İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Hüseynovun doğum günü məzarı başında anıldı - REPORTAJ, FOTOLAR

1437 17.07.2016 14:38 Reportaj A A
İyulun 17-də mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günü qeyd edilib.

Musavat.com saytının verdiyi məlumata görə, jurnalistin anım mərasimi üçün yaxınları, dostları, siyasi-ictimai xadimlər, partiya sədrləri və jurnalist həmkarları onun İkinci Fəxri Xiyabandakı məzarı başına toplaşıblar.

Tədbirdə çıxış edən Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, əvvəl-axır Elmar Hüseynovun qatilləri öz cəzalarını alacaqlar: "Biz Azərbaycanda Elmar kimi cəsarətli jurnalistlərin olması ilə fəxr edirik. Əvvəl-axır Elmarın qatilləri qanun qarşısında cavab verəcək və o gündən etibarən 17 iyul Azərbaycan mediası üçün bayram kimi qeyd ediləcək. Bu günlərdə Türkiyədə baş verən hadisələr bir daha azad medianın önəmini ortaya qoydu. Dövr dəyişib, vəziyyət əvvəlki kimi deyil. Dövlət telekanalını tutmaqla medianı ələ almaq olmaz. Artıq onlarla azad media orqanı var. Həmin media qurumları Türkiyədə baş verənləri anbaan xalqa çatdırdı. Ölkə rəhbərliyi də müasir təchizatlardan, sosial şəbəkələrdən istifadə edib, xalqa çağırış etdi. Azad media və müasir kommunikasiyalar bu dərəcədə önəmlidir və mən inanıram ki, bu, təkcə Türkiyə üçün yox, bütün ölkələr üçün dərs olacaq. Medianın, jurnalistlərin toxunulmazlığının nə qədər önəmli olduğunu anlayacaqlar". 


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev: "Elmarın vaxtı ilə dediyi və mübarizə apardığı durum, məncə gələn il Azərbaycanda daha çox reallaşacaq. O, deyirdi ki, həmin o hakimiyyət Azərbaycanı böhrana gətirəcək və elə də oldu. 2005-ci il hadisəsinin səbəbi, onun həmin günlərdə daha şiddətli mübarizə aparması idi. Çünki görürdü ki, proses yaxşılığa doğru getmir. Elmar yüksək intellektə və zəkaya sahib idi. O, bizim bu günlərimizi 10 il öncədən görürdü. Allah ona rəhmət eləsin".  


Müsavat Partiyasının başqanı Arif Hacılı: "Həmin dönəmdə müxalif, müstəqil, azad jurnalistlər çox idi. Amma Elmar Hüseynov onların arasında fərqlənirdi, seçilirdi. Onun qətlə yetirilməsinin də səbəbi məhs, bu oldu. Həmin günlərlə indiki zaman arasında böyük fərq var. Müqayisə etsək, görərik ki, artıq azad, müstəqil media və jurnalistlər çox azdır. Mən fəxr edirəm ki, şəxsən Elmarla yaxından tanış olmuşam. O, sağlığında müstəqil jurnalistikanın simvolu idi. Ölümü ilə əbədi olaraq Azərbaycan müstəqil jurnalistikasının simvoluna çevrildi. Allah ruhunu şad etsin". 


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: "Biz ildə 2 dəfə buraya toplaşırıq. Həm Elmarı yad edirik, həm də bir media hesabatı veririk. Bu illər ərzində ciddi bir dəyişiklik olmayıb. Dəyişən odur ki, Elmarı qətl edən şəbəkə həbs olunub. İndi daha yüksək səslə onun əslində kimlərin öldürdüyü danışılır. Məlum olur ki, Elmarı qətl edənlər həm də onun istintaqını aparıblar. Tam mafiya xarakterli addımdır. Çünki mafiya başçıları düşmənlərini öldürüb, sonra yasına gedib, baş sağlığı verirlər. 


Müstəqil mətbuatı bütün "rıçak"larından məhrum edirlər, yayım şəbəkəsini əllərindən alırlar. Eyni zamanda mətbuata böyük pullar verirlər. Yüzlərlə jurnalist prezidentə fəxri ad üçün müraciət edir. Yeni binalar tikilir. Redaksiyalar fərqli qayğılarla yaşayır - bu il kimlər neçə ev alacaq? Burada təbii ki, söz azadlığından söhbət gedə bilməz. Bizimlə birgə burada iştirak etmək istəyən jurnalistlər var. Bir qismini aldığı, bir qismini alacağı evlə hədələyirlər. Ona görə, onlar aramızda deyillər. 

Türkiyədəki hadisə müstəqil medianın dəyərini göstərdi. Bir zamanlar sosial şəbəkələri qadağan edən Ərdoğan, hadisə günündə xalqa sosial şəbəkələr vasitəsilə müraciət etdi. Çox təəssüf ki, Azərbaycanda olan mövcud hakimiyyət, hələ də müstəqil medianın dəyərini bilmir. Mən əminəm ki, oxşar hadisə Azərbaycanda baş verərsə, hakimiyyətin bəslədiyi media orqanları qaçacaqlar. 


Mən bu gün qətlə yetirilən jurnalistləri xatırlamaq istəyirəm. Alim Kazımov, Novruzəli Məmmədov, Rafiq Tağı və ən son Rasim Əliyev... Nə qədər ağır repressiya olsa da, müstəqil mətbuat hələ də var. Biz söz monopoliyası ilə razılaşmayacağıq. Mübarizə davam edir". 

E.Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. O, “Bakı Bulvarı” qəzetinin və “Monitor” jurnalının baş redaktoru olub. Sərt tənqidi yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005-ci ildə evinə gedərkən yaşadığı binanın blokunda güllələnib. Hadisənin üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq qətlin üstü hələ də açılmayıb. 


Elmar Hüseynovun qətlində hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti isə bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib. 

Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub, 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Elə həmin ildə o, “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə isə “Monitor” jurnalını təsis edib. “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi olub. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb.

2006-cı ilin sonlarında onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR