Eldar Namazov qurultaya hazırlıq üzrə EL hərəkatının Təşkilat Komitəsinin sədri seçilib
İdarə Heyətinin toplantısında EL hərəkatının sədri Eldar Namazov son dövrdə görülən işlər haqda məruzə ilə çıxış edib, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib.
Daha sonra İdarə Heyətinin gündəliyi təsdiq edilib. Gündəlikdə əsas məsələ kimi hərəkatın qurultayına hazırlıq və cari məsələlər geniş müzakirə edilib. Qurultaya hazırlıq işləri ilə bağlı İdarə Heyətinin üzvləri çıxış edib. Sonda Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib və Eldar Namazov yekdilliklə Təşkilat Komitəsinə sədr seçilib. İdarə Heyəti 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayı keçirilməsi haqda qərar və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə bu işləri başa çatdırmaq üçün səlahiyyət verib.
Cari məsələlərin müzakirəsi bölümündə bir sıra məsələlər diqqətə alınıb və müvafiq qərarlar verilib.
İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi haqda silsilə tədbirlər planını müzakirə edərək təsdiqləyib.
Həmçinin İsmayıllı hadisələrinin ildönümü ilə bağlı məmur özbaşınalığına etiraz edən dinc əhaliyə qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyib, bu hadisələrlə bağlı əsassız həbs edilən siyasi məhbusların azad edilməsi haqda çağırış edib.
İdarə Heyəti sabiq səhiyyə naziri Əli İnsanov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq həbsdə saxlanılmasını, eləcədə yenicə başlayan məhkəmə prosesinin kobud qanun pozuntuları ilə müşahidə edilməsini qətiyyətlə pisləyib.
EL hərəkatının Mətbuat xidməti






