Məlum olduğu kimi, Kooperasiya Universitetinin rektoru Eldar Zülfüqarovun köməkçisi R. Məmmədov ötən il 25 min dollar rüşvət almaq səbəbi ilə həbs olunmuşdu: “ O, Kooperasiya Universitetinə Mahaçqaladan qanunsuz tələbə köçürülməsinə görə tələbədən 25 min dollar aldığı rüşvətlə həbs olunmuşdu. Ancaq külli miqdarda pulun qarşılığında azadlığa buraxılıb. Amma Mahaçqaladan Kooperasiya Universitetinə ”perevod" almaq istəyən tələbənin kimliyi bu günədək məlum deyildi".
Redaksiyamıza daxil olan dəqiq məlumata görə, bu tələbə “Azərittifaq”ın sədri Eldar Quliyevin hüquq məsələləri üzrə müşaviri Bolubəy Məlikovun yaxın qohumu olub, arada vasitəçiliyi də Bolubəy müəllim edirmiş: “ Dindirmələr zamanı bu məsələni qabartmayıblar. Bir qurumdakı sədrin hüquq məsələləri üzrə müşaviri belə qanunsuzluqlarla məşğul olursa, görün orada vəziyyət nə yerdədir”.
Mənbə son vaxtlar mətbuatda geniş müzakirə olunan qərarın, yəni Kooperasiya Universitetinin və Kooperasiya Kollecinin 51 faiz payının Eldar Quliyevə verilməsi ilə bağlı sənədin müəllifinin də Bolubəy Məlikov olduğunu bildirib: “Qərarın altında onun imzası var. Qərarın altında eyni zamanda ”Azərittifaq" İdarə Heyətinin digər üzvləri - universitetin rektoru Eldar Zülfüqarovun (kollektiv qərara etiraz edir, rektorun isə imzası var...?), Bəyalı Ataşovun və başqalarının imzaları var. Görəsən, sabah məsələ məhkəməyə çıxsa bu şəxslər öz imzalarına sahib çıxacaqmı?"
Qeyd edək ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində rektor köməkçisi R.Məmmədov yaxalanmışdı. Bundan sonra MTN və Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilirdi ki, Azərbaycan vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, oğlunun Azərbaycan Kooperasiya Universitetinin birbaşa 2-ci kursuna qəbul olunması üçün həmin təhsil müəssisənin rektorunun köməkçisi Rövşən Məmmədovun ondan 21 min manat rüşvət istədiyini bildirib və sonuncunun ifşası üçün kömək etməyə hazır olduğunu göstərib.
Müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Rövşən Məmmədov ərizəçidən 21 min manat pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Sonuncunun xidməti avtomobilinə keçirilən baxış zamanı üzərində müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılmış 57 min 500 manat pul vəsaiti aşkar olunub. Həmin fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və Rövşən Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Aldığımız başqa bir xəbərə görə, dünən “Azərittifaq” İdarə Heyətinin iclası olub. 5 saat davam edən toplantı çox gərgin keçib. Əsasən isə “Azərittifaq” İdarə Heyətinin Kooperasiya Universitetinin və Kooperasiya Koollecinin özəlləşdirilməsi və özəlləşdirmə payının 51 faizinin Eldar Quliyevə verilməsi ilə bağlı qərar müzakirə olunub. E.Quliyev Kooperasiya Universitetinin rektoru, “Azərittifaq” İdarə Heyətinin üzvü Eldar Zülfüqarovun könüllü işdən çıxması ilə bağlı ərizəsini almağa çalışıb. Təzyiqlərlə üzləşən Eldar Zülfüqarov könüllü deyil, istefaya göndərilmək yolu ilə işdən çıxacağını və məsələni ölkə rəhbərliyi qarşısında qaldıracağını bildirib. İdarə Heyətində xarici işlər naziri Elmar Məmmədyarovun çox yaxın qohumu Cəlil Tarıverdiyevin də məsələsi müzakirə olunub. Məlumata görə, C.Tarıverdiyev Kooperasiya Universitetinin biabırçı şəkildə özəlləşdirilməsinə etiraz edib.
Mənbə onu da bildirib ki, “Azərittifaq”la bağlı bu günədək mətbuatın əldə etdiyi məlumatlar aysberqin görünən tərəfidir. Daha şok məlumatları isə vaxtilə “Azərittifaq”da yüksək vəzifələrdə çalışmış şəxslər açıqlayacaq. Vəd olunan məlumatlar arasında E.Quliyevin Ziya Bünyadov 32 ünvanında nə işlə məşğul olduğu, fəlsəfə doktoru adını hansı yolla alması, “Azərittifaq” İdarə Heyətinin bu günlərdə keçirilən iclaslarının stenoqramlarının olacağı bildirilir.
Mövzunu davam etdirəcəyik və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






