İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyi Kələkidə kimlər ziyarət etmişdi, Bakıda kimlər qalmışdı?

4240 02.07.2020 10:40 Siyasət A A

1992-93-cü illərdə hakimiyyət başında olmuş Əbülfəz Elçibəyin bugünlərdə Kələkidə olarkən çəkilmiş fotoları sosial şəbəkələrdə yenidən yayılmağa başlayıb. Buna da səbəb “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 27 il öncə eks-prezidenti ziyarət etdiyi zaman çəkdiyi video və fotoları paylaşması olub. Digər paylaşımlara da rast gəlinir.

Bu və ya digər kadrlardan görürük ki, Elçibəy 1993-cü il 17 iyunda Bakını tərk edib doğulduğu kəndə gedəndən sonra Xalq Cəbhəsi hakimiyyətində təmsil olunan əksər yüksək vəzifəli şəxslər, AXC rəhbərləri Kələkiyə üz tutublar. Maraqlıdır ki, o vaxt Elçibəyin komandasından kimlər Kələkiyə gedib, kimlər Bakıda qalıb? Ora gedənləri mərhum prezidentin özü çağırıb, yoxsa həmin şəxslər öz təşəbbüsləri ilə Kələkiyə gediblər?

AXC İcraiyyə Komitəsinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzudan bir qədər kənara çıxsa da, bəzi maraqlı məqamlara toxundu: “Kələkiyə Elçibəylə ikimiz bir getmişik. Həbs olunana qədər onun yanında olmuşam. Ora şəkil çəkdirməyə çox adam gəlirdi. Bəyin yanında olan adamların o qədər də şəkilləri görsənmir. Fürsətdən istifadə edib bir şey demək istəyirəm. Bəylə fotosu olanlar arasında Cəmil Həsənli də var. Onun videomüsahibəsi yayılıb. Mən də baxmışam. Orada çox böyük rəzalət var. O qüvvələr Paşinyanı açıq şəkildə müdafiə edirlər. Mən sizinlə bir neçə gün öncəki müsahibəmdə hakimiyyət məsələsinə toxunub demişdim ki, ozamankı iqtidarda təmsil olunmamışam. Təəssüflər olsun ki, yüz minlərlə insanın əməyi ilə reallaşan xalq hərəkatından bəhrələnən bir qrup oldu. Onlardan da bəziləri ”Yurd" adı altında hakimiyyətdən bəhrələndilər. İnsanların əməyinə xələl gətirdilər. Bu gün də həmin qüvvələr o düşərgəyə xələl gətirməklə məşğuldurlar. Bu sözlərim çoxlarına aid deyil. Amma deyim ki, Kələkiyə gəlib Elçibəylə foto çəkdirib, sonradan başqa-başqa işlərlə məşğul olanlar da var idi. Həmin şəxslər Bəyə xəyanət etdilər. Kələkiyə kimlərin gəldiyi barədə konkret ad çəkmək istəmirəm.

Fərəc Quliyev haqda prokurorluğa müraciət edildi – Həbs oluna ...

Fərəc Quliyev: “Dünən Elçibəyin yanında durub, bu gün Paşinyanı tərifləyənə nə deyəsən?”

Bizim o zaman ortaya qoyduğumuz dəyərlər var idi. O dəyərlər üzərində Azərbaycan qurmaq istəyirdik. Sözlərim Arif Əliyev, Nəcəf Nəcəfov, Əli Məsimli, Sabit Bağırov kimi adamlara aid deyil. Cəmil kimi şəxslər bugünlər Paşinyanı açıq şəkildə müdafiə edirlər. Yaxınlarda Elçibəyin bir kadrı yayıldı. Orada deyirdi ki, mən Tehran və Moskva “çocuqları” ilə bir masada oturmaram. Amma bu gün gedib Moskvada bir qurum yaradıb Azərbaycana qarşı mübarizə aparırlar. Belə şəxslərin Elçibəylə çəkdirdikləri fotoları yaymağa dəyməz.

Fotoğraf açıklaması yok.

Elçibəy xalq hərəkatının lideri idi. Orada hər dünya görüşlü insan təmsil olunurdu. Bu günləri həmin təşkilatın adından istifadə edib erməni baş nazirini, onun ailəsini tərifləyən qüvvələr peyda olub. Belələrinə bir şərh də vermək lazım gəlmir. Dünən Elçibəyin yanında durub, bu gün Paşinyanı tərifləyənə nə deyəsən? Belə şəxslər Elçibəyin fotosu altında özlərini qorumağa çalışmasınlar. Onsuz da bunlar siz jurnalistlər tərəfindən araşdırılır və zaman-zaman kimin-kim olduğu ortaya çıxır. Elçibəyin yanında  çox adam var idi, amma yolunda olanlar az idi. Bu gün də onun yolunda olanlara diqqət yetirmək lazımdır".

Ə.Elçibəy Azərbaycan insanında qələbə ruhu aşıladı-Oktay Qasımov ...

Oqtay Qasımov: “Kələkiyə gəlib gedən, Əbülfəz bəyi ziyarət edənlər çox idi, çünki...”

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov: “Öncəliklə Rauf bəyə təşəkkür edirəm. O dövrdə Kələkini ziyarət etdi və çəkdiyi çəkilişləri də bu gün yayımlayır. Bu fotolar Əbülfəz bəy Kələkiyə getdikdən təxminən iki həftə sonra çəkilib. Belə demək yanlış olardı ki, o zaman AXC, hakimiyyətdə vəzifə tutan bütün şəxslər orada idi. Diqqət edirsinizsə, bir neçə nəfərdir. Cəmil Həsənli, Arif Əliyev, Asim Mollazadə, Fərəc Quliyev kimi şəxslər fotolarda görünür. Böyük insan kütləsi və rəhbərlikdə o zaman təmsil olunan şəxslər yoxdur. Təbii ki, o vaxt Kələkiyə gəlib-gedənlər, Əbülfəz bəyi ziyarət edənlər çox idi. Bu, həm Elçibəyin şəxsinə olan maraqla bağlı idi, həm də ölkədə yaranmış vəziyyətlə bağlı məsələləri müzakirə etmək üçün idi. Rauf bəyin paylaşdığı videoda yer alanlar o zaman hakimiyyətdə vəzifə tutmuş şəxslər idi. Bilirsiniz ki, 24 iyun 1993-cü ildə parlament konstitusiyanı pozaraq, Əbülfəz bəyə etimadsızlıq göstərib onun prezidentlik səlahiyyətlərini əlindən aldı. Ondan sonra dövlət katibi Əli Kərimli və Prezident Aparatında işləyən bir neçə yüksək vəzifəli şəxs buna etiraz olaraq istefa verdiklərini bəyan etmişdilər. Onlar da Əbülfəz bəylə görüşə gəlmişdilər. Əbülfəz bəy ümumən götürdükdə, 4 il 4 ay 12 gün Kələkidə qaldı.

ƏBÜLFƏZ ELÇİBƏY - "BƏDBƏXT", YOXSA "QURBANLIQ" PREZİDENT ...

Bu zaman kəsiyində ora minlərlə insan gəlib gedib. Təbii ki, məşhur, cəmiyyət arasında kifayət qədər tanınan şəxsləri soruşursunuz. Videoda göründüyü kimi, Əli Kərimli, Cəmil Həsənli, Asim Mollazadə, Arif Əliyev, Nəcəf Nəcəfov, Tofiq Qasımov, İbrahim İbrahimli, bundan başqa, Naxçıvan Muxtar Vilayətinin o zaman rəhbərliyinə daxil olan şəxslər - baş nazir Şəmsəddin Xanbabayev, baş prokuror, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərləri, Ali Məclisin rəhbərliyi, həmçinin Asif Kələntərli, Anar Səfərov kimi şəxslər Kələkiyə gəliblər. Bakıdan Milli Məclisin göndərdiyi komissiyalar da bura daxil idi. Parlamentin üzvlərindən Mürvət Əliyev, Kamran Rəhimov, Əlyazmalar İnstitutunun direktoru, mərhum Cahangir Qəhrəmanov, ”Qara Tofiq" kimi tanınan Tofiq Hüseynov, Mirmahmud Mirəlioğlu, Qulamhuseyn Əlibəyli, indi həyatda olmayan Novruz bəy, İsaxan Aşurov, Nizami Quliyev kimilərinin də adını çəkmək olar. O zaman Türkiyədən də xeyli sayda nümayəndələr Əbülfəz bəyin görüşünə gəlirdilər. Amerikadan da gələnlər var idi. Onu da deyim ki, o zaman Kələkiyə getmək asan məsələ deyildi. Əngəllər yaradılırdı".

O.Qasımov Elçibəyin ziyarətinə hər kəsin öz istəyi ilə getdiyini də söylədi: “Əbülfəz bəy çox nadir hallarda kimlərinsə ora gəlməsini istəyirdi. Çünki şərtləri, problemləri bilirdi. Gələnlər öz təşəbbüsləri ilə gəlirdilər. Bəzi məsələləri müzakirə etmək, müzakirələr aparmaq üçün Kələkiyə gələnlər də olurdu”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR