Əli İnsanovun qardaşının yasında iştirakı ilə bağlı müraciətinə cavab verilib
Toğrul Babayev: “Bu, Əli İnsanovun işidir...”
Xəbər verildiyi kimi, hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanov oktyabrın 26-da vəfat edib. Qardaşının yas mərasimində iştirak etmək üçün sabiq səhiyyə nazirinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət olunmuşdu.
Həbsxana rəhbərliyi Ə.İnsanovun qardaşının yas mərasimində iştirakına icazə verməyib. Bu barədə musavat.com-a sabiq nazirin vəkili Toğrul Babayev məlumat verdi: “Əli İnsanov qardaşının yas mərasiminə buraxılmayacaq. Bizə bildirdilər ki, onun saxlanıldığı rejim buna imkan vermir. Penitensiar Xidmətdən belə məlumat verdilər. Biz hüquqlarımızdan istifadə edərək, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etdik. Onlar da belə bir qərar qəbul etdilər. Bu, Əli İnsanovun işidir. Başqa heç nə demək mümkün deyil. Bu xəbərdən sonra onun özü ilə görüşməmişəm. Sadəcə, məlumatı mənə verdilər”.
Xatırladaq ki, sabiq nazir İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Cavanşir ABBASLI






