittiham etməyib: “Rəsul Quliyev nəinki xəsis deyil, hətta yaxşı pul xərcləyəndir. Mən bilirəm ki, məsələn, Rəsul bəy Avropaya gələndə ən bahalı otellərdə qalır, ən bahalı restoranalarında yemək yeyir, öz geyim-keçimi ilə bağlı kifayət qədər pul xərcləyir və sairə. Bəli, dost-tanışla qonaqlıqda da hesabı o verir. Mən heç vaxt bu baxımdan Rəsul müəllimin xəsis olduğunu deməmişəm. Mən demişəm ki, Rəsul müəllimin siyasətə pul xərcləməkdən zəhləsi gedir. Partiyası, onun təbliğatını aparan qəzetlər həmişə maliyyə böhranı keçirirlər. Bunu təkcə mən yox, Rəsul bəyin əvvəlki partiyasının sədri Sərdar Cəlaloğlu və onun müavinləri, sonrakı partiyasının sədri Akif Şahbazov və onun ətrafı, ondan sonrakı partiya sədrləri hər fürsətdə təsdiqləyirlər. Söhbət dediyim kimi, Rəsul müəllimin siyasətə pul xərcləyib -xərcləmədiyindən gedir. Mən məhz bu məsələni qabartmışam və konkret misallarla da sübut edə bilərəm ki, Rəsul müəllim buradakı tərəfdarlarına həmişə nökər gözü ilə baxıb və indi də baxmaqda davam edir. Yoxsa mənim nəyimə lazımdır ki, Rəsul Quliyev öz şəxsi həyatında xəsisdir, yoxsa yox.
Yeri gəlmişkən, Rəsul müəllimin «Bizim Yol» qəzetindəki müsahibəsini oxudum və orada bir dənə də olsun səmimi sözə rast gəlmədim.»
Elnur Məhərrəmli Rəsul Quliyevlə söz davasına çıxmaq niyyətində olmadığını da dedi: “Mən Rəsul Quliyevlə yaxın olmuşam deyə məcburçuluqdan bəzi məsələləri dedim. Yoxsa ki, məqsədim onun fəaliyyətini təftiş etmək deyil. Bir jurnalist kimi haqqım çatsa da, bunu etmək niyyətində deyiləm. Onsuz da Rəsul müəllimin artıq kiməsə - iqtidar və ya müxalifət olsun - problem yaratmaq şansı qalmayıb. Yəni xüsusi olaraq üzərində durulası, imkanları təhlil olunası bir vəziyyətdə deyil. Baxmayaraq ki. Rəsul müəllimə elə gəlir ki, dünya onun ətrafında fırlanır və Azərbaycanda da hamı ağzını göyə açaraq məhz onun fəaliyyətini izləyir. Bu məntiqdən də çıxış edərək hesab edir ki, mən hansısa həqiqətləri deməklə özünüreklamla məşğulam. 15 ildir mətbuatdayam və bunun da böyük hissəsini populyar qəzetlərdə redaktor, baş redaktor olaraq keçirmişəm. İndi də sayt rəhbəriyəm. Yəni özümü reklam etmək üçün kifayət qədər imkanlarım olub və var.
Amma başa düşürəm ki, Rəsul müəllimin həmişə olduğu kimi, mahiyyətdən yayınmaqdan başqa yolu da yoxdur.»
E.Məhərrəmli deyir ki, Rəsul Quliyevlə münasibətləri Müqavimət Hərəkatı yaranandan sonra pisləşib: «Rəsul müəllim yanvar ayında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını elan edəndən sonra yaxın adam kimi məndən soruşdu ki, bu barədə nə fikirləşirsən? Mən də fikirlərimi şifahi formada yox, böyük məqalə formasında yazıb ona göndərmişəm. O məqalədə Rəsul Quliyevin Azadlıq Partiyası, KXCP, Aydınlar Partiyası, ALDP ilə ittifaq qurmasını tənqid etmişəm. Demişəm ki, Rəsul müəllim, bu ittifaq sizi biabırçılığa doğru aparır. Bu ittifaqla heç yerə gedə bilməzsiniz. Sizin bu ittifaqla Azərbaycan hakimiyyətinə qarşı müqavimət təşkil etmək istəyiniz sadəcə, gülüş doğurur. Bu ittifaqda təmsil olunan partiyaların bir neçəsi hakimiyyət tərəfindən idarə olunur. Əhməd Orucu götürək, özündən başqa partiyasında heç kim yoxdur. 15 ildir mətbuatdayam, Azadlıq Partiyasında Əhməd Orucdan başqa adam tanımıram. Demişəm ki, siz özünüzü onlarla bir cərgəyə qoymaqla etiraf edirsiniz ki, mənim gücüm, qüvvəm bundan ibarətdir. Kifayət qədər mədəni tonda yazılmış məqalədən sonra Rəsul Quliyevin mənə qarşı münasibəti kəskin şəkildə dəyişdi. Mənə cavab yazdı ki, yaxşı oğlansan, amma «bazası olmadan» özün haqda yüksək fikirdəsən. Analiz etmək qabiliyyətin yoxdur. Bizim ortaq tanışlarımıza, partiyanın üzvlərinə zəng edib mənim dalımca danışdı ki, Elnur uşaqdır, öz aləmində mənə ağıl öyrədir. Hətta bəzi təhqiramiz sözlər də dedi. Amma zaman kimi haqlı çıxardı? Onun yaratdığı Müqavimət Hərəkatının dünən nə ilə nəticələndiyini Azərbaycan xalqı gördü. Rəsul Quliyev öz fikrini dəyişmək məcburiyyətində qaldı və məni haqlı çıxardı. Amma dəhşətli dərəcədə kinli adam olduğuna görə, vaxtilə mənə qarşı haqsızlıq etdiyini özü-özünə belə etiraf edə bilmir. Əksinə, mənim haqlı çıxmağım onu özündən çıxarır.»
“Məqalə mətbuatda dərc olunmuşdu, yoxsa şəxsi elektron ünvanına göndərilmişdi” sualına isə Elnur Məhərrəmli belə cavab verib: “O məqalə mətbuat üçün deyildi. Yeri gəlmişkən, bir halda ki Rəsul müəllim məni özümü reklam etməkdə ittiham edib, ola bilsin, o məqaləni mətbuatda dərc edəcəyəm. Onda bir daha aydın olacaq ki, mənim yazdıqlarım 5 aydan sonra cümləbəcümlə öz təsdiqini tapıb.»






