İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Mahmudovun baş istintaqçısının məhkəməsi qapalı keçirilir – Etiraz

671 18.01.2022 15:58 Ölkə A A

 

Yanvarın 18-də həbsdə olan general, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Müttəhimlər kürsüsündə o tək deyil.

Vaxtilə MTN-də tabeliyində çalışan şöbə rəisi Vüsal Ələkbərov, şöbə rəisinin müavini Sahib Ələkbərov və idarənin rəis müavini Yasin Məmmədovla birlikdə mühakimə olunur. Amma adıçəkilən 3 nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, generaldan fərqli olaraq həbsdə deyil. Barələrində həbs qəti imkan tədbiri seçilməyib. Zərərçəkənlərin bir çoxu həmin 3 nəfərin də həbsini tələb edib. Onlar bu barədə məhkəmə prosesində dəfələrlə vəsatətlər qaldırıblar. Hakim əsas göstərmədən vəsatətləri təmin etməyib.

Jurnalistlər məhkəməyə buraxılmır, vəsatətlər təmin olunmur

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, MTN-çilərin işinə baxan hakim Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə zalına buraxılmamasına göstəriş verib. Mühakimə olunan MTN-çilərin işində zərərçəkmiş qismində 32 nəfər tanınıb. 4 zərərçəkən MTN-də üzləşdikləri qanunsuzluqlardan sonra dünyasını dəyişib. Onlardan Cahangir Məmmədov intihar etməklə həyatına son qoyub. Onun və digər 3 zərərçəkənin yaxınları hüquqi varisləri kimi tanınıblar. Hazırda məhkəmədə zərərçəkənlərin dindirilməsi mərhələsidir. Bu günə qədər 4 zərərçəkən sərbəst ifadə verib, onlara qarşı MTN-də cinayət əməllərindən danışıblar. 

Vəkillər deyir ki, hakim Elbəy Allahverdiyev ötən ilin oktyabrında başlanan və bu günə qədər davam etmiş məhkəmə proseslərində verilmiş vəsatətləri heç bir əsaslandırma aparmadan təmin etmir. Zərərçəkənlər vaxtilə MTN-də onlardan hədə-qorxu ilə külli miqdarda pul alındığını iddia edərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddialar da qaldırıblar.

Hakim zərərçəkənləri pul ödəməyə məcbur edir

Məhkəmədə bu məsələ ilə bağlı da fikir ayrılığı yaranıb. Hakim deyib ki, mülki iddiaların qaldırılması üçün rüsum ödənilməlidir. Zərərçəkənlərdən Nizami Kazımovun nümayəndəsi vəkil Elçin Sadıqov isə etiraz edib. Vəkilin sözlərinə görə, bu, mülki qaydada məhkəmə prosesinin başlanmasına səbəb olan adi iddia deyil. Qanun da bunu fərqləndirir və cinayət nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə qaldırılan mülki iddia üçün rüsum ödənişi nəzərdə tutulmayıb.

“Ziyan mənə dəysin, pulum getsin, canım getsin, indi də yenidən pul ödəyim... Özümü təhqir olunmuş hiss eləyirəm. Mənim iddiam cinayət nəticəsində mənə vurulmuş ziyanla bağlıdır. Mütəşəkkil cinayətkar quldur dəstə məni girov götürüb, balalarımı gözüyaşlı qoyub, məndən zorla pul alıb, haqqımı yeyiblər. Buna görə gedib rüsum ödəməyi özümə sığışdırmıram”, – zərərçəkənlərdən prokurorluq işçisi olmuş Zaur Əliyev bildirib.

3 uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə...

“Mənim xidmətimin milyonda biri bunlarda olmayıb. Nəhayət, İlham Əliyevin dəmir yumruğu bunların başına dəydi. Mən bunların ucbatından evsiz-eşiksizəm. Bunların bizim ailənin başına gətirdiklərinə görə yoldaşımın yataq xəstəsi oldu. 3 uşağımın evi banklarda batdı, qalmışıq kirayələrdə...”. Bunu isə “Kapital bank”ın “Tərəqqi” filialının müdiri olmuş Hüseyn Səfərov deyib.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər bərəsində cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Ali Məhkəmə 12 illik cəzasını 5 ilə endirən MTN-çi yenidən müttəhimdir

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Mövlam Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Mövlam Şıxəliyev və Yasin Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlu bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı. Müsadirəyə çıxarılmış əmlakı isə zərərçəkənlərdən geri alınıb özünə qaytarıldı.

Qanunsuz dinləmə, qanunsuz azadlıqdan məhrum etmə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən alma 

Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilib, bu qurumun 20-dən çox yüksək çinli əməkdaşı həbs cəzaları alıblar. Sabiq MTN-çilərə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, 3 nəfərə isə şərti cəza verilib. Generallardan Mövlam Şıxəliyevdən savayı hazırda ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 6 nəfərdir. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə aylarla MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. 2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.


Elşən MƏMMƏDƏLİYEV,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR