İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli ağladı: ona kömək edək... - Aynur Camalın yazısı

13722 21.10.2019 11:25 Gündəm A A

Oktyabrın 19-da Bakıda, “28 May” metrostansiyası ərazisində qanunsuz aksiyaya cəhdi və bu zaman baş verənləri sosial şəbəkələrdə yayılan videolardan rahat izləmək mümkündür.

Nə baş verdi və hansı nəticələr çıxarmaq olar?

Birincisi: Elçibəydən sonra bəlkə də ilk mənzərə idi ki, müxalif partiya sədri olduğunu bildirən şəxs aksiyaya bu cür qatılırdı. Son illərdə dəfələrlə baş verən qanunsuz, sanksiyalaşdırılmamış aksiyalarda biz müxalif partiya sədrini müşahidə etməmişik. Niyə?

Məsələ ondadır ki, Elçibəy zamanında aksiyaların mahiyyəti də o idi, 1988-89 hərəkatından başlayan dalğa onu tələb edirdi və həmin dövrün adamlarının təsəvvür və təfəkküründə etiraz (sovet imperiyasına qarşı mübarizə forması kimi) yalnız bu cür idi. Elçibəy bu formanın ən parlaq məzmunu sayılırdı.

O proses Elçibəylə bir yerdə tamamlandı. Bunu başa düşmək o qədərmi çətindir? O dövrün sovet imperiyası ilə vuruşan nəslinin artıq sıradan çıxdığı aydın deyilmi?

Adamlar tamamilə yenilənməli, dövrün tələblərinə uyğunlaşmalıdır – sözünə, ifadəsinə qədər... Məsələn, hələ də 30 il öncəki “Azadlıq, A-zad-lıq” şüarı ilə necə meydana çıxmaq olar? İnsan təfəkkür baxımından bu qədərmi geridə qalmalıdır ki, 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda meydanda səslənən şüarı hələ də təkrarlasın?! Yeni dövrün öz şüarları yoxdurmu?

Bu ölkə 28 ildir müstəqildir, azaddır. Sən, “millət yolunda özünü fəda edən” şəxs, “Azadlıq” niyə qışqırırsan ki? Yəni bu illər doğrudanmı sənin dünyagörüşündə heç bir dəyişikliyə səbəb olmayıb?

İkincisi: Lider keyfiyyəti üçün müasir tələbləri qavramaq, yeni ideyalar, hətta yeni mübarizə formaları irəli sürmək tələb olunur.

Əli Kərimlidə bu necə “təcəlla” etdi? “Məxməri inqilab” dalğası başlayan kimi boynuna narıncı şərf bağladı, 26 noyabr 2005-ci ildə “narıncı inqilab” üçün oturaq aksiya qərarı verdi və başına bircə dəyənək dəyən kimi həyəcanla maşınına qaçdı.

İnsan ancaq forma qəbul edir, yalnız rəng dəyişir. Bu rəngin də, formanın da mahiyyətindən çox uzaqdır. Hətta inanıram ki, “rəngli inqilablar” ifadəsindəki “rəng” sözünün mahiyyətini anlamaq imkanına da sahib deyil, heç bəlkə də o haqda düşünməyib.

Eyni prosesi 2011-ci ildə “ərəb baharı” zamanı da müşahidə etdik.

Hörmətli həmkarlarımdan biri Əli Kərimlinin sosial şəbəkələrin imkanlarını daha tez anladığını bildirərək, onun bu virtual məkanda hamıdan erkən təşkilatlandığını bildirmişdi.

Tamamilə doğrudur. Ancaq məsələ odur ki, bu da Əli Kərimlinin ideya və strategiyası deyil, onu da bir forma kimi qəbul etmişdi və təsadüfi deyil ki, o seqmentin də başına daş saldı: troll şəbəkəsi, yalançı niklər, virtual aləmdə onlarla niklə yaradılan “gurultulu proses...”

Türkiyədə yaradılan eventləri incələyin: bir xeyriyyə aksiyası, yaxud konsert, yaxud etiraz və sairlə bağlı yaradılan qrupa kim üzv olursa, bu, o deməkdir ki, sözügedən tədbirdə real olaraq o qədər şəxs iştirak edəcək – nə bir nəfər az, nə bir nəfər çox.

Əli Kərimlinin virtual inqilabını 10 min dəstəkləyir, realda bundan qat-qat az adamı müşahidə edirik. Çünki “dəstəkçilər” hər biri 50 nikdən girən eyni adamlardır...

Üçüncüsü: İnanın, Əli Kərimli indi, birdən-birə, aradan illər keçəndən sonra sanksiyalaşdırılmamış aksiyaya çıxmaq qərarını da öz daxili istəyi, ideyası ilə verməyib.

O, bu “ideyanı” da Rusiyanın tanınmış blogeri Navalnıdan köçürüb. Yəni bu da “kopi pəst”dir: evinin mühasirəyə alınması, jurnalistlərin dəvət edilməsi, jurnalistlərin müşayiəti ilə evindən çıxıb qanunsuz aksiyaya qoşulması barədə danışdıqları...

Eynilə Navalnının Moskvada, Sankt-Peterburqda sosial şəbəkə üzərindən təşkil etdiyi aksiyalar, Navalnının evdən çıxma “ssenarisi”nin təqlididir.

Şübhə edirsinizsə, bu günlərdə davam edən məşhur aksiyalarla müqayisə edin, məsələn, Fransadakı “Sarı jiletlilər”lə.

“Sarı jiletlilər”in önündə, tutaq ki, Le Peni, yaxud Sarkozini görə bilərsinizmi? Kimsə bu aksiyalarda müxalif liderləri müşahidə edirmi? Ümumiyyətlə, müasir, sivil, yüksək iqtisadi potensiallı (söhbət əldəqayırma Ermənistandan getmir), ordusu və polisi ayaqda olan bir Avropa ölkəsində hansısa partiya qanunsuz aksiya keçirərmi? Bir müxalif lider ölkədə qeyri-stabilliyə rəvac verən prosesə qoşularmı?

Dünyanın nizamı dəyişib, müxalif siyasi qurumların mübarizə forması və məzmunu tamamilə başqadır. Yalnız...

Bəli, yalnız bloger fəaliyyətindən başqa. Navalnı blogerdir və onun bütün beynəlxalq hesabatlarda “müxalif bloger” adlanması təsadüfü deyil. Heç Navalnı özü də blogerliyindən imtina etmir. Ofisi yox, təşkilatlanmış strukturları yox – hökumətin hansısa üzvündən və yaxud xarici kəşfiyyatdan əldə etdiyi “mühüm məlumatları” ictimailəşdirir, bunlara qarşı virtual məkanlarda kampaniya təşkil edir və sanksiyalaşdırılmamış aksiyalara çıxır.

Əli Kərimli də məhz Navalnını kopyalamağa cəhd etdi. Çünki onun da ofisi yoxdur, onun da təşkilatlanmış strukturları yoxdur və yaxud dağılıbdır.

Əli Kərimli Elçibəyin miras qoyduğu kifayət qədər nüfuzlu və sosial elektoratlı partiyanı şəxsi bacarıqsızlığı sayəsində param-parça etdi və yaxud qoruya bilmədi. Bir partiya neçə yerə parçalanarmış?

Son olaraq isə qərargahını qoruya bilmədi.

Əlbəttə, qərargahını Əmlak Komitəsi əlində aldı. Amma adama sual verərlər: 1994-cü ildən yerləşdiyiniz partiya qərargahını 12 il ərzində niyə özəlləşdirməmişdiniz?

Ən son 1999-cu ildə sizə binanın özəlləşdirilməsi üçün təklif göndəriləndə niyə dəyərləndirməmişdiniz? Niyə sənədsiz-sübutsuz o binada sonsuzadək oturacağınızı zənn edirdiniz? Axı, o qərargaha da əvvəlki sənədləşməmiş binadan köçürülmüşdünüz. Siz bir bataqlıqdan neçə dəfə keçməlisiniz ki, ağlınız başınıza gəlsin?

Və yaxud, 2006-cı ildən bəri – 13 ildir niyə qərargahın yoxdur? Oğlunun illik təhsilinə və Avropada kef etməsinə ildə onminlərlə avro xərcləyə bilirsən, ancaq 3 otaqlı bir ofis ala bilmirsən?

Dördüncüsü: Əli Kərimli özünü çox yaxşı tanıyır, bilir ki, ən yaxşı halda blogerdən “kopyalaya” bilər. Ancaq özünü Navalnı kimi də apara bilmədi!

Navalnı daha geniş arealda, eyni vaxtda bir neçə şəhərdə daha izdihamlı – sayı bir neçə onminə çatan – qanunsuz aksiya keçirməyə nail olur bəzən. Əli Kərimli isə Bakının göbəyində belə o izdihamı yaşada bilmədi.

Navalnı da icazəsiz aksiyaya çıxdığı üçün “itqusdu” polis bölməsinə aparılır, hətta vaxtaşırı olaraq, inzibati həbslər də yatır. Ancaq bircə dəfə də olsun, “özümü bu millətə fəda edirəm” poetikasına getmir, “ay öldüm” deyib zarımır.

Çünki adamın xarakteri odur: icazəsiz aksiyaya çıxmaq, blogerlik, sözünü o cür demək Navalnının özünüifadəsidir.

Əli Kərimli isə aksiyaya çıxan kimi həyəcanlandı, özünü itirdi, çaşdı, dondu... Çünki bu, onun özünüifadəsi deyildi. Ümumiyyətlə, özünüifadə üçün öncə “öz” olmalıdır.

Əli Kərimlidə isə “öz”ündən heç nə yoxdur, hamısı “özgə”nindir.

Beşincisi: Blogerlik nədir, siyasi partiya liderindən blogerliyin fərqi nədədir?

