
Elçibəyin köməkçisindən Nemət Pənahlıya: “Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?”
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında dediyi təhqiramiz fikirlər ciddi etirazlara səbəb olub.
Musavat.com-un məlumatına görə, Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov Nemət Pənahlıya sərt cavab verib:
“Rəhmətlik Ədalət Rəhimli 1994-cü ildə Milli Məclisdə Nemət adlanan bu tipin adını dəqiq söyləmişdi: “Padşah sarayındakı təlxək”.
2000-ci ildə Nemət deyilən bu tipə cavabını almadığım sualları təkrar ünvanlayıram:
1.1988-ci il, 4 dekabr gecəsi meydan rus ordusu tərəfindən dağıdılanda insanları buraxıb kimin maşınında meydandan qaçdın?
2. Gəncə qiyamı vaxtı Azərbaycan dövlətinə xəyanət edib Surət Hüseynovun yanına gedib qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?
3.1996-cı ilın payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklif edən kim idi?”
Qeyd edək ki, keçmiş MTN zabiti İlham İsmayıl Moderator.az-da hələ çap olunmamış kitabının bəzi hissələrini yayımlayıb.
“Nemət Pənahov “Azadlıq” meydanında etdiyi çıxışlar kimi burda da “alovlu” nitq irad edirdi, bu dəfə hədəfi Elçibəy idi. Çıxışın hər cümləsində Elçibəy təhqir olunurdu, sonda isə Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi”,-deyə İlham İsmayıl yazıb.
Nemət Pənahlı Elçibəyi təhqir etdiyi üçün peşman olmadığını bildirib.







