|
“Ukrayna olayları 4 iyunun Kremlin əli ilə həyata keçirilən qiyam olması qənaətlərimizi möhkəmləndirdi” |
“Elçibəy komandasının 4 iyun qiyamında müəyyən məsuliyyət payı var”
Bu versiyalar hələ uzun illər müzakirə edilə bilər, ancaq ortada bir gerçəklik var - 1993-cü ilin 4 iyununda Azərbaycanda qiyam baş verib və seçki ilə hakimiyyətə gələn milli qüvvələr hakimiyyətdən uzaqlaşdırılıb. Hələ də öz qiymətini gərəkli səviyyədə almayan, müdhiş sirlərlə dolu 4 iyun qiyamının ildönümündə prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımlı ilə həmin günlərə bir də nəzər yetirdik.
- Oqtay bəy, Əbülfəz Elçibəyin ünlü bir ifadəsi vardı - hər şeyin zamana ehtiyacı var. Toplum həyatında baş verən elə olaylar var ki, onların əsas mahiyyəti zaman keçdikdə açılır. Zaman sizin birbaşa şahidi olduğunuz 4 iyun qiyamı ilə bağlı daha hansı gerçəkləri ortaya çıxarıb?
- Əlbəttə, zaman keçdikcə bəzi məsələlərə baxış dəyişə bilir. Amma bu dəyişikliklər xırda detallarda daha çox olur, ana xətdə hər hansı dəyişiklik olacağı az ehtimal olunandı. 4 iyunda baş verənlər qiyam, hərbi çevriliş idi. Zaman bu həqiqəti nəinki gizlətmir, əksinə, aşkara çıxarır. Bu gün MDB məkanında, xüsusən Ukraynada baş verən olaylar 1993-cü ilin yayında Azərbaycanda baş verənlərə bir az daha aydınlıq gətirir, insanlarda Rusiyanın postsovet məkanındakı ölkələrin daxili işlərinə hansı formada qarışmağa cəhd etdiyi haqda daha dəqiq təsəvvürlər formalaşır. 4 iyun olaylarından 21 il, Sovetlər Birliyinin dağılmasından 23 il keçir.
Ancaq Rusiya yenə də bir zamanlar nəzarətində olan ölkələrə həmin kobud müdaxiləni davam etdirməkdədir. 4 iyun qiyamı Rusiyanın Azərbaycana qarşı apardığı savaş idi. Rusiya qoşunları Qarabağda fəal hərbi əməliyyatlarda çıxış edirdilər, Azərbaycan kəndlərinin, şəhərlərinin işğal edilməsi prosesində birbaşa iştirak edirdilər. Məqsəd Rusiyanın maraqlarına uyğun gəlməyən hakimiyyəti devirmək idi. Xalq içərisində güclü dayaqları olan hökuməti Rusiya hərbi sahədə məğlubiyyətlərlə gözdən salmaq istəyirdi. Rusiya bu yolla Azərbaycanı öz təsir dairəsindən çıxmağa qoymurdu. Rusiyanın bu siyasəti indi Ukraynanın timsalında davam etdirməsi əslində 4 iyunun birbaşa Kremlin əli ilə həyata keçirilən qiyam olması ilə bağlı ilkin qənaətlərimizi daha da möhkəmləndirir.
- Azərbaycanın müstəqillik tarixinin ən acılı günlərindən olan 4 iyun Azərbaycandan nələri aldı?
- Mənim düşüncəmə görə, Azərbaycan 4 iyun qiyamı ilə çox şanslarını itirdi. Azərbaycanın formalaşmaqda olan demokratik təsisatları yerinə oturmadı, demokratik cəmiyyət quruculuğu prosesi birmənalı dayandırıldı. Bu əsas problem Azərbaycanın digər çoxsaylı problemlərinin yaranmasına yol açdı. Bu problemlər ölkəni elə bir duruma salıb ki, indi bəzi insanlarda SSRİ dönəmi ilə bağlı nostalji hissləri oyanıb. Rusiyameylli çağırışlar, məncə, Azərbaycanda demokratik prosesin dayanmasının doğurduğu fəsaddır. 4 iyun qiyamının ən böyük mənfi nəticəsi Azərbaycanın ərazi bütövlüyü məsələsində, Qarabağ probleminin bilinməzə qədər uzanmasında ortaya çıxdı. Elçibəy iqtidarı iyun qiyamına hazırlıqlar başlayana qədər Qarabağda ciddi hərbi uğurlar əldə etmişdi. Heç bir şübhə yox idi ki, bu temp ən qısa zamanda Qarabağ düyününün çözümünə gətirəcək. 1993-cü il may ayının sonlarında ABŞ-Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatında aparılan danışıqlar zamanı Qarabağın azad edilməsi ilə bağlı müəyyən razılaşmalar əldə edilmişdi. Həmin razılaşmaya əsasən Birləşmiş Millətlər Təşkilatının 820 nömrəli qətnaməsinə uyğun olaraq Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından - Şuşa, Laçın və Kəlbəcərdən çıxacaq. Ermənistan qoşunlarının geri çəkilməsinin qrafiki də artıq bəlli idi. İyun ayının sonlarında artıq bu proses bitəcəkdi.
