Əli Əkbərin yazısı - Milli natamamlıq - Obyektbazlıq
Beş-altı il əvvəl, bir yazıçı kolleqamla rayona gedirdik. Şofer söhbətlərimizə qulaq asır, arada öz dəyərli replikaları ilə dünyagörüşümüzü zənginləşdirirdi. Söhbətin məcrası siyasətə doğru sürüşəndə, şofer yerində qurdalandı. Olduqca narahat olmuşdu. Elə bilərdin oturacaqda zavodskoy quşbaşı var. Yəni o quşbaşı həmişə ordadır, onu ordan qopartmaq olmur. Siyasi məsələlərin müzakirəsi əsnasında, o quşbaşı orada tərpənir.
Şofer axırda dözmədi və qışqırdı ki, “Monopoliya gözəl şeydir! Tutaq ki, ölkəyə bir nəfər yox, hər istəyən adam banan gətirir. Biri də gətirər zəhərli bananı, uşağım yeyib ölər. İndi belədir ki, bir nəfər gətirir, mən də arxayın alıram. Noolsun bahalıdır, zato zəhərli deyil”.
O danışırdı, mənim isə gözümün qabağında, zəhərli bananları çuvala doldurub ölkəyə keçirdən; bığaltı, pis-pis gülən; qızıldış, təxribatçı-alverçi canlanırdı. Qəfil hardansa, xalqın sağlamlığını düşünən, xoşməramlı monopolist rezki peyda olurdu və dubinkasını təxribatçı-alverçinin başına endirib, onu qarpız kimi yarır, sonra da bananları pis niyyətli alverçiyə daxil edirdi. Axırda da havada göy rəngli, holoqramlı yazı çıxırdı: “Monopoliya! Sizə keyfiyyətli bananlar vəd edir!”
Yaltaq və bədbəxt şoferi qınamağa tələsməyək. Adam bəlkə də reallıqla o qədər barışıb ki, monopolistlərlə empatiya qurub, yumşalıb. Hətta dərinə getsəydik, məlum olardı ki, monopolistlər onun dostudur. Xeyir-şərlərinə gedir, onlarla nərd atır. Taksini də elə belə, mırta sürür.
Milyonlar, milyardlar yatırıb “dünya şöhrətli” tədbirlərə ev sahibliyi edin. İstədiyiniz qədər festival, konfrans, forum, müsabiqə, olimpiada keçirin. Ölkənin adını futbolçuların qarnına yazdırın, göydələnlər inşa edin, trend və brend memarlara binalar tikdirin, lap ağzınızla quş tutun – xeyri yoxdur. Sənin ölkəndə banana bir adam, xiyara başqa biri, duza o birisi, kafelə dördüncüsü baxırsa - sən çox gülməlisən. Hər şeyinlə, hər addımınla, hər qanununla, büdcənlə, davanla, sevincinlə, bayramınla, kədərinlə, milli məfkurənlə, müharibənlə, təbii sərvətlərinlə, milli qeyrətlərinlə – hər şeyinlə gülməlisən.
Sən hansı avropalıya desən ki, mənim ölkəmdə bananı bir nəfər gətirir, normal və tərbiyəli adam əvvəl heç monopoliya haqda düşünməz. Ağlına dərhal fetişizm gələr. Necə yəni bananı bir nəfər gətirir? Deməli, ortada bir fetiş problemi var.
Bu soxa-soxda, bir politoloq da açıqlama verib ki: “Vətənpərvər olmayan adam vətən xainidir”.
Yaxşı görək. Biz sizin vətənpərvərliyinizi, vətən deyəndə nəyi nəzərdə tutduğunuzu, əsl qarın ağrınızı bilirik. “Vətənpərvər” olmadığını deyən adam xaindir? İndi guya siz, özünü vətənpərvər hesab etməyən birini görsəniz, ekzistensial krizis keçirəcəksiniz, hə? Kimsə çıxıb “mən vətənimi sevmirəm” desə qara-qara düşünəcək, bunu özünüzə dərd edəcək, “axı mənim vətəndaşım niyə vətənini sevmir?” sualını ürəyinizə qubar edəcəksiniz? Siz “vətənpərvər” deyəndə, biz bilirik nə demək istəyirsiniz. Oyun qaydalarını qəbul edənlər və rədd edənlər var. Birincilər vətənpərvər, ikincilər isə xaindir.
