“Elçibəyin Dəmirəldən və Yeltsendən vertolyot istəməsinin başqa səbəbi vardı”
“Mən Kəlbəcəri axırıncı yaralı və yaşlılar təxliyə ediləndən sonra tərk etmişəm”
Kəlbəcərin işğalının 22-ci ildönümü ərəfəsində bir sıra məqamlar yenidən gündəmə gəlib, tam yeni faktlar da ortaya çıxıb. Bunlardan biri də o dövrdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri olan Hikmət Hacızadənin Kəlbəcər əhalisini mühasirədən çıxarmaq üçün Rusiya prezidenti Boris Yeltsendən vertolyot istəməsi barədə açıqlamasıdır.
Arif Hacılı da həmin günlərdə prezident Elçibəyin eyni məqsədlə Türkiyədən – baş nazir Süleyman Dəmirəldən, Çeçenistan prezidenti Cövhər Dudayevdən vertolyot istəməsi barədə status paylaşıb. AXC hökumətinin baş nazir olmuş (Kəlbəcər işğal olunan vaxt dövlət katibi idi-red.)
Pənah Hüseyn həmin günləri belə xatırlayır: “Kəlbəcər rayonu mənim də rəhbərliyində olduğum hakimiyyət dönəmində işğal olunub və odur ki, bunda AXC iqtidarının, o iqtidarda təmsil olunan hər kəsin məsuliyyət payı var. Dediyiniz konkret məsələyə gəldikdə isə bu barədə öncə də informasiyalar gedib. Daha dəqiqi Türkiyə və Süleyman Dəmirəllə bağlı və təəssüf ki, daha çox Türkiyənin Qarabağ məsələsində Azərbaycana lazımi dəstək verməməsinə dəlil kimi xoş məramlı olmayan kontekstdə hallandırılıb. Hikmət Hacızadənin açıqlaması o cəhətdən əhəmiyyətlidir ki, məsələnin mahiyyətinə aydınlıq gətirməyə, başa düşməyə imkan yaradır. Mən həmin günlərdə Gəncə və Kəlbəcərdə olmuşam və bu səbəbdən vertolyotlar istənməsi ilə əlaqədar təfərrüat mənə məlum deyil. Kəlbəcərdə olduğum müddətdə də Prezident Aparatı və prezidentlə əlaqələrim Yevlax Kəlbəcər arasında uçan vertolyotlarla məni müşayiət edən mühafizə xidməti zabitləri vasitəsi ilə göndərdiyim və aldığım yazışma vasitəsi ilə mümkün olub. Odur ki, vertolyotlar istənməsi ilə bağlı təfərrüat mənə məlum deyil. Lakin o dövrün mətbuatına baxılsa prezident Elçibəyin Bakıda xarici ölkə səfirlikləri ilə xüsusi görüşləri və xarici ölkələrə, beynəlxalq təşkilatlara Kəlbəcərdə, xüsusi ilə dinc əhali üçün yaranmış kütləvi qırğın təhlükəsi barədə rəsmi müraciətləri və bu təhlükənin aradan qaldırılması haqqında fəaliyyəti haqqında təsəvvür yaranar. Yəni söhbət vertolyotdan getmirdi”.
Pənah Hüseyn bildirir ki, vertolyot məsələsi başlıca olaraq vəziyyətə diqqəti cəlb etmək üçün və ümumi bəyanatlar yox, konkret, real kömək istəmək üçün çağırış idi: “Yoxsa Elçibəy bilmirdimi ki, Türkiyədən vertolyot göndərilməsi, bu barədə müzakirələr aparılması, qərar verilməsi, qərarın icrası həftələr, aylar tələb edən məsələdir. Kəlbəcərə kömək isə saatlar və gün məsələsi idi. Yaxud, bu vertolyotlar, rusların qoruduğu Ermənistan sərhədini və ya İran sərhədini hansı adla keçəcəkdi? Bu elə Çeçenistandan vertolyot gəlməsinə də eyni dərəcədə aiddir. Ona görə Hikmət Hacızadənin açıqlaması bu məsələyə işıq salır. Yəni Elçibəyin təkcə Süleyman Dəmirələ yox, Yeltsenə də müraciət etməsi məncə çox şeyi aydınlaşdırır. Bizdə əslində kifayət qədər nəqliyyat vertolyotları və ekipaj vardı. Binə hərbi vertolyotçuları yaralı və Kəlbəcər şəhərində cəmləşmiş yaşlı əhalini axırıncı nəfərə qədər ordan çıxardı. Mən Kəlbəcər şəhərini çayüstü meydançadan axırıncı yaralı və yaşlılar təxliyə ediləndən sonra tərk etmişəm”.
Bu müraciətlərin faydasına gəlincə, eks-baş nazir deyir ki, bu məsələnin daha çox beynəlxalq əhəmiyyəti olub: “Milli ordu və konüllülər, mən bu sırada Bakıda və Türkiyədə təhsil alan tələbələrdən ibarət konüllülərin fədakarlığını xüsusi qeyd etmək istəyirəm, yüzlərlə şəhid bahasına ermənilər Qamışlı korpü həndəvərinə çıxdıqdan sonra dar bir keçidi 2 gün qoruya bildilər və həmin müddətdə dinc əhali Murov yolu ilə mühasirəyə düşmədən rayon ərazisini tərk etdi. Söhbət 10 mindən çox insandan gedirdi. Bununla yanaşı, hesab edirəm ki, həmin koridorun qorunub saxlanmasında prezident Elçibəyin aparıcı dövlətlərlə apardığı işin və beynəlxalq amilin, o cümlədən Türkiyənin təzyiqlərinin də əhəmiyyəti olmamış deyil”.
Aygün MURADXANLI






