Deputat Elmira Axundova Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edərək bəzi məsələlərə hökumət üzvlərinin diqqətini çəkməyə çalışdı. Bildirdi ki, biz rayonlarda çoxlu yeni parklar, yeni möhtəşəm mərkəzlər plana salırıq, onları qururuq, istifadəyə veririk.
Lakin əcdadlarımızdan bizə miras qalan tarixi abidələr, qədim qəbiristanlıqlar və qəbir daşları tədricən yox olur: “Hansı rayona getsəm, mənə yerli ziyalılar bu və ya digər qədim abidəni, məsələn Alban kilsəsinin qalıqlarını göstərir və xahiş edirlər ki, mərkəzi strukturlara bunların vəziyyəti haqqında məlumat verim. İnanın ki, həyəcan təbili çalmaq vaxtıdır! Axı belə abidələrin bəzilərinin bərpası bir neçə ildən sonra ümumiyyətlə mümkün olmayacaq. Çünki onlar məhv olacaqlar. Hörmətli Samir müəllim komitə iclaslarında haqlı olaraq bildirmişdir ki, əlavə xərclərdən danışanda gəlir mənbəyini də göstərmək lazımdır. Bu resurslar, əlavə gəlir mənbələri kifayət qədər vardır, bu barədə Hesablama Palatasının rəyində də məlumat əldə eləmək olar. Biz bütün bu abidələri restavrasiya etsək inanın ki, onların ziyarətinə haçansa minlərlə insan Azərbaycana axışacaq, özü də vəsaiti öz cibindən ödəyəcək və bizim büdcəmizə minlərlə dollar vəsait daxil olacaq”.
E.Axundova rusdilli məktəblərdə dərsliklərin keyfiyyətindən də bəhs etdi: “Şəxsən məni dərsliklərin keyfiyyəti heç qane etmir. Məsələn, 5-ci sinif üçün Azərbaycan dili dərsliyi. Bu dərsliklə biz nəinki uşaqlarımıza dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq”. Deputat şagirdlərin dərslərlə yüklənməsinə də etiraz etdi: “Nəyə görə orta ümumtəhsil məktəblərdə şagirdləri həddindən çox ev tapşırıqları ilə yükləyirlər və bəzi hallarda isə heç onların izahını da vermirlər. Yəni müəllimlər bir növ öz üzərilərinə düşən vəzifələri valideynlərin çiyninə atırlar. Bunu isə proqramın gərginliyi ilə izah edirlər. 6 yaşında uşaqlar məktəbdən gələrək, demək olar ki, axşam saat 8-9-a qədər ev tapşırıqları ilə məşğul olur. Axı, onlar hələ uşaqdır. Bu qədər ağır yük altında şagirdlərdə məktəbə qarşı bir növ nifrət oyana bilər. Hesab edirəm ki, heç olmasa 1-ci, 2-ci siniflərdə ev tapşırıqları ya tamamilə olmamalıdır - özəl məktəblərdəki kimi - ya da cüzi olmalıdır. Yoxsa uşaqlarımız nə idmanla, nə incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Və məktəb belə olan halda onlardan sadəcə robot insanlar yetişdirəcək, üstəlik onlar bu qədər oturaq həyat keçirtməklə səhhətlərində ciddi problemlər yaranacaq”.
Deputat bir sosial məsələyə də toxundur: “Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına müəyyən miqdarda əlavələr tətbiq edilir. Lakin həmin şəxslər pensiyaya çıxarkən bu əlavələr onların pensiyasına tətbiq edilmir. Nəzərə alsaq ki, həmin əlavələr elmi dərəcəsi olan bu insanların fəaliyyətinə cənab Prezident tərəfindən verilən qiymətdir və onların pensiya məbləğləri elə də çox deyil, belə olan halda mən təklif edirdim ki, onların pensiya məbləğləri hesablanarkən əməkhaqqlarına edilən əlavələrin tam olmasa da heç olmasa müəyyən bir hissəsi həmin pensiyalarda öz əksini tapsın”.
E.Paşasoy,
Musavat.com






