Redaksiyadan: Mətbuatda vaxtaşırı Azərbaycan Milli Elmlər Akademiyası haqda tənqidi məqalələr dərc olunur. Amma bu tənqidlərə AMEA-dan nadir hallarda reaksiya verilir. AMEA müxbir üzvü, professor Məhəmməd Babanlı bu ittihamlara, tənqidlə cavab olaraq məqalə yazıb, redaksiyamıza yollayıb.
Musavat.com professorun məqaləsini olduğu kimi çap edir:
Son dövrdə mətbuatda vaxtaşırı Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı aqressiv fikirlər, hətta onun bağlanması təklifləri yer alır. AMEA-nın əməkdaşı kimi, bununla əlaqədar öz mövqeyimi bildirmək və bəzi fikirlərimi bölüşmək istəyirəm.
AMEA-da ciddi problemlərin olması, onun bir qurum kimi ləğv edilməsi fikirləri keçən əsrin 90-cı illərindən səsləndirilirdi. Doğrudan da, AMEA artıq SSRİ-nin mövcud olduğu son illərdə ciddi problemlərlə üzləşmişdi. Akademiyanın strukturu həddən artıq şişirdilmişdi, ayrılan maliyyə vəsaiti və elmi avadanlıqla təchiz olunma səviyyəsi onun normal fəaliyyətini təmin edə bilmirdi. Bu problemlər 90-cı illərinin əvvəllərində ölkənin ümumi iqtisadi tənəzzülü fonunda daha da kəskinləşmişdi. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev Akademiyanı Azərbaycanın milli sərvəti adlandıraraq onu qoruyub saxlamağın vacibliyini göstərdi. Mən əminəm ki, o vaxt Ulu Öndər ölkəmizin iqtisadi qüdrətinin artacağını və Akademiyaya ciddi dövlət dəstəyi göstəriləcəyini nəzərdə tuturdu.
Ölkəmizə neft gəlirləri daxil olan dövrə qədər AMEA, onun fədakar alimləri SSRİ dönəmində qazanılan nailiyyətləri, yaradılan elmi məktəbləri tam məhv olmaqdan qorudular, demək olar ki, ibtidai icma dövründəki "közü qoruyanlar" funksiyasını yerinə yetirdilər. Ölkəmizin iqtisadi imkanları artdıqca, Akademiyaya diqqət da artdı, müasir avadanlıqlar alındı, əmək haqlarında müəyyən artımlar oldu. Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR Elm Fondunun yaradılması və onların verdiyi qrantlar aparıcı elmi-tədqiqat kollektivlərinə maliyyə dəstəyini artırdı. Bununla yanaşı, Akademiyada magistratura təhsili təşkil olundu, çoxlu sayda gənc kadr institutlara işə götürüldü. Bütün bunlar son 10 ildə Akademiyanın fəaliyyətini xeyli canlandırdı, onun elmi göstəricilərinin dəfələrlə artmasına gətirib çıxardı. Bundan əlavə, prioritet istiqamətlər üzrə elmi proqramların akademiyadaxili müsabiqələri keçirilməyə başladı, dünyanın aparıcı elmi müəssisələri ilə müştərək laboratoriyalar yaradıldı və maliyyələşdirildi.

Belə laboratoriyalardan biri olan "Spintronika və kvant kompütinqi üçün perspektivli materiallar" laboratoriyası 2016-cı ildə çalışdığım Kataliz və Qeyri-Üzvi Kimya Institutunda yaradıldı. İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək olan bu laboratoriyada mənin elmi rəhbərliyimlə 8 nəfərdən ibarət tədqiqatçılar qrupu, o cümlədən bir neçə istedadlı gənc mütəxəssis çalışır. Biz gələcəyin yüksək texnologiyaları üçün yeni nəsil unikal xassəli funksional materiallar olan topoloji izolyatorların axtarışı və sintezinin elmi əsaslarının yaradılması sahəsində sistemli tədqiqatlar aparırıq. Aldığımız yeni materiallar Avropa Birliyinin, Yaponiyanın və Rusiyanın 20-dən artıq qabaqcıl elmi müəssisəsi ilə sıx kollaborasiya şəraitində tədqiq olunur. Multidissiplinar xarakterli bu tədqiqatların nəticələri "Clarivate Analytics" bazasına daxil olan ən nüfuzlu elmi jurnallarda çap olunur.
Son 5 il ərzində Nature, Elsevier, Springer və s. məşhur nəşriyyatların, eləcə də Amerika Kimya Cəmiyyətinin və Amerika Fizika Cəmiyyətinin aparıcı jurnallarında 70-dən artıq elmi məqaləmiz dərc olunub. Bu dövrdə əsərlərimizə dünya alimləri tərəfindən 3 000-ə yaxın istinad edilib. Elmi nəşrlərimizin zirvəsi isə 2019-cu ilin sonunda məşhur "Nature" jurnalında çap olunmuş məqaləmizdir. Bu, Azərbaycan elmi müəssisələri tərəfindən həmin jurnalda çap olunmuş ilk məqalədir. Həmin əsərdə biz 2010-ci ildə nəzəri olaraq proqnozlaşdırılmış və böyük rəqabət şəraitində bütün dünyada axtarışları aparılan tamamilə yeni tip materialı - ilk antiferromaqnetik topoloji izolyatoru təqdim etmişik. Hazırda biz tədqiqatlarımızı uğurla davam etdiririk. Artıq bu sinif materialların bir sıra yeni nümayəndələrini də almağa nail olmuşuq və onları xarici kollaboratorlarla və AMEA-nın Fizika İnstitutundan və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan həmkarlarımızla birgə tədqiq edirik.
Ümid edirik ki, Akademiya rəhbərliyi AMEA Rəyasət Heyətinin 2019-cu ildə qəbul etdiyi qərara müvafiq olaraq bu sahədə bizim yeni elmi proqramımızı (2020-2022) da maliyyələşdirəcək.
Bu qeydlərimlə mən öz işlərimizi reklam etmək niyyətində deyiləm. Həm bizim institutda, həm də AMEA-nın digər institutlarında müasir səviyyəli elmi tədqiqatlar aparan mütəxəssislərimiz və laboratoriyalarımız çoxdur. Bununla mən, sadəcə olaraq elmlə heç bir əlaqəsi olmayan şəxsləri Akademiyaya qarşı ittihamlarında daha diqqətli olmağa dəvət edirəm.
O da sirr deyil ki, bir sıra elmi işçilər, hətta bütöv laboratoriyalar dövrümüzün tələbləri ilə ayaqlaşmır, aktuallığını itirmiş köhnə mövzular ətrafında işləyir, necə deyərlər, başlarını girləyirlər. Məsələn, apardığımız təhlil göstərir ki, son 5 ildə institutumuzda Clarivate Analytics sisteminə daxil olan jurnallarda çap olunan əsərlər elmi işçilərimizin cəmi 25-30%-ni əhatə edir.
Qeyd edilənlər göstərir ki, hazırda AMEA-da ciddi struktur və kadr islahatlarının aparılmasına ehtiyac vardır. Fikrimcə, ilk növbədə prioritet elmi istiqamətlər və problemlər seçilməli, qüvvələr onun həllinə yönəldilməlidir. Əməkdaşların fəaliyyətini obyektiv qiymətləndirmək üçün kriteriyalar şkalası yaradılmalı, onun əsasında elmi kadrların attestasiyası keçirilməli və ştat vahidləri azı 2 dəfə azaldılmalıdır.
Bu zaman iki məsələ mütləq öz həllini tapmalıdır: əmək təqaüdünə göndərilən elmi işçilərin təqaüdləri onların normal yaşayışını təmin edəcək səviyyədə olmalıdır (bildiyimə görə bu istiqamətdə təkliflər artıq AMEA tərəfindən hökumətə təqdim olunub), AMEA-nın maliyyə təminatı heç olmasa azaldılmamalıdır ki, qənaət olunan vəsait əmək haqlarına və digər problemlərin həllinə yönəldilsin.
Mühüm məsələlərdən biri də, gənclərin Akademiyaya daha fəal cəlb edilməsi və onların əməyinin stimullaşdırılmasıdır. AMEA-da magistr və fəlsəfə doktoru elmi dərəcələri alan gənc mütəxəssislər müxtəlif firmalar və təşkilatlar tərəfindən yüksək maaşlı işlərə dəvət edilirlər və onların bir çoxu Akademiyadan gedir. Gənclərimizin dünyanın aparıcı elmi mərkəzlərində təcrübə keçməsinə də xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu işdə hazırda xaricdə yaşayan Azərbaycan əsilli görkəmli alimlərimiz böyük rol oynaya bilər. Akademiya bu alimlərlə əlaqələri gücləndirməli və bizim gənc tədqiqatçıların onların qrant layihələrinə cəlb olunmasına, həmin elmi müəssisələrdə çalışmasına imkan yaratmalıdır.
Yekunda bir daha qeyd etmək istəyirəm ki, Ulu Öndərin tövsiyəsinə müvafiq olaraq Akademiyamıza milli sərvətimiz kimi baxmalıyıq. Onu ləğv etmək deyil, üzləşdiyi problemlərin həllinə çalışmaq lazımdır.
Elmlər Akademiyası SSRİ-in dövründə yaradılmış özünəməxsus bir elmi qurumdur. Bir sıra keçmiş sovet respublikalarında Elmlər Akademiyaları ləğv edilib, lakin onlar bununla elmin inkişafında ciddi bir uğur qazanmayıblar. Akademiya tipli qurumlar indi də Almaniyada (Maks Plank İnstitutları), Çində, Rusiyada və s. aparıcı elm ölkələrində uğurla fəaliyyət göstərir. İnkişaf etmiş ölkələrdə elmə ayrılan vəsaitlər ölkə büdcəsinin 3-5 %-ni təşkil edir. Bu, onunla əlaqədardır ki, istənilən ölkənin beynəlxalq imici və gələcək inkişafı onun elminin səviyyəsi ilə birbaşa bağlıdır.
Ötən il ölkəmizin şərəfli tarixinə ən şanlı bir səhifə də əlavə olundu. Ali baş Komandanımız Prezident İlham Əliyevin müdrik rəhbərliyi və polad iradəsi, Şanlı Ordumuzun qəhrəmanlığı və Xalqımızın birliyi sayəsində 30 il işğalda qalmış Qarabağımızı azad etdik. İndi ölkəmiz azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinə başlayıb. Respublikamızın regionda və dünya miqyasında önəmi qat-qat artıb. Biz qalib ölkəyik, qalib xalqıq. İnanıram ki, elmimizə, o cümlədən Akademiyamıza münasibətimiz də qalib ölkəyə layiq səviyyədə olacaq.
AMEA müxbir üzvü prof. Məhəmməd Babanlı
Musavat.com