Bloger siyasi baxımdan təşkilatlanmır, hakimiyyəti ən sərt şəkildə tənqid etsə də, proqram və layihə təqdim etmir, hakimiyyətə gələcəyi halda hansı proqramlarla çıxış edəcəyini də demir.

Çünki ona lazım deyil.

Əli Kərimlinin proqramları varmı? Hanı sosial, siyasi, iqtisadi, hərbi layihələri? Hanı müxtəlif sahələri əhatə edən konseptual yanaşmalarının əks olunduğu böyük və çoxşaxəli proqramları?

Sosial proqramını hansı peşəkar komanda işləyib?

Hərbi konsepsiyasını istefada olan hansı zabitlər hazırlayıb?

İqtisadi konsepsiyasında iştirak edən nüfuzlu mütəxəssislər kimlərdir?

Sosial sorğularını hansı komanda ilə aparır?

Ordu güclənməlidir, işsizlik aradan qalxmalıdır, korrupsiya ilə mübarizə genişlənməlidir, sosial rifah qalxmalıdır?

Bütün bunların hamısını daha sərt deyən də, icrası üçün böyük layihələr ortaya qoyan da var – bu, Prezident İlham Əliyevdir. Ölkənin iqtisadi hədəflərini dəqiqliyi ilə hesablayıb, böyük layihələr həyata keçirir, sosial layihələrə birbaşa nəzarət edir, bildiyimiz-bilmədiyimiz ən müasir hərbi texnikalarla ordunu gücləndirir – yeri gəlmişkən, gələn ilin dövlət büdcəsində orduya ayrılan vəsait də 400 milyon manat artırıldı.

Azərbaycanın xarici siyasəti göz önündə: Rusiya ilə, Türkiyə ilə, Orta Asiya ilə, Avropa ilə...

Sən bunlardan hansını və necə istəyirsən? Yenə də Pekinə türk bayrağı sancacağınızı açıqlayacaqsınız? Yoxsa “İran mütləq dağılacaq” deyəcəksiniz?

Konsepsiyaların, proqramın yoxdursa, sənin tənqidin bloger-yutuber tənqidindən o tərəfə keçmir.

Blogerlər isə hakimiyyətə iddialı deyillər. Blogerlərin içində yeganə Navalnı hərdən-birdən hakimiyyətə iddia edir. Avropa institutlarının keçirdiyi sorğuya görə, onun da reytinqi 1,5 faizin altında olur həmişə.

Çünki xalq da Navalnının mahiyyətcə kim olduğunu bilir – tənqidçi, mübariz bloger. Vəssalam. Navalnı bundan o tərəfə deyil!

Əli Kərimli isə özünü o səviyyəyə düşürüb ki, indi blogerliyə qalxmaq uğrunda mübarizə aparır.

Amma yutuberlik daha xeyirlidir – ondan daha təmiz, şəffaf pul da qazanmaq olur, daha kimlərinsə sifarişini yerinə yetirməyə ehtiyac qalmır.

Bütün bunlarla bərabər, qanunsuz aksiya zamanı Əli Kərimlinin davranışı bir insan olaraq məni narahat etdi.

Heç bir təzyiq olmadığı halda, qoluna girən iki şəxsin əhatəsində ikən qıcanması, gözlərinin hədəqədən çıxması, tormozlanması, yanındakının onu cidd-cəhdlə irəli itələməsi, sonradan efirdə gözlərinin dolması, ağlamsınması onun səhhətində ciddi fəsadların olduğunu düşünməyə əsas verir.

Uzunmüddətli uğursuzluq, komandasının dağılması, yeni ideyaların olmaması, yeniliyə uyğunlaşmamaq ona mənəvi-psixoloji zərbələr vurub, depressiyaya düşüb.

Tam olaraq əminəm ki, o, xəstə olduğunu rahat şəkildə ifadə edərsə, onun müalicəsini dövlətimiz öz üzərinə götürə bilər. Hətta əminəm ki, Heydər Əliyev Fondu onun xarici ruhi-psixiatrik dispanserlərdə belə müalicəsinə dəstək verə bilər.

Necə də olmasa, Azərbaycan vətəndaşıdır, Azərbaycan hakimiyyəti isə hər bir Azərbaycan vətəndaşının sağlığı, sosial rifahı, cəmiyyətdə özünə yer tutması üçün çalışır.

Reabilitasiyadan sonra bəlkə də Əli Kərimlidən yaxşı bir vəkil də çıxar - əlbəttə, Vəkillər Kollegiyasının imtahanından keçərsə.

Blogerlik də edə bilər.

Niyə də olmasın? İnsan nə vaxta qədər virtualda qalıb, öz xəyallarında cəngavərlik etməli, reallıqdan təcrid olunmalı, həyatını bu cür gərginlikdə başa vurmalıdır ki!

Əgər özündə o qədər ciddi problem varsa və psixoloji halını qiymətləndirə bilmirsə, yaxınları müraciət edə bilər...

Aynur Camal

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR