Əli Kərimlinin müşavirinə qarşı yeni ittiham aranı qatdı
AXCP sədrinin həbsdəki müşaviri Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb. Qərar ona hazırda saxlanıldığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasında elan olunub. Partiya funksioneri Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, M.İbrahim sentyabrın 30-da digər AXCP üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs edilmişdi. Partiya daxilində aylan öncədən başlamış narazılıqlarla əlaqədar onlar arasında insident yaşanmış, M.Quliyev müşavirin onu döyməsi ilə bağlı polisə şikayət etmişdi. Nəticədə Nərimanov Rayon Məhkəməsi Əli Kərimlinin müşaviri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçmişdi. M.İbrahimin işi təkcə yeni irəli sürülmüş ittihamla ağırlaşmayıb, eyni zamanda daha iki nəfər ondan şikayətçi olub. Bu şəxslər dava baş verən zaman orada olan, tərəfləri ayıran Oruc Vəliyev və Məhəmməd Qurbanovdur. Onlar iddia edirlər ki, davam baş verən zaman M.İbrahim onlara da fiziki zorakılıq tətbiq edib, ictimai qaydanı pozub.
AXCP sədrinin müşavirinin vəkili Yalçın İmanov mətbuata açıqlamasında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs iki əlavə şikayətçini tanımır. Müşavir təcridxanada yazdığı protokolda da bu şəxsləri tanımadığını qeyd edib.
Bütün bunlar sosial şəbəkələrdə yeni narazılıq dalğasının başlanmasına səbəb olub. AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadları arasında söz savaşı başlayıb. Tərəflər bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər. Xüsusilə Ə.Kərimli qanadı bu prosesdə daha fəal görünür. Onlar M.İbrahimin məhz əks düşərgənin xüsusi planı əsasında həbs edildiyini iddia edirlər. Müşavirdən şikayətçi olan şəxslərin də yeni AXCP tərəfindən təşkil olunduğunu bildirirlər. Hər keçən gün təhqir, tənqid dolu iddiaların, ittihamların sayı artmaqdadır.
M.İbrahimdən şikayətçi olan Mikayıl Quliyev müşavirə qarşı irəli sürülmüş yeni ittihamın doğru olduğunu, şikayətini geri götürməyəcəyini bildirdi: “Qanun çərçivəsində nə tələb olunursa, onu da edirlər. İstintaqın gedişindən razıyam. Sona qədər getməkdə israrlıyam. Ölmək var, dönmək yoxdur. Məndən başqa şikayətçi olan Oruc Vəliyev və Məhəmməd Qurbanovu tanıyıram. Hadisə olan vaxt onların ikisi də orada idilər. Məmməd İbrahim onları da vurdu. Yalandan danışmaq onların peşəsidir. Yalandan deyirlər ki, o şəxsləri tanımırıq. Özlərini təmizə çıxarmaq istəyirlər. Məmməd İbrahim şəxsən onları tanıyır, sadəcə, boynundan atır. Əli Kərimli tərəfdarları İbrahimi müdafiə etmək üçün əllərindən gələni edirlər. İstintaqın nəticələrini gözləyirəm”.
M.Quliyev əks tərəfin onunla barışmaq istədiyini də qeyd etdi: “Yanıma iki nəfər göndərmişdilər. Barışmaq istəyirdilər. Amma razı olmadım. Məmməd İbrahimlə eyni rayondanam. Onu tanıyanlar məni də tanıyırlar. Ərizəmi geri götürmək üçün xahiş edirlər. Amma sona qədər şikayətimdən geri çəkilməyəcəm”.
Sonda onu da qeyd edək ki, Əli Kərimlinin müşaviri indiyə qədər Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilirdi. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. M.İbrahimə qarşı yeni sürülən CM-in 221.2.2-ci maddəsində isə iki ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cavanşir ABBASLI






