İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli İnsanovun əfv ərizəsi yazıb-yazmamasına aydınlıq gətirildi

2681 23.05.2014 16:58 Gündəm A A
“Mən demişəm ki, monitorinq qrupu olaraq məktubla prezidentə müraciət etmişik. Həmin məktubda 29 nəfərin əfv olunmasını istəmişik. Onların arasında Əli İnsanovun da adı olub”.
Bu sözləri “Yeni Müsavat”a İnsan Haqları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, şəxsin əvəzinə digər şəxslər, təşkilatlar əfv üçün müraciət edə bilərlər: “Məndən jurnalistlər soruşub ki, Əli İnsanov əfv olunması üçün müraciət edibmi? Cavab vermişəm ki, Əli İnsanovun müraciəti olmasa da, digər təşkilat onun əfv olunması üçün müraciət edə bilər. Ona qalsa, Tofiq Yaqublu da, İlqar Məmmədov da əfv üçün ərizə yazmayıb. Monitorinq qrupunda 5 cəmiyyət təmsil olunur və həmin cəmiyyətlərin adından prezidentə məktub yaz 29 insanın əfvini istəmişik, İnsanov da həmin şəxslərdən biridir.    

Mətbuatda N.Cəfəroğlunun “keçmiş səhiyyə naziri Əli İnsanovun adından əfv ərizəsini biz yazmışıq” dediyi qeyd olunmuşdu. 
Hüquq müdafiəçisi sabiq nazirin Azərbaycandan deportasiya olunan Ələkrəm Hümbətovun taleyini yaşayacağı haqda iddiadan da danışıb. N.Cəfəroğlu deyib ki, Ə.İnsanov özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Ə.Hümbətov kimi satqın deyil: “Əli İnsanov Ələkrəm deyil. Ələkrəm satqındır, Azərbaycanı sevməyən bir zatdır. Ələkrəm gedib Yerevanda oturub erməni bayrağını öpüb, Artsax deyən biridir. Onunla Əli İnsanovu, Azərbaycan sevən bir insanı bir etmək düzgün deyil”.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. 2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəza müddətinin bitməsinə 1 il 1 ayı qalıb.

E.MƏMMƏDƏLİYEV 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR