İnsanlara hürriyət, millətlərə istiqlal!

“ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

15581 15.03.2012 09:23 Müsahibə A A

18 ildən sonra mətbuata çıxmaq qərarına gəlməsində və bunun üçün də “Yeni Müsavat”ın redaksiyasını seçməsində əsas məqsədinin istiqlalçı deputatların sayının 43 nəfər yox, 36 nəfər olduğunu ictimaiyyətə çatdırmaq olduğunu bildirdi. 18 il öncə ölkənin əsas postlarından birində təmsil olunmuş Vaqif Novruzovdan geniş müsahibə almaq fürsətini əldən vermədik. Öncə geniş müsahibəyə razılaşmaq istəməsə də, biz hər fürsətdə ard-arda suallarımızı ona ünvanladıq. Nəticədə geniş və olduqca maraqlı müsahibə alındı.
Müsahibənin ikinci hissəsini təqdim edirik.

(Əvvəli ötən sayımızda)

- Peşəkar polis polkovniki idiniz. AXC hakimiyyətə gələndə sizə ümumiyyətlə heç bir iş təklif edilmədi?

- Xeyr, təklif edilmədi. 15 ay işsiz qaldım. Daxili İşlər Nazirliyinin İdarə rəisi olan polkovnik Vaqif Novruzov gəlib Mərdəkanda evdə oturdu. Peşəkarlığı olmayan, heç vaxt kiçik bir kollektivə belə rəhbərlik etməyən adamlar isə nazir təyin olundular. Nəticəsi də bəllidir.

- Özünüz hakimiyyətə işləmək üçün müraciət etmədiniz?

- Xeyr. Heç kimə də müraciət eləmədim. Niyə müraciət eləməliydim? Onlar ciddi strukturlarda peşəkar kadrların olmasında maraqlı olmalıydılar və peşəkarları dəvət etməliydilər. Məndən müraciət gözləyirdilər. Mən raportumu yazıb şəxsi işimi burdan götürüb Moskvaya gedə bilərdim. Çünki Moskvada rayonların birinə polis rəisi vəzifəsi təklif olunmuşdu. Əgər mənim həyat yoldaşım, övladlarım razılaşsaydılar mən həmin təklifi qəbul edəcəkdim. Çünki Azərbaycanda mənə iş təklif edilməmişdi. Qızım Moskvaya getməyə razılıq vermədi. Dedi ki, biz orada yaşaya bilmərik. Onu da deyim ki, mənim həyat yoldaşımın yarısı rusdur. Şamaxı malakanlarındandır.

- Eşitdiyimizə görə, AXC hakimiyyətdən getməzdən bir-iki ay öncə hansısa vəzifəyə təyin olunmusunuz.

- Aprelin əvvəli idi. Daxili işlər naziri İsgəndər Həmidov məni dəvət etdi, görüşdük. Dedi ki, Vaqif müəllim, mən nazir vəzifəsindən gedirəm, istəyirəm ki, nazir müavini gələsiniz. Dedim ki, mən indiki vəziyyətdə nazir müavini işləyə bilmərəm. Çünki kimlə işləyəcəyəm? Dedim, burda nazir postuna layiq bir adam göstər ki, o nazir olsun, mən də ona müavin. Bu məsələdə razılaşmadığımı gördü və məni respublika “OBXSS”nin rəisi təyin etdi. 7 gün idi işləyirdim. O dövrdə Eldar Həsənov daxili işlər nazirinin müavini idi. Mənimlə oturdu söhbət elədi. Onu da deyim ki, Eldar Həsənov həmişə özünü mənim tələbəm hesab edirdi. Oturduq söhbət etdik. Dedi ki, Vaqif, nazir deyir ki, “OBXSS” əvvəl necə işləyirdisə, indi də elə işləməlidir...

- Nazir İsgəndər Həmidov?

