İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Sabiroğlu və onun YAP-ı nokdaun edən oğlu – keçmişdən şok xatırlatmalar

8465 21.12.2015 00:37 Yazarlar A A

İndi onun haqqında daha çox keçmiş zamanda danışırlar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş deputatı. Elə mən də Eldar Sabiroğlunun  keçmişində qalmış bəzi məqamlara diqqət çəkəcəm...

15-16 il əvvəlin söhbətidir. Onda müxalifət indikindən ən azı yüz dəfə güclü idi. Bakıda tez-tez kütləvi mitinqlər keçirilirdi. Polislə müxalifətçilər arasında əlbəyaxa döyüşlər olurdu. Onda YAP-ın qərargahı “Sahil” bağının digər tərəfində idi. Həmin bağda mühasirəyə alınmış müxalifətçiləri polislər xüsusi qəddarlıqla döyürdülər. Həmin vaxtı YAP-ın bir çox funksionerləri, o cümlədən Eldar Sabiroğlu polisin müxalifətçilərə necə divan tutmasını YAP-ın Mərkəzi Qərargahının qarşısından izləyirdi. Bütün bu proseslər medianın gözü qarşısında baş verirdi. Xarici ölkə səfirləri də belə mitinqləri yaxından müşahidə edirdilər. Mitinqdən reportaj hazırlayanlar arasında idim. O vaxt jurnalistlər xüsusi gödəkcə geyirdilər ki, polis onları müxalifətçilərlə səhv salmasın. İnsafən toxunmurdular da. 

Gördüklərim səbrimi daşırdı.  Dözmədim. Özümü YAP-ın qərargahının qarşısına çatdırdım. Bir topa YAP funksionerinin qabağında  bağırırdım. Tələb edirdim ki, müxalifətçilərə divan tutan polisləri YAP-çılar durdursun. Deyirdim ki, bu vəhşilikdir, demokratiyaya ziddir... 

Bu gün o vaxt etdiyim hərəkətlərim özümə də gülməli görünür. Ancaq onda biz demokratiyaya inanırdıq. İnanırdıq ki, demokratik vasitələrlə Azərbaycanı yaxşıya doğru dəyişmək olar...

 Hə, YAP üzvlərini demokratiya naminə fədakarlığa səsləyirdim. Birdən Eldar Sabiroğlu mənə yaxınlaşdı. Dedi ki, bəy, sən harada görürsən ki, polislər müxalifətçilərə divan tutur? Çevrilib geri boylandım. 10-15 metr o yanda 3-4 polis vurub yerə sərdikləri müxalifətçini sürüyürdü. Dedim ki, baxın, görmürsüzmü? Eldar Sabiroğlu çiynini çəkdi. “Görmürəm”, dedi. Sonra eyni təəccüblə Mübariz Qurbanlıya üz tutdu. Soruşdu ki, Mübariz müəllim, siz polislərin müxalifətçiləri döydüyünü görürsüz? Mübariz Qurbanlı da son dərəcə ciddi şəkildə etiraz etdi: ”Heç vaxt Azərbaycanda polis müxalifətçiləri döyməyib. Bunlar hamısı müxalifət yazarlarının uydurmasıdır”. Bir də geriyə boylandım. Polislər boğazladıqları müxalifətçiləri döyə-döyə maşınlara doldururdular...

Bir müddət sonra isə o, gözlənilmədən ölkəni idarə edən kəslərin qəzəbinə gəldi. Etiraf edim ki, mən heç indi də bu qəfil dəyişmənin nədənini bilmirəm...

Təbii ki, oyundan kənar vəziyyətə salınmış YAP funksioneri ilə müsahibə maraqlı ola bilərdi. Mən adətən belələri ilə müsahibələrə can atırdım. Eldar Sabiroğlu ilə müsahibə mövzusunda dəfələrlə söhbət etdik. Danışmağa meylli olsa da, sanki nəsə onun qarşısını kəsirdi. Günlərin birində məni evinə dəvət etdi. Düşündüm ki, axır ondan müsahibə götürə biləcəm. Fikrimdən o qədər suallar keçdi ki...

Doqquzmərtəbəli binada yaşayırdı. Məni avtobus dayanacağında oğlu qarşıladı. Binanın yuxarı mərtəbəsinə çıxdıq. Deyim ki, o vaxt məmurlar, hətta çox yüksək vəzifəliləri belə indiki halları ilə müqayisə olunmaz dərəcədə sadə yaşayırdılar. Hələ ölkəyə neftdən gələn böyük pul kütləsi daxil olmamışdı...

Artıq süfrə açılmışdı. Stolun üstünə düzülmüş yemək çeşidlərinin sayı və sanbalına xeyli heyrətləndim... Düşündüm ki, yəqin yeməkdən sonra müsahibə verəcək. Ancaq elə olmadı. Eldar Sabiroğlu mənə çox şeydən danışdı, hətta Heydər Əliyevlə aralarında olan bir sıra nüanslara da toxundu. Rəhbər  haqqında məhəbbətlə danışırdı. Dediklərindən belə anlaşılırdı ki, kim isə onu prezidentin gözündən salıb. Ancaq o, həqiqətin zəfər çalacağına inanır. Ona görə də müsahibə olmayacaq. Sadəcə oradan-burdan söhbət edəcəyik. Açıq şəkildə dedi ki, mənə daxil olan siqnallara görə yenidən vəzifəyə getmək şansım var. “Yeni Müsavat”a müsahibə vermək təhlükəlidir. İşləri korlaya bilərik...

Bu qonaqlıq 2003-cü ilin prezident seçkiləri ərəfəsində həyata keçdi. Həmin vaxt ölkə qaynayırdı. İsa Qəmbərin prezident seçilmək şansı yüksək dəyərləndirilirdi. Ən azı müxalifət düşərgəsində aşırı optimizm mövcud idi...

Prezident seçkilərindən az sonra mən Azərbaycanı tərk etdim… Bir də xəbər tutdum ki, Eldar Sabiroğlu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olundu...
Eldar Sabiroğlunun prokurorluq orqanlarında müstəntiq işləyən oğlu Rüfət Səfərov vəzifəsindən istefa verib müxalifətə keçdiyini bəyan edəndə, nədənsə bu məqamları xatırladım. Bəlkə də məni avtobus dayanacağında qarşılayıb, evlərinə aparan Rüfət idi. Onun sifətini heç cür gözlərimin önündə canlandıra bilmədim. Onu da xatırladım ki, Eldar Sabiroğlu uşaqlarının təhsilinin səviyyəsindən çox razılıq edirdi. Onların gələcəyinə inamla baxırdı.
Dünyanın işinə baxın. Bir vaxtlar beş addımlığında döyülən müxalifətçiləri “görməyən” Eldar Sabiroğlunun oğlu YAP-ı nokdauna salan bəyanata imza atır və müxalifətə keçdiyini bəyan edir. 

Azərbaycanı məntiqlə başa düşmək getdikcə çətinləşir. İnsanlar spontan qərarlarla özlərini belə mat vəziyyətinə qoyurlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR