Bunları qeyd etməkdə məqsədimiz Gəncə qiyamı zamanı Elçibəy iqtidarına qarşı birləşən daxili və xarici qüvvələrin miqyası haqda aydın təsəvvür yaratmaqdır. Təbii ki, yenicə qurulmaqda və hələ zəif durumda olan dövlət qurumları ilə eyni zamanda həm müharibə aparmaq, həm də qiyamın qarşısını almaq həddən artıq çətin idi.
***
17 iyun hadisələrinin kritik günüdür. Gecə prezident iqamətgahına hücum planlaşdırıldığı haqda mühafizə xidmətinə əməliyyat məlumatları daxil olmuşdu. Plana görə, gecə “Azneft” meydanında “Qrad” qurğusu quraşdırılaraq iqamətgah atəşə tutulmalı, sonra hücum edilərək prezident qətlə yetirilməli idi. Prezidentin naməlum şəxslər tərəfindən öldürüldüyü elan olunmalı, akademik İmam Mustafayevin sədrliyi ilə dəfn komissiyası yaradılmalı idi. Prezidenti Bakıda - iqamətgahında mühafizə etmək imkansız hala gəlmişdi. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Gəncədə qiyamın başlanması ilə eyni zamanda Rusiyanın diqtəsi ilə Ermənistan 2 aydan bəri davam edən atəşkəs rejimini pozdu, sərhədlərdə və Dağlıq Qarabağ ətrafında 4 istiqamətdə genişmiqyaslı döyüşlər yenidən başladı.
Proseslərin inkişafı ilə bağlı qarşıda bir neçə variant vardı:
- 1. Prezident Aparatında oturub dirənişi davam etdirmək. Bu halda Rusiyanın daha öncə Gürcüstan, Tacikistan və Moldovada həyata keçirdiyi ssenari - vətəndaş müharibəsi qaçılmaz olur, qarşı duran tərəflər böyük itkilər verir. Çünki güc strukturlarının əksəriyyəti prezidentə xəyanət edərək qiyamçıların tərəfinə keçmiş, Nəvahidə qiyamçılarla döyüş istənilən nəticəni verməmişdi. Elçibəy nəzərdə tuturdu ki, qiyamçıların Nəvahidə qarşısı alınır, əks zərbə vurularaq qiyamın Gəncədəki ocağı söndürülür. Nəvahidəki qarşıdurmada vertolyotçuların qiyamçıların tərəfinə keçməsinin qarşısını almaq məqsədilə onların hər birinə prezidentə sadiq nəzarətçi də oturdulmuşdu. Gözlənilən nəticə əldə edilmədiyindən prezidentə sadiq qalan qüvvənin qeyri-bərabər şəraitdə məhvə aparılması yolverilməz idi.
- 2. Bakı kəndlərində böyük nüfuz sahiblərinin təklifi ilə prezidentin Bakıətrafı kəndlərdən birinə, konkret olaraq Maştağa kəndinə gedərək oradan qiyama qarşı mübarizəyə rəhbərliyi davam etdirməsi. Elçibəy Bakıətrafı kəndləri zərbə altında qoymamaq üçün bu variantı qəbul etmədi.
- 3. Prezidentin istefa verərək kənara çəkilməsi. Bu halda qiyamçıların və onların arxasında duranların planları tam şəkildə həyata keçir və hakimiyyətləri legitimləşirdi. Elçibəy buna heç bir halda getmək istəmədi.
- 4. Səngərin bir tərəfini boşaldaraq hərəkatın yetişdirdiyi milli qüvvələri qorumaq məqsədilə müvəqqəti olaraq kənara çəkilmək (Bu təklif onunla əsaslandırılmışdı ki, əgər indi hakimiyyəti qorumaq imkanları tükənibsə, bu mərhələdə hakimiyyət verilsə də milli hərəkatın yetişdirdiyi qüvvələri qoruyaraq daha da gücləndirib hakimiyyətə təkrar qayıdılır).
Axırıncı variant ən məqsədəuyğun hesab olunsa da, kənara çəkilmək məkanı haqda fərqli görüşlər vardı: Türkiyə və ya Naxçıvan. Mühafizə xidməti də prezidentin Bakıdan kənara çıxarılmasının tərəfdarı idi (təhlükəsizlik və mühafizə baxımdan). İdeyanın müəllifi olan Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Oqtay Məmmədov iyunun 17-si axşam saat 22 radələrində mənimlə də fikir mübadiləsi apardı. Mən də Bakıdan çıxılacaqsa, Naxçıvana getməyin məqbul olduğunu bildirdim. Çünki bu durumda Elçibəy prezident olaraq Azərbaycanın hüdudlarını tərk etmir və Naxçıvandan səlahiyyətlərini həyata keçirmək imkanları az da olsa qalırdı. Digər tərəfdən, Naxçıvanda Elçibəyin təhlükəsizliyinin təmin edilməsi və vəziyyətə müdaxilə imkanları da qalırdı. Eyni zamanda orada AXC-nin strukturları güclü, tərəfdarları çox idi.
Bizim fikir mübadiləmizdən sonra Oqtay Məmmədov bunu əvvəl Elçibəylə, sonra isə AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevlə də müzakirə etmişdi. Durumu dəyərləndirən prezident qısa müddətə (maksimum bir ay) yerini dəyişərək Naxçıvana getməyi qərarlaşdırdı. Oqtay Məmmədov pilotlara təyyarəni 2 istiqamətdə - Türkiyə və Naxçıvan - uçuşa hazır vəziyyətdə saxlamaq əmri vermişdi. Konkret uçuş istiqaməti təyyarə yerdən qalxandan sonra bildiriləcəkdi. Prezidentin haraya gedəcəyi ilə bağlı əvvəldən yalnız bir neçə nəfər - Elçibəy, Oqtay Məmmədov, Fərəc Quliyev və bir-iki mühafizəçi - məlumatlı idi. Hava limanında Elçibəy Vaqif Axundova Bakıda qalıb vəzifəsini davam etdirməyi tapşırmışdı.
İyunun 18-nə keçən gecə saat 2 radələrində prezident Bakını tərk etdi. Elçibəyin Bakını tərk etməsi haqda məlumat Heydər Əliyevə təyyarə havaya qalxandan sonra verilmişdi. Biz - prezidentin digər köməkçisi mərhum Gülşad Zərbəliyevlə, Vaqif Axundovla birgə otaqda oturub xəbər gözləyirdik. Saat 03:22-də Naxçıvandan Elçibəyin qarşılanıb Kələkiyə yola salındığı haqda məlumat aldıq. Bundan bir neçə dəqiqə sonra Rəsul Quliyev Vaqif Axundova zəng vuraraq H.Əliyevin Ali Sovetdə bizi gözlədiyini söylədi. V.Axundov Ali Sovetə getdi və vəziyyət barədə H.Əliyevə məlumat verdi. Yəni Elçibəy Kələkiyə çatan zaman artıq H.Əliyev onun harada olduğu haqda məlumatlı idi.
***
Səhər saat 05:00 radələrində Elçibəy artıq Kələkidə idi. Elçibəy ölkədə iç savaşın önlənməsi üçün fəaliyyət məkanını dəyişərək qısa dövr üçün (maksimum bir ay) qalmağı planladığı Kələkidə çeşidli səbəb və əngəllərdən dolayı tam 4 il 4 ay 12 günlük zaman içində çox ciddi basqılar və ağır şərtlər altında adəta bir sürgün həyatı yaşamaq məcburiyyətində qaldı.
Kələki Kiçik Qafqaz sıra dağlarının ətəyində təxminən 1500 metr yüksəklikdə yerləşən dağ kəndidir. Kənd 300-dək sakini olan təxminən 60 evdən ibarətdir. Kələki sakinləri müsafirpərvər və çalışqan insanlardır. Bu dövrdə Elçibəyin Kələkidəki yaşamı, ona olan basqılar, həyatına sui-qəsd cəhdləri, Bakıya dönüşünün əngəllənməsi, fəaliyyətinin bəzi məqamları ilə bağlı içində olub bildiyim bəzi epizodların qeyd edilməsinin çeşidli yanlış fikirlərə və dedi-qodulara cavab vermək həqiqətin üzə çıxması baxımından yararlı olardı:
- 23 iyun 1993-cü il tarixdə Elçibəy ölkədəki siyasi böhranı aradan qaldırmaq amacı ilə sonuncu güzəştini edərək öz səlahiyyətlərinin böyük qisminin (90 faizini) Ali Sovetin yeni seçilmiş sədri H.Əliyevə verilməsi ilə bağlı fərman imzaladı. Amma Ali Sovet və onun rəhbərliyi bu xoşməramlı təklifi qəbul etməyərək və Anayasaya zidd olaraq prezidentin səlahiyyətlərinin Ali Sovetin sədrinə verilməsi haqda qərar qəbul etdi.
- Prezident Naxçıvana gələn gündən onun təyyarəsinin mühafizəsini aeroportun təhlükəsizlik xidməti ilə birlikdə AXC üzvləri həyata keçirirdi. Kələkiyə gəlişinin 4-cü həftəsində Elçibəy qəzetçilərə yaxın günlərdə Bakıya dönməyi düşündüyünü söylədi. Bu bəyanatdan 2 gün sonra mühafizədə dayanan şəxslərdən birinin silahından açılmış atəş nəticəsində təyyarənin qanadı deşildi. Xoşbəxtlikdən güllə yanacaq bakının 10-15 sm-dən keçmişdi. Yoxsa böyük faciə baş verə bilərdi. Mühafizəçi növbə zamanı isti havanın təsiri ilə yuxuya gedərək bu vəziyyətdə əlinin təsadüfən tətiyə toxunduğu barədə izahat verdi. Amma hadisənin təxribat olduğu ortada idi.
Bu hadisədən sonra Elçibəyin Bakıya dönmək planları imkansız hala gəldi. Çünki AZAL şirkətinin rəhbəri Ədalət Əliyev göndərdiyi məktubda təhlükəsizlik məsələlərini və təyyarənin nasazlığını bəhanə gətirib prezidentin həmin təyyarə ilə qayıdışının mümkün olmayacağını bildirdi. Bu məktubla təyyarənin qanadının deşilməsi hadisəsinin məntiqi əlaqəsi hadisənin qəsdən törədildiyini isbatladı. Bakıda iqtidarı ələ keçirənlər Elçibəyin geri dönüşünü istəmirdi. Bu hadisə ilə dönüş üçün lazım olan yollar qapandı və Naxçıvandan çıxış mümkünsüz oldu. - 24 iyun 1993-cü ildə Ali Sovetdə həyata keçirilən çevrilişdən sonra Azərbaycanda siyasi sabitlik yaratmaq üçün Türkiyə 29 avqustda keçiriləcək referenduma qədər müəyyən səylər göstərdi. Elçibəy-Əliyev münasibətlərini normallaşdıraraq Elçibəyin müəyyən statusla Bakıya qayıtmasına, hakimiyyətdə təmsilçiliyinin bir şəkildə saxlamasına, təxminən koalisiyaya bənzər iqtidarın qurulmasına cəhd edildi. Hər iki tərəflə danışıqlar aparılması üçün Türkiyə xarici işlər nazirinin müavini Özdəm Sanberqin Kələki və Bakıya vasitəçilik səfəri təşkil olundu. Bakıda H.Əliyevlə danışıqlar aparan Ö.Sanberq avqustun 25-də Kələkidə oldu. Bakıya qayıtmaqla bağlı prezidentin fikrini öyrənmək istəyirdi. Elçibəy Bakıya qayıtmağa və referendumla bağlı fikirlərini xalqa çatdırmağa hazır olduğunu, amma Bakıdan bunun əngəlləndiyini söylədi. Ö.Sanberq prezidentin fikirlərinə öncə müəyyən şübhə ilə yanaşdı. Bakıya dönüb H.Əliyevlə bir daha görüşərək təkrar Kələkiyə qayıdandan sonra özü açıq etiraf etdi ki, Elçibəyin geri dönməsinə şərait yoxdur, çünki bunu Bakıda istəmirlər. Beləliklə, bu missiya da nəticəsiz qaldı.
- İqtidarı ələ keçirənlərin başı 1993-cü il avqustun sonuna qədər Bakıdakı hakimiyyət davasına qarışmışdı. Bu üzdən müdafiəsiz qalan 6 rayonun işğalı nəticəsində ölkədə yaranmış ağır durumdan sonra xalqın diqqətini yayındırmaq məqsədilə guya Elçibəyin Kələkidə silahlı dəstələr saxladığı və dövlət qurumlarının fəaliyyətinə imkan vermədiyi haqda məlumatlar cəmiyyətə sırınmağa başlandı. Bu məqsədlə 1993-cü ilin noyabrından Naxçıvanda Elçibəyin tərəfdarlarının həbsinə və repressiya olunmasına start verildi. Naxçıvanda başlanan bu həbslər 1994-cü ilin mayında əvvəl Ordubadda, avqustda isə Şərurda AXC qərargahlarına polisin silahlı hücumu ilə daha böyük miqyasda davam etdirildi. Bunun davamı olaraq Kələkidə əməliyyat aparılması məsələsi ciddiləşdi. Bu məqsədlə hətta İran ərazisindən keçməklə Naxçıvana hərbi helikopter gətirildi. Formal bəhanə isə qeyd etdiyimiz kimi, Elçibəyin qorumalarında olan bir neçə silah idi. Çünki dövlət tərəfindən qorunmayan, əksinə, heç bir güvəncəsi olmayan Elçibəyin mühafizəsi Kələkidəki 12-15 yaxını tərəfindən həyata keçirilirdi.
1995-ci ilin fevralında Bakıdan verilən tapşırıqla Naxçıvan DİN-də Kələkidə əməliyyat aparmaq üçün plan hazırlandı. Bu plan Naxçıvan DİN idarə rəisinin müavini, polis mayoru Q.Quliyev tərəfindən hazırlanmış və rəhbərlikdə təsdiq olunmuşdu. Bu plana görə, əməliyyata 100 zabit, 300 polis olmaqla 400 nəfər cəlb edilməli, 500 avtomat, 20 pulemyot və 80 min patron, 150 əl qumbarası, 25 nəqliyyat vasitəsi, 30 zirehli texnika, 300 zirehli gödəkcə və 50 rabitə vasitəsindən istifadə olunmalı idi. Məsələnin nə qədər ciddi olduğu bu rəqəmlərdən də görünür. Əməliyyata rəhbərlik etmək üçün Azərbaycan DİN-in idarə rəisi Fətulla Hüseynov Naxçıvana gəldi. Elçibəyin universitetdə tələbəsi olmuş polis əməkdaşı vasitəsilə sifariş göndərib dedi ki, Kələkini bombalayacaqlar, ona görə də kəndi tərk etsin. Bu təklifi rədd edən Elçibəy “bütün məsələlər mənimlə bağlıdırsa, həbs olunmağa hazıram, hara istəyirsiniz gələ bilərəm, amma əhalini incitməyin. Yox, əgər öldürmək niyyətiniz varsa, burada - ata evində ölməyə hazıram” söylədi. Bundan sonra həmin polis “Bəy, izn verin Sizin ocağınızda namazımı qılıb, dua edim” xahişini etdi, namazını qılıb geri döndü.
Ümumiyyətlə, Elçibəyin Kələkidə olduğu 4 il 4 ay 12 gün ərzində yaşadığı kəndə qarşı 10 dəfəyədək əməliyyat keçirilməsinə cəhd edilmiş, amma həm daxildən, həm də xaricdən göstərilən ciddi təpkilərdən sonra əməliyyat planları durdurulmuşdu. Naxçıvandan Kələkiyə qədər olan 85 km məsafədə 13 yerdə polis postları qurulmuş, Kələkiyə gəliş-gediş imkansız hala gətirilmişdi. Bu istiqamətdə gələn insanlar (Kələkiyə belə gəlməyənlər) ciddi formada incidilirdi. Naxçıvan hava limanında sərt rejim tətbiq edilmiş, Bakıdan Naxçıvana yerli olmayan kənar adamın gəlişi imkansız hala gəlmişdi. Polis postlarından yayınmaq üçün insanlar Kələkiyə Elçibəylə görüşə nəqliyyatın çox çətin hərəkət edə bildiyi təhlükəli dağ yolları ilə gəlməyə məcbur qalırdılar. - Elçibəyə sui-qəsd bir neçə dəfə planlanmış, amma boşa çıxmışdı. Bir dəfə isə 1994-cü ilin sentyabrında sui-qəsdi həyata keçirmək istəyən şəxs - Tahir Rzayev yaxalanmış, polisə təhvil verilsə də onun barəsində tədbir görülməmişdi.
- Yaşadığı ağır şərtlər və maddi sıxıntılara baxmayaraq, Elçibəy Kələkidə siyasi fəaliyyətini davam etdirirdi. Kələkidə yaşadığı dövrdə Güney Azərbaycanla bağlı fəaliyyət daha da gücləndirilmış, Bütöv Azərbaycanla bağlı fəaliyyət sistemləşdirilərək siyasi platformaya çevrilmiş, gələcəkdə yaradılacaq Bütöv Azərbaycan Birliyi təşkilatının qurulması istiqamətində ciddi addımlar atılmışdı. Bəy bu mücadilənin ideoloji bazası olan “Bütöv Azərbaycan yolunda” kitabını yazmışdı.
- Türkiyə ilə əlaqələrə böyük önəm verən Elçibəy türk toplumunun çeşidli kəsimləri, dövlət qurumları, siyasi partiyaları, sivil toplum quruluşları, media və s. ilə ilişkilərini gücləndirirdi. Onu ziyarətə gələnlərin, məktub və təbrik teleqramları göndərənlərin önəmli qismi türkiyəli insanlarımız idi. Bu ilişkilərdən dolayı Azərbaycan iqtidarının Kələkiyə qarşı düzənlənmək istədiyi əməliyyatlara qarşı ən sərt təpkilər Türkiyədən gəlirdi. Bu təpkilərə örnək olaraq 1994-cü ilin sentyabrında Elçibəyin Kələkidəki durumunu araşdırmaq üçün TBMM Sadık Avundukoğlunun başqanlığında millət vəkillərindən ibarət bir qrupu Naxçıvana göndərməsini yada sala bilərəm.
- Kələkidəki sürgün həyatında ona qarşı edilən haqsızlıq, ağır basqı və mənəvi terrora baxmayaraq Bəy kini və nifrəti yaxına buraxmadı. 4 il 4 ay 12 günlük sürgün həyatından ayrılaraq Bakıya döndüyündə ilk şüarı vətəndaş sülhünün yaradılması, ölkənin qarşılaşdığı ağır problemlərin həlli ilə (Qarabağ məsələsi, xalqın sosial-iqtisadi durumunun yaxşılaşdırılması) bağlı oldu.
***
Kələkidəki anıların əksərini bir məqalədə yazmaq imkansızdır. Not etdiyim bəzi epizodları yazmaqla Elçibəyin Kələkidə yaşadığı dövrdə baş verən olayların, basqıların çox az qismini insanların təqdirinə verməyi düşündüm. Buna nə qədər nail olduğum oxucunun təqdirindədir.