- Yox. İsgəndər işdən çıxmışdı artıq və Abdulla Allahverdiyev yenicə təyin olunmuşdu. Mən “OBXSS”ə rəis təyin olunandan 3 gün sonra Abdullanı nazir gətirdilər. 4 gün sonra da Eldar mənə nazirin həmin sifarişini çatdırdı. Dedim, Eldar müəllim, mənim təmiz soyadım var. Mən kimlərinsə pul qazanması üçün öz soyadıma qara ləkə düşməsinə razı ola bilmərəm. Soruşdu ki, bəs necə edək? Dedim, mənim yerimə kimi istəyirsiniz təyin edin. Təmiz işləyə biləcəyim idarə boşdursa orda işləyərəm. Özü də dedim ki, yenicə müstəqillik əldə etmişik, xalqa, dövlətə gücüm çatan qədər köməkliyimi vermək məqsədilə hansısa vəzifəyə getmək istəyirəm. Məqsədim pul qazanmaq deyil. Eldar Həsənovla bu şəkildə söhbətimiz oldu və son olaraq dedim ki, sabahdan işə çıxmayacağam, mənim yerimə kimi istəyirsiniz təyin edin. Sabahısı işə getmədim. Mənə zəng elədilər ki, gəl işinin başına. Dedim, sağ olun, siz dediyiniz şəkildə işləyə bilmərəm. Onların istəyi belə idi ki, mənim işçilərim səhərdən axşama qədər rayonlardan pul yığmalı idilər, onlar da bölüşdürməliydilər. Qazanan onlar olacaqdı, adıma, rəhbərlik etdiyim İdarəyə ləkə gələn isə mən olmalı idim. Mən isə nə pul qazanmaq hərisiyəm, nə də adıma ləkə gəlməsinə razılıq verən adamam. Pul hərisi olsaydım mənim də şəhərdə mənzilim, oğlumun evi, əlavə imkanlarım olardı. Mənim oğlum evlənib, evi olmadığı üçün qayınanasının evində yaşayır. Nazir olanda da Mərdəkandakı evimdə yaşamışam, şəhərdə evim olmayıb, bu gün də orada yaşayıram.
Yeri gəlmişkən, bir faktı da bildirmək istəyirəm. Mən daxili işlər naziri olanda rəhmətlik prezident Heydər Əliyev Rafael Allahverdiyevin və Lalə Şövkətin yanında mənə dedi ki, Vaqif, niyə bağ evində qalırsan? Dedim, şəhərdə evim yoxdur. Rafaelə dedi ki, Vaqifə şəhərdə 4 otaqlı mənzil ayır. Rafael Allahverdiyev məni apardı Xalq Cəbhəsi hakimiyyəti dövründə baş prokuror işləmiş İxtiyar Şirinovun mənzilini göstərdi və dedi ki, bu mənzili sənə verə bilərəm. Mənzil Bakı Baş Polis İdarəsinin yanındakı dövlət və hökumət rəsmilərinin yaşadığı məşhur binada idi. İxtiyarın və digər bir sıra keçmiş məmurların orderli mənzillərini o dövrdə əllərindən alırdılar. Mənzilin İxtiyar Şirinovun olduğunu bilən kimi qayıtdım Rafaelə dedim ki, utanmırsan belə bir iş edirsən?Dedim, Rafael, mən Bəxtiyar Vahabzadə deyiləm, Vaqif Hüseynovun (sabiq DTK sədri. E.S) mənzilinin mebelini küçəyə töküb özüm girəm içəri? Dedim, ayıbdır sizə, sənə göstəriş verilibsə, mənə ev ver. Sözümü deyib çıxdım. Rafael də arxamca çıxdı. Bir-iki gün keçmişdi prezident Vəfa Quluzadəyə mənzil verdi. Əvvəl ona verilmiş 4 otaqlı mənzil boşaldı. Rafael Allahverdiyev o evin orderini yazıb mənə gətirdi. Bu zaman Vəfa Quluzadə mənə zəng edib dedi ki, prezidentlə danışmışam, köhnə evimi oğluma saxlamaq istəyirəm, prezident də razılıq verib. Dedim, razılıq veribsə mən sənin evinə niyə girməliyəm? Mənə haradan istəyirlər, ev versinlər. Qaytardım orderi verdim Rafaelə. Götürmək istəmirdi. Deyirdi ki, axı mən prezidentə Sizə ev verdiyim barədə məruzə eləmişəm. Dedim, indi get məruzə elə ki götürmədi. Səbəbini də de. Bir müddət sonra Heydər Əliyev məndən mənzil məsələsinin necə olduğunu soruşdu. Vəziyyəti olduğu kimi danışdım. Vəfa Quluzadənin ondan xahiş etdiyini təsdiqlədi. Beləliklə, məsələ açıq qaldı, mənzil məsələsi həll olunmadı.

- Azərbaycanın ən kritik zamanlarında daxili işlər naziri oldunuz. Necə oldu ki, Heydər Əliyev ən çətin dövrdə ölkənin daxili işlər naziri kimi mühüm postu sizə həvalə etdi və cəmi 10 ay sonra vəzifədən kənarlaşdırdı? Mərhum prezidentlə əvvəldən də əlaqələriniz, tanışlığınız var idimi?

- Heydər Əliyevlə hələ o Mərkəzi Komitənin birinci katibi olduğu dövrdən tanışlığımız var idi. O dövrdə Cəfər Vəliyev iki gün idi daxili işlər naziri təyin olunmuşdu. Heydər Əliyev də ona 10 gün vaxt vermişdi ki, Əzizbəyov rayonunun yeni həbs olunmuş rəisinin yerinə təmiz adam təyin edilməlidir. O vaxt kollegiyadan keçmişdim və respublika “OBXSS”nin rəisi təyin olunmalı idim. Milis rəisləri Kommunist Partiyasının Bürosunun qərarı ilə təsdiq olunurdu. Məni çağırıb dedilər ki, təsdiq üçün Sizi Büroya veririk, lakin “OBXSS”ə yox, Əzizbəyov rayonuna rəis olacaqsınız. O dövrdə nazirlikdə korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi idim. Əzizbəyova rəis getməyə razılıq vermədim dedim ki, indi aldığım maaş rayon polisinin rəisi vəzifəsindən 50 manat artıqdır. Cəfər Vəliyev xahiş etdi ki, heç olmasa bir az işlə, səndən başqası yoxdur, kimin şəxsi işini qaldırıq bir problem ortaya çıxır. Razılıq verdim və üç il Əzizbəyov rayonunda rəisi işlədim. Üç ildən sonra Nərimanov rayonunda hadisə oldu və rayonun milis rəisi, rəis müavini, prokuroru barəsində cinayət işi qaldırdılar, rayonun katibini vəzifədən azad etdilər. Nərimanov rayonuna da şəxsi işində qüsur olmayan rəis lazım oldu. Cəfər Vəliyev yenə məni çağırdı və dedi ki, burda da məni “vruçat” elə. Məni Nərimanova rəis təyin etmək üçün Kommunist Partiyasının Büro iclası idi. Məni təqdim edəndə ayağa qalxdım. Heydər Əliyev dedi ki, mən Vaqifi tanıyıram və rəis təsdiqlənməsinə razıyam. Eyni zamanda dedi ki, icazə verirəm, çətin duruma düşsən mənə müraciət edə bilərsən. Raykomun, “qorkom”un xəbəri olmadan məni Nərimanov rayonuna rəis təyin elədilər. Bunda Heydər Əliyevin rolu olmuşdu. “Qorkom”un birinci katibi Əli Kərimov narazılıq edirdi ki, niyə onun xəbəri və icazəsi olmadan rayona polis rəisi təyin olunub. Lakin vəziyyətdən xəbərdar olandan sonra sakitləşdilər. 10 il həmin rayonda rəis işlədim. Sonra isə DİN-in 6-cı idarəsinə rəis təyin olundum. Ondan sonrasını isə artıq danışdım, bilirsiniz. 1993-cü ilin iyunun 4-də Gəncə hadisələri baş verəndən sonra Heydər Əliyevi AXC hakimiyyətə dəvət elədi. Hava limanından iqamətgaha gələnə qədər Nərimaonv rayon milis idarəsinin, Mühafizə İdarəsinin əməkdaşları Heydər Əliyevin yol boyu təhlükəsizliyini qorudular. Onu da deyim ki, həmin vaxt mən yenicə Mühafizə İdarəsinin rəisi işləyirdim. Rövşən Cavadov da Heydər Əliyevin təhlükəsizliyini təmin edirdi. Bakı Kəndlər Birliyi Heydər Əliyevə qarşı idi. Biz yol boyu onların problem yaratmaması üçün addımlar atdıq və onları neytrallaşdırdıq. Nə isə. Qısa müddət sonra bilirsiniz ki, Heydər Əliyev Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini icra etməyə başladı. Surət Hüseynovun baş nazir olması qərarını vermişdilər. Ancaq hələ Salyan kazarmasında otururdu. Heydər Əliyev parlamentdə məni otağına çağırdı. Dedi ki, Surətlə danışmışam, get, o səni qəbul edəcək, onunla söhbət edib qayıt yanıma. Mənə heç demədi ki, nə ilə bağlı söhbət olacaq. Heydər Əliyev məni hansı vəzifəyə təyin edəcəyini deməmişdi. Getdim Surətlə görüşdüm. Dedi ki, mən də bilmirəm səni konkret hansı vəzifəyə təyin etmək istəyir, ancaq dəqiq bilirəm ki, vəzifəyə təyin edəcək səni. Surət bildirdi ki, Heydər Əliyev ağsaqqalımızdır, hansı qərarı verəcəksə, qəbulumuzdur...

- Amma o dövrlərdə belə rəylər var idi ki, sizin nazir təyin olunmağınızda Surət Hüseynovun rolu olub. Təqdimat Surət Hüseynovdan gəlib. Belə olmayıb?

(Davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR