Əli Kərimlinin müşavirinin həbsi narazı tərəfləri üz-üzə qoydu
AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim barəsində oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsi iki aylıq həbs qətimkan tədbiri seçib. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçən prosesdə müşavir xuliqanlıq maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, M.İbrahim Razi Nurullayevin tərəfdarlarından olan Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Sentyabrın 29-da Nərimanov Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edən M.Quliyev müşavir tərəfindən döyüldüyünü bildirib.
Hadisə də həmin gün axşam saatlarında baş verib. Tərəflər arasındakı əlbəyaxa davadan sonra Quliyev polisə şikayət edib. M.İbrahim polis idarəsinə dəvət olunsa da, izahatı alındıqdan sonra sərbəst buraxılmışdı. Lakin, hadisədən bir gün sonra yenidən idarəyə dəvət olunan müşavir barəsində bu dəfə xuliqanlıq maddəsi ilə cinayət işi başlanılmış, 48 saat saxlanılma qərarı çıxarılmışdı.
AXCP üzvləri sosial şəbəkələrdə hadisəni “işverən”lik kimi qələmə verirlər. Müşavirin həbsindən sonra, onsuz da əvvəllər gərgin olan münasibətlər daha da kəskinləşib. Hər iki narazı tərəf bir-birilərinin ünvanına ən ağır ittihamlar, təhqirlər səsləndirirlər. Məsələ o yerə çatıb ki, artıq cəbhəçilər bir-birilərinin ailələrinə “dil uzatmaq”dan belə çəkinmirlər...
Zərərçəkən Mikayıl Quliyev məhkəmənin qərarını ədalətli sayır: “Məhkəmənin qərarı, düşünürəm ki, doğrudur. İstintaqın gedişi də bunu göstərəcək. Yəqin ki, proses davam edəcək. Qərarımda qətiyəm. Məhkəmədə iştirak etmədim. Qərardan sonra ünvanıma təhqiretmə halları daha da artıb. Məmməd İbrahim bu cinayəti törədib. Kişi kimi boynuna almalıdır. Aidiyyəti orqanlar bu işlə ciddi maraqlanırlar. Heç bir narahatçılığım yoxdur. Bundan sonra da ciddi maraqlanacaqlarına inanıram. Yalandan deyir ki, məni şərləyib tutublar. Mən onu heç yerə çağırmamışam. İfadəsində bildirib ki, guya mən onu döymüşəm. Əgər onu döymək istəsəydim, işdən çıxanda döyərdim, heç kəs də görməzdi. O, 23 yaşında oğurluq üstündə həbs olunan adamdır. Elə bilir ki, hamı ona qəhrəman kimi baxacaq. Onun arxivi ortaya çıxanda, görək kim ona qəhrəman kimi baxacaq. Əminəm ki, o, təxribata gəlmişdi. İstəyirdi ki, onu mən döyüm. Yanımızda olan cəbhəçilərin onu dəstəkləməsini Məmməd İbrahim istəyirdi. Amma onlar kişilik etdilər. İfadələrində hər şeyi olduğu kimi danışdılar. Məmməd İbrahim özünü həbs etdirdi. Planı baş tutmadı. Məndən şikayət edib, tutdurmaq istəyirdi. Düzgünlüyün nəticəsində, o, həbs olundu. Kameranın göstərilməsini tələb edirəm. Hər şey sübut olunacaq”.
M.Quliyev baş verən hadisədən Razi Nurullayevin xəbərsiz olduğunu söylədi: “20 gündən çoxdur ki, mən Razi bəyi görməmişəm, telefon danışığım belə olmayıb. Tapşırıq almaq isə, ola bilməz. Liderimiz olsa da, onu çox görmürəm. Bizə belə tapşırıq verilsəydi, onlar kimi saxta profillər yaradıb, var-yox söyüşü yağdırardıq. Deyirlər ki, guya təşkilatımızın Nərimanov şöbəsinin sədri Şirvani Qasımov məni öyrədib. Əksinə, döyülən zaman ona zəng etdim ki, polisə gedirəm. Mənə dedi ki, lazım deyil. İkinci dəfə olduğundan artıq dözə bilmədim. Əvvəllər yevlaxlı olduğuna görə hörmət edirdim. Yerli olduğumuza görə hər sözünü udmalı deyiləm ki. Məmməd İbrahim elə zənn edirdi ki, mən də onun ətrafındakılar kimiyəm. Köynəyimi cırmısan, xəsarət yetirmisən, get cəzanı çək”.
Cavanşir ABBASLI






