İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin 27 il əvvəlki müsahibəsi niyə indi yayımlandı? - Pənah Hüseynin izahatı

5365 24.12.2020 10:35 Siyasət A A

“Elçibəyin fikirləri hazırda gedən, aparılan prosesə alternativ olmaqdan ziyadə, Azərbaycan Ermənistan arasında müharibə və sülh probleminə münasibətdə milli konsensusun formalaşmasına  xidmət  edir”

“Azərbaycan-Ermənistan arasında müharibə və sülh perspektivləri: milli demokratik qüvvələrin mövqeyi” mövzusunda keçirilən müzakirələrdə Elçibəyin “Nezavisimaya qazeta”da 5 may 1993-cü ildə müsahibəsinin təkrar dərc edilərək ictimaiyyətin diqqətinə çatdırılması məqsədəuyğun sayılıb. Məqaləni “Turan” dərc edib.

Elçibəyin müsahibəsində maraqlı məqamlar var. Məsələn, sabiq prezident qeyd edib ki, Qarabağ erməniləri ilə danışıqların əleyhinə deyilik: «Lakin biz bu danışıqlarda iki təhlükə görürük. Əvvəla, bu danışıqlar Qarabağın Azərbaycandan ayrılmasına apara biləcək ilk hüquqi addıma çevrilməməlidir. Bu, Qarabağın statusu, Qarabağ ermənilərinin Azərbaycandakı hüquqları haqda danışıqlar olmalıdır". Sual doğur ki, Elçibəy hakimiyyəti Qarabağ ermənilərini tərəf kimi tanımaq istəyirdi, yoxsa necə...

İkinci maraqlı məqam Elçibəyin müharibəni dayandırmağın çətinliyi haqda söylədikləridir. Mərhum prezident bunu belə izah edir ki, istər ermənilər, istər bizimkilər, istərsə hər iki tərəfə silah satanlar arasında müharibəyə varlanmaq mənbəyi kimi baxanlar var. Sitat: “Axı hər hansı bir hərbi hücum kiməsə külli məbləğdə gəlir gətirir. Olduqca nüfuzlu və müxtəlif qüvvələr üçün Azərbaycan - Ermənistan müharibəsinin sona çatması, balıq tutmaq üçün əlverişli imkan yaradan bulanıq suların durulması deməkdir”.

Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?

Maraqlıdır, Elçibəy hakimiyyəti müharibədə hansı ölkələrdən silah alırdı? Doğrudan da Qarabağdakı müharibəni silah tacirləri tətikləyirdi?

Sözügedən müsahibədə üçüncü nüans Elçibəyin Moskva barədə fikirləridir. Onun sözlərinə görə, Rusiya SSRİ-dən imtina etməyib, buna səbəb keçmiş sovet respublikalarını yenidən öz təsiri dairəsində saxlamağa can atmasıdır. Elçibəyin fikrincə, Qarabağda müharibə azərbaycanlılar və ermənilərin diş-dırnaqla qazandıqları müstəqillik bahasına başa gələ bilər: “Əksinə, sülhün əldə edilməsi imperiyanın bərpasına yönəldilmiş bütün cəhdlərə ağır zərbə olar. Hətta Rusiyada ya müxalifətdə olan, yaxud hökumət strukturlarının içində altdan-altdan işləyən imperiya  qüvvələri hakimiyyətə gəlsə belə, müharibəsiz, dinc Zaqafqaziyanı,  ”Qafqaz ev"ini özlərinə tabe etdirə bilməzlər".

Elçibəy niyə düşünürdü ki, Rusiya imperiya maraqlarından vaz keçməyib və yalnız müharibə ilə Azərbaycanı, o cümlədən digər postsovet ölkələrini öz təsir dairəsində saxlaya bilər?

Ümumiyyətlə, Elçibəyin bu müsahibəsinin 27 il sonra yayımlanmasının cəmiyyətə, iqtidara və müxalifətə hansı töhfəsi var? Müsahibədən çıxan nəticələr nə kimi faydalar verə bilər?

Bu barədə suallarımızı “Elçibəy İnstitutu”nun təsisçilərindən biri - Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn cavablandırıb.

Pənah Hüseyn komitə sədri seçildi – Novator.az

Sabiq baş nazir: “O dövrdə ancaq qeyri-rəsmi yollarla Gürcüstandan, Ukraynadan müəyyən silahların hissələri və yaxud mərmilər gətirilirdi, geniş şəkildə rəsmi silah ticarəti olmayıb”

P.Hüseyn “Yeni Müsavat”a bildirdi ki, “Elçibəy İnstitutu” təsis edilərkən əsas məqsəd olaraq “Əbülfəz Elçibəyin  siyasi, elmi - nəzəri -ideoloji irsini, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və tərəqqisi üçün əhəmiyyətini və siyasi aktuallığınınn artdığını əsas götürərək toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir” şəklində bəyan edilib: “Sizin sualınızın konkret cavab isə məncə, materialın dərcinə ön sözdə əks olunub. ”Ə.Elçibəyin “Nezavisimaya qəzeta”nın 5 may 1993-cü ildə  müsahibəsində əksini tapmış ideyaların və münaqişənin nizamlanması prinsipləri haqqında müddəalarının tarixi əhəmiyyəti, hazırda problem ətrafında yaranmış vəziyyətdə siyasi və elmi - nəzəri aktuallığı və ötən müddət ərzində təhriflərə məruz qalmış bəzi faktoloji xarakterli  məsələlərə aydınlıq gətirməsi baxımından faydalı hesab olunub,  təkrar  dərc edilərək ictimaiyyətin diqqətinə çatdırılması faydalı və  məqsədəuyğun sayılıb".

Hazırda qələbə qazandığımız 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra Ermənistana münasibətdə müharibə, yoxsa sülh strategiyası seçmək, Rusiyanın və Türkiyənin regionda və konkret Qarabağ münaqişəsinin münaqişənin nizama salınmasında rolu, Dağlıq Qarabağ erməniləri ilə münasibət, status mövzuları, habelə 10 noyabr 2020- ci il tarixli sənəd ətrafında Azərbaycan cəmiyyətində, dövlətdə və ictimai rəydə ciddi müzakirələr, diskussiyalar gedir. Bu məsələlərdə hər şey aydın deyil, birmənalı deyil, ziddiyyətli, bəzi hallarda ağrılı təsirlər doğurur, etirazlara səbəb olur. Hesab edirəm ki, Elçibəyin müsahibəsində problemə konseptual, strateji və həm də dərin fəlsəfi baxış aydınlaşmaya, problemə yanaşmada milli konsensusun formalaşmasına ciddi fayda gətirəcək. Bu həm iqtidara, həm müxalifətə, o cümlədən elçibəyçilərə aiddir".

P.Hüseynin sözlərinə görə, Elçibəyin fikirləri hazırda gedən, aparılan prosesə alternativ kimi irəli sürülməkdən, alternativ olmaqdan ziyadə milli konsolidasiyaya xidmət edir: “Əlbəttə ki, diskussiya doğuran məqamlar da olacaq. Müsahibədəki fikirlərə və dəyərləndirmələrə  dövrün hərbi-siyasi, geopolitik şərtləri nəzərə alınaraq qiymət verilməlidir”.

P.Hüseynin sözlərinə görə, Elçibəy tərəfindən Qarabağdakı ermənilərin hansı subyekt kimi tanına biləcəyi birmənalı şəkildə ifadə olunub: “Həmin müsahibədə Əbülfəz Elçibəy açıq şəkildə qeyd edib ki, ermənilərin hüquqi baxımdan müstəqil subyekt kimi tanınması qəbul olunmur. Yalnız Qarabağın azərbaycanlı və erməni icması, hansısa nümayəndələrin olması qəbul edilirdi. O dövrdə danışıqlar vasitəçi dövlətlər arasında aparılırdı. Əslində hazırda gedən proseslərlə bu məsələlərin tutuşdurulmasına ciddi ehtiyac var idi. Bu müsahibənin 27 il sonra ”Elçibəy İnstitutu" tərəfindən yayımlanması da məhz həmin faydalılıq niyyəti güdür. Həmin müsahibəni oxumaq, müqayisələr aparmaq lazımdır, son dərəcə maraqlı məqamlara toxunulub".

P.Hüseyn Elçibəyin silah satan tərəflərin müharibəyə gəlir mənbəyi kimi baxdığı barədə fikirlərini də şərh etdi: “Müharibənin qaydasıdır. Bu münaqişənin fəlsəfi tərəflərinə, sosial, tarixi faktorlarına da toxunulub. Subyektiv amilə diqqət yetirilib. Müsahibədə göstərilib ki, müharibə bir çoxları üçün şöhrət qazanmaq vasitəsidir. Bununla işarə olunur ki, müharibədən istifadə edərək fərdlər bu yolla varlanmağa çalışırlar. Eyni zamanda beynəlxalq silah ticarətinə, cinayətkar qruplara diqqət çəkilib. Əslində Elçibəy hələ iyul 1989-da, AXC-nin təsis konfransında bu fikirləri səsləndirmişdi. Müsahibəsində isə bu tezis yenidən səsləndirilib”.

Sabiq baş nazir o dövrdə Azərbaycanın hansı ölkələrdən silah aldığı haqda sualımıza belə cavab verdi: “Uzun müddət sovet qoşunları Rusiyanın idarəçiliyinə keçmişdi. Gəncədəki 104-cü diviziya Rusiya Müdafiə Nazirliyinə tabe idi. Maydan başlayaraq keçmiş SSRİ-nin Azərbaycanda yerləşən daşınan mülkiyyəti bizə tərəfə keçmişdi, konstitutsiyada öz əksini tapmışdı. Sonra 1991-ci ildə MDB yarandı, Alma-Ata bəyannaməsinə görə silahlı qüvvələri rəhbərlik də birləşmiş komandanlığa verilmişdi. Mayda müdafiə nazirləri müqavilə imzaladı, müəyyən qəbul edilmiş həddə, sayda silahlı qüvvələr, artileriya, ağır texnika, tanklar yerli müstəqil ölkələrə təhvil verildi, digərlərinin Rusiya ərazisinə aparılması prosesi başladı. Ona görə həmin dövrdə silahlar keçmiş SSRİ-dən qalanlar idi. O dövrdə silah almaqla bağlı müqavilələr, ticarət olmayıb. Ancaq qeyri-rəsmi yollarla Gürcüstandan, Ukraynadan müəyyən silahların hissələri və yaxud mərmilər gətirilirdi. Ümumiyyətlə, böyük hissəsi qeyri-rəsmi həyata keçirilirdi. Bəzi qonşu ölkələrin yardımı da olub, müəyyən silah-sursat alınıb. Amma geniş şəkildə rəsmi silah ticarəti olmayıb”.

P.Hüseyn əlavə etdi ki, 1919-ci ildə Rusiya SSRİ-nin davamedicisi kimi qəbul olunmuşdu: “İndiki Rusiya həmdə Rusiya imperiyasının və SSRİ-nin davamı kimi qəbul olunur. Bu, Rusiyanın dövlətçilik doktrinasına daxildir. Elçibəyin dediklərini siyasətçilər, ekspertlər də çıxışlarında təsdiqləyirlər. Artıq Rusiyanın SSRİ-nin davamçısı olması diskussiya mövzusu deyil, sadə məsələ kimi qəbul olunub. Rusiyanın keçmiş sovet məkanında təsirini bərpa etməsi, imperiyanın yeni yaranmış formalarda bərpası haqda fikirlər səslənir. Bir çox ideoloqlar var ki, onların dilindən bu fikirlər açıq-aydın ifadə olunur. Bütün bunlar Elçibəyin uzaqgörənliyinin nəticəsidir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR