"Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına isə təkrar əlillik təyinatı aparılıb".
Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilir:
"Bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".
Afaq Mirayiq,
Musavat.com