Bundan başqa, Azərbaycanın enerji ehtiyatları ilə bağlı Elçibəy iqtidarının tamamilə fərqli planları var idi. 1993-cü il iyunun 30-da prezident Əbülfəz Elçibəyin Böyük Britaniya paytaxtına səfər zamanı imzalanması planlaşdırılan neft müqavilələrində Azərbaycanın maraqları 1994-cü il sentyabrın 20-də imzalanan neft müqaviləsində olduğundan dəfələrlə çox qorunurdu. Azərbaycan üçün böyük önəm daşıyan bu strateji məsələlər milli maraqlar çərçivəsində həllini tapacaqdı. 4 iyun qiyamı bu prosesi yarımçıq qoydu, sonrakı aylar 5 rayonun ard-arda işğal edilməsi isə Qarabağ problemini daha da dərinləşdirdi.
- Postsovet məkanında gedən proseslərə, Rusiyanın fərqli adlar altında Sovetlər Birliyini bərpa etmək cəhdlərinə toxundunuz. Bu gün Rusiya təhlükəsi ilə üz-üzə qalan Ukraynanın 4 iyunda Azərbaycanda həyata keçirilən qiyamdan çıxarmalı olduğu nəticə varmı?
- Məncə, Ukraynada baş verənlərdən Azərbaycan cəmiyyətinin çıxaracağı xeyli dərslər var. Ukraynadakı proseslər həm də növbəti dəfə onu sübut etdi ki, Rusiyameylli qüvvələrin hakimiyyətdə olması ölkənin milli təhlükəsizliyinə davamlı təhdiddir. Ukraynanın Təhlükəsizlik Xidməti Yanukoviç iqtidarı dönəmində Ukrayna Milli Ordusunda, təhlükəsizlik sistemində Rusiyanın nə qədər geniş agentura şəbəkəsinin olduğu haqda sənədləri üzə çıxardı. Bu səbəbdən Ukrayna dövlətinin təhlükəsizliyi ilkin mərhələdə çox ciddi təhdid altında qaldı. Bütün bunlar Azərbaycan cəmiyyətinin yaxından izləməli olduğu, ciddi nəticələr çıxaracağı məsələlərdir.
- 4 iyun qiyamının səbəbləri haqqında danışarkən prezident Elçibəyin komandasının zəifliyi də xüsusi vurğulanır. Siz bu faktoru iyun qiyamının əsas faktorlarından sayırsınızmı?
- İstənilən siyasi komanda öz qarşısına qoyduğu məqsədə çata bilməyibsə, uğursuzluğun məsuliyyətindən tamamilə azad ola bilməz. Təbii, Əbülfəz Elçibəy komandasının 4 iyun qiyamında müəyyən məsuliyyət payı var. Ancaq fikrimcə, 4 iyun qiyamının əsas günahkarı xarici dövlətlərlə işbirliyi qurub milli hökuməti devirən qüvvələrdir. O zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələr xalq hərəkatından gəlmiş gənc, enerjili, ən önəmlisi, vətənpərvər qüvvələr idi. Təbii, dövlət təcrübəsi, o sıradan dövləti bütün vasitələrdən yararlanaraq əldə saxlamaq təcrübəsi yetərincə deyildi.
Ancaq Xalq Cəbhəsi hökuməti dövlət aparatında işləyən təcrübəli insanları idarəetmə strukturundan kənarlaşdırılmamışdı. Məsələn, Nazirlər Kabinetində “təcrübəli” deyilən xeyli sayda köhnə kadrlar qalırdı. Zaman onu da göstərdi ki, o şəxslərin çoxunda müstəqillik, milli dövlətçilik təfəkkürü olmadığından faydasız, hətta bəzi hallarda təhlükəlidirlər. Onlardan bəziləri Rusiyanın maşası olmağa, Azərbaycanda “beşinci kalon” funksiyasını yerinə yetirməyə başladılar. Bu baxımdan hər şeyi Elçibəy komandanın üzərinə atmaq, 4 iyunun əsl səbəblərini və səbəbkarlarını gizlətməyə xidmət edir.
Aygün MURADXANLI






