İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏLİYEVLƏ SƏRKİSYAN TÜRKİYƏDƏ GÖRÜŞƏCƏK

1308 12.11.2008 02:31 Gündəm A A
H.Kılıc bildirdi ki, Qarabağ məsələsi prezident Əliyevin Türkiyəyə səfəri zamanı geniş müzakirə olunub. Azərbaycan prezidentinin ilk səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir: “Səfər yüksək səviyyədə keçib və uğurlu olub. İlham Əliyevlə Abdullah Gül arasındakı danışıqlarda Qarabağ məsələsi də daxil olmaqla, iki ölkə arasındakı münasibətlərin bütün sahələri, o cümlədən iqtisadi əməkdaşlıq, enerji məsələləri, habelə Türkiyə üçün mühüm önəm daşıyan Məsheti türklərinin öz vətənlərinə qaytarılması prosesi müzakirə olunub” .
Türkiyə səfiri xüsusi qeyd etdi ki, Gürcüstandan sürgün olunmuş Məshəti türklərinin öz vətənlərinə qaytarılması ilə bağlı proses onun ölkəsi tərəfindən yaxından izlənilir. Azərbaycanda da 70 mindən çox Məshəti türkü məskunlaşdığına görə bu məsələ iki ölkə arasındakı danışıqlarda gündəmə gəlib. Səfir bildirdi ki, Azərbaycan Məshəti türklərinin öz vətənlərinə qaytarılması məsələsində öz səylərini əsirgəmir, lakin bu prosesdə çətinliklər var və Gürcüstanın AŞ PA-nın qətnaməsi ilə öz üzərinə götürdüyü öhdəliklərə əsasən sürgün edilənlərin qaytarılması prosesi hələ bu ilin yanvarında başa çatmalıydı. “Mən Azərbaycan mətbuatının bu problemə daha çox diqqət ayırmasını xahiş edirəm”.
H.Kılıcın sözlərinə görə, İ.Əliyevin səfəri ilə eyni vaxtda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ da ilk xarici səfərini Azərbaycana edib. Bu fakt iki ölkə arasındakı münasibətlərin önəmini bir daha ortaya qoyur. Səfir Azərbaycan prezidentinin Türkiyə parlamentindəki çıxışını da xüsusi qeyd etdi və bildirdi ki, bu çıxış ayaqüstə alqışlanıb. Azərbaycanın dövlət başçısını dinləmək üçün ölkə rəhbərliyi tam tərkibdə parlamentdə olub, habelə siyasi partya liderləri çıxışı dinləyib. Xatırladaq ki, İ.Əliyevin səfərindən sonra Türkiyədə hökumətə bağlı “Zaman”  qəzeti xəbər  yaymışdı ki, prezident Abdullah Gül Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünü təklif edib. Bu təklif İ.Əliyev tərəfindən dəstəklənib, Türkiyə tərəfi Ermənistanın da bu görüşə razılığını almaq üçün təmaslar quracaq. Lakin elə həmin gün Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmisi Gülün belə təklif vermədiyini bildirmişdi. Ancaq indi səfir təsdiq etdi ki, belə təklif həqiqətən var, üstəlik, rəsmi Ankara Azərbaycan, Ermənistan və Türkiyə prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün üçtərəfli görüşün mümkün qədər tez bir vaxtda baş tutmasına çalışır: “Gözləməyə vaxt yoxdur, biz çalışacağıq ki, bu görüş ilin sonuna kimi baş tutsun. Türkiyə münaqişənin tezliklə və Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışır. Hesab edirik ki, bu münaqişənin həlli regiona sülh və stabillik gətirəcək, münaqişə həll edilsə, Ermənistan da regionun ümumi inkişafından faydalana biləcək. Gürcüstan hadisələri göstərdi ki, regiondakı dondurulmuş münaqişələri mümkün qədər tez həll etmək lazımdır” .
Səfirin fikrincə, Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi səylər Rusiyanın vasitəçiliyi ilə ziddiyyət təşkil etmir. H.Kılıcın sözlərinə görə, bu münaqişənin ədalətli həllinə kim kömək etsə, Türkiyə onu dəstəkləyəcək: “Rusiya ilə bizim aramızda münaqişənin nizamlanmasına yönələn səylər məsələsində fikir ayrılıqları yoxdur. Kim bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla həllini təmin etsə, Türkiyə onun yanında olacaq”. Kılıc Türkiyənin Ermənistan və Azərbaycan prezidentləri arasında Rusiyanın vasitəçiliyi ilə Moskvada aparılmış danışıqları və orada imzalanan bəyannaməni dəstəklədiyini də bildirdi.
Diplomat məlumat verdi ki, Türkiyə prezidenti Abdullah Gül noyabrın 14-də enerji sammitində iştirak etmək üçün Bakıya gələcək. Bu səfər zamanı enerji məsələlərinə dair müzakirələr olacaq. Onun bildirdiyinə görə, Türkiyə ilə Azərbaycan arasında “Nabukko”  layihəsi ilə bağlı danışıqlar gedir və fikir ayrılıqları yoxdur. Kılıc dedi ki, bu layihənin reallaşması üçün Avropa Birliyinin daha çox səy göstərməsinə ehtiyac var: “Avropa Birliyi Türkmənistanla da işləməlidir, çünki layihənin baş tutması üçün türkmən qazına da ehtiyac var”. Türkiyə səfiri onu da bildirdi ki, türkdilli ölkələrin dövlət başçılarının Bakıda keçirilməsi nəzərdə tutulan sammiti ilə bağlı işlər davam edir. Sammitin gələn ilin birinci yarısında baş tutacağı gözlənilir, lakin türkdilli ölkələr arasında bu sammitə qatılmaq istəməyənlər də var. Diplomat hesab edir ki, fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq və sammit baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR