Elgiz Əkbər qalmaqallı vəsiyyətnamə açıqlamasından imtina etdi
Dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasını bütünlükdə əsgərlərə bağışlaması xəbəri ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Müğənninin bu cür vəsiyyəti barədə tanınmış aparıcı Elgiz Əkbər mətbuata açıqlamasında bildirib.
Publika.az saytına danışan aparıcının sözlərinə görə, təxminən 2 ay əvvəl müğənni özünə yaxın bildiyi kəsləri evinə dəvət edib, vəsiyyətini onlara deyib. Həmin gün onun evində qulluqçusu, oğlu Orxan, oğlunun dostu Vüqar, adının açıqlanmasını istəməyən bir teleaparıcı da olub. E.Əkbər deyib: “Zarafatla soruşdum ki, var-dövlətinizi kimə miras qoyursunuz? Cavab verdi ki, bütün mirasımın əsgərlərə xərclənməsini istəyirəm. Vəsiyyət mənim vicdanımdadır. Vəsiyyət elə bir şeydir ki, onu gizlədə bilmərəm. Vəsiyyəti gizlətmək günah hesab olunur. İlhamə xanım vəsiyyətini edəndə hamı da otaqda idi”.
Aparıcının bu açıqlaması mətbuatda İlhamə Quliyevanın ölümü qədər böyük rezonansa səbəb oldu. Müğənninin niyə oğluna, varislərinə miras vəsiyyət etmək istəməməsi suallar doğurdu. Lakin oğlunun da bu barədə açıqlaması gecikmədi. Xalq artistinin oğlu Orxan Nadirov media qarşısında qalmaqallı miras açıqlaması bağlı yayılan məlumatın əsassız olduğunu bildirdi. O.Nadirov anasının öz mirasını əsgərlərə bağışlaması ilə bağlı deyilənləri ilk dəfə eşitdiyini, anasının belə bir şey demədiyini söylədi: “Yəqin bu, Elgizin öz fantaziyasıdır”.
Müğənninin vəkili Elmira Məmmədova da miras barədə deyilənləri təkzib edib: “Mənimlə dəfələrlə söhbətində deyib ki, nəyim varsa, oğlumun və nəvəmindir”.
Maraqlıdır, ictimaiyyətdə kifayət qədər tanınan tele-aparıcı Elgiz Əkbər gözlənilmədən niyə belə bir yalan desin?
Aparıcı bu barədə “Yeni Müsavat”a açıqlama verib:
“Daha bu haqda danışmaq istəmirəm. Əgər vəkili də deyirsə ki, İlhamə xanımın belə bir vəsiyyəti yoxdur, qoy elə də olsun”.
Bəs görəsən müğənnin adı çəkilən vəsiyyətnaməsi təsdiqlənərsə onun mirasının tamamı yalnız əsgərlərə çatmalıdırmı? Oğulluğu, varisləri mirasdan məcburi pay almaq hüquqları varmı?
“Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib:
“Əgər belə bir vəsiyyətnamə olsa belə miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericilikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər (ləyaqətsiz vərəsə kimi). Mülki Məcəllədə də göstərilib ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir".
Xalidə Gəray