Vətən sizin obyektinizdir. Daha doğrusu, bu vətən yalnız sizin obyektinizdir. Ağlı başında hər bir adam, əlbəttə ki, öz obyektini sevər. Bəs hansı ağıllı adam, özünə aid olmayan obyekti sevə, təəssübünü çəkə, uğrunda ölməyə hazır ola bilər? Manyak-zaddır, sənin obyektinə görə getsin ölsün?
Obyekt demişkən. Bir xalq düşünün ki, onun aşağıdan yuxarıya - hər bir nümayəndəsinin fikrində-zikrində bir “idee-fixe”i var - obyekt açıb işlətmək. Bu nədir bilmirəm - xəstəlik, genetik nasazlıq, kütləvi psixoz. Önəmli deyil, əsas odur ki, azərbaycanlılar obyekt istəyir. Çox istəyirlər obyekti. Onlar istəyirlər obyektləri olsun. Hamı obyekt istəyir. Obyekt azərbaycanlıların fetişidir. Bizim millət obyektlə cinsi əlaqəyə girir.
Azərbaycan insanının sabaha, gələcəyə ümidi necə və hardan ola bilər? Bu hökumətin belə bir ümidi, əminliyi, arxayınlığı yoxdursa, bu arxayınlığı vətəndaşından necə gözləyə bilər? Nədir bu? Hansı binaya, mağazaya, restorana, emalatxanaya, zavoda, fabrikə, tarlaya yaxınlaşırsan “bura filankəsin obyektidir” deyirlər adama.
Filankəsin obyekti!
Yəni ali məqsəd təhsil almaq, təcrübə toplamaq, hansısa önəmli sahəyə cavabdeh olmaq, nazir vəzifəsinə yüksəlmək, yüksək ranqlı məmur olmaq və xidmət etmək, maaşla kifayətlənmək deyil. Azərbaycanlı hansı vəzifəyə gəlirsə gəlsin, hansı maaşı alırsa alsın, özünə ən ölüsü balaca bir çayxana açıb, ora beş dənə plastik stol qoymasa, ürəyi partlayar. Gecə yata bilməz. Sətəlcəm olar. Niyə? Çünki obyekt tək narkotik yox, həm də qarantiyadır. Tutaq ki, sabah postunu itirsən, şadlıq evindən gəlirin gələcək.
Bunlara biri başa salsın ki, hər şey o postu necə itirməyindən asılıdır. Onu itirmək də müxtəlif cür olur. Pis itirsən, obyektlərin də gedəcək, məlumdur hara. Onda bu nə obyektbazlıqdır? Son illərin təcrübəsi də göstərir ki, şəxsi mülkə və obyektə, heç bir halda toxunulmazlıq zəmanəti verilmir. Hökumətdəkilər də tərbiyəli, abırlı adamlardır, “şəxsi mülkiyyətin toxunulmazlığı yoxdur” ibarəsini götürüb anayasaya necə salsınlar?
Bunlar da gözəl yurdumuzun spesifikasını bilə-bilə, obyekt sevdasından vaz keçmirlər. Obyektlər bizdə ətalətlə açılır. Bu obyektləri açdıran qüvvə, “bu gündən sabaha güman yoxdur” paranoyasıdır.
“Kimi zad edək qabağa düşək?”
Elmizin, xalqımızın əzəli və əbədi sualı. Yox, siz sualdakı atraktivliyə, fleksibilliyə fikir verin. Azərbyacanlı üçün həyat, kompüter oyunu kimi bir şeydir. Həyatı “level”lərdən ibarət bir oyun kimi təsəvvür edirlər. Azərbaycanlı əvvəl “zad edəcəyi” kimisə tapır, “zad edir” və bir addım hoooppp! - qabağa düşür. Super Mario oyunu yadınızdadır? Özü də Super Marionun qalın bığı, üstəlik iri qarnı da var idi. Atdana-atdana levelləri keçirdi. Mənim üçün Super Mario azərbaycanlıdır.
“Bu gün kimi zad edək, qabağa düşək” fəlsəfəsi ilə oturub-duran, yatıb-qalxan, yaşayan və ölən azərbaycanlı.






