İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elçibəy dedi ki, ... Əli Kərimlini Heydər Əliyevin əlindən dartıb alacağam”

8145 16.01.2014 08:10 Müsahibə A A
Əbülfəz Elçibəyin yaxın qoruması olmuş, hazırda Azərbaycan Milliyyətçi Demokrat “Boz Qurd” Partiyası (AMDP) qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olan Səfər Hümbətov “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. O, mərhum prezidentin Kələkidən dönüşündən sonra ən yaxınında olan şahid kimi bu gün siyasi səhnədə dartışılan bir sıra mövzulara aydınlıq gətirib. Elçibəy və Əli Kərimlinin qrupu, o cümlədən də “Azadlıq” qəzeti arasında baş verən ziddiyyətlər, eks-prezidentin qəsdən zəhərlənməsi ehtimalları barədə öz versiya və məlumatlarının bir qismini ictimaiyyətə açıqlayıb. Həm də Qarabağ qazisi olan Səfər Hümbətov müharibənin ilk illərində Rauf Arifoğlu ilə birgə gördüyü işlər və siyasi fəaliyyətləri, 1989-92-ci illərdə Yeni Müsavat Partiyası uğrunda Heydər Əliyevin, Elçibəyin və Həsən Həsənovun tərəfdarlarının apardıqları kəskin mübarizənin mahiyyətini açıqlayıb.

- Səfər bəy, bir neçə ildir AMDP-yə sədrlik edən Qələndər Muxtarlı qurultaya hazırlıq üzrə təşkilat komitəsinin nəinki sədri, hətta üzvü belə seçilməyib. Bu, Qələndər Muxtarlıya partiyada münasibətin göstəricidir, yoxsa başqa məsələlər var?

- Öncə qeyd etmək istəyirəm ki, Qələndər Muxtarlının AMDP-yə gəlməsi və sədr seçilməsində bilavasitə mənim rolum olub. İndi Qələndər bəyin qurultaya hazırlıq üzrə təşkilat komitəsinə düşməməsinin səbəbi bir günün içində baş verən hadisə deyil. Bəziləri bunu “Bozqurdlar”ın mənəvi-siyasi lideri İsgəndər Həmidovun yenidən təşkilata dönüşü ilə bağlayırlar. Əslində isə belə deyil. Qələndər Muxtarlının partiya sədri olaraq tutduğu mövqe, yürütdüyü siyasət partiyamızın üzvlərinin, funksionerlərinin böyük əksəriyyətini qane etmirdi. Neçə vaxt idi ondan narazılıq hökm sürürdü. Qələndər Muxtarlı özünü elə aparırdı ki, sanki “Yurd”un dayaq dəstəsinin rəhbəridir. Dəfələrlə partiyanın Siyasi Şurası Qələndər bəyə xəbərdarlıq eləmişdi ki, bu cür olmaz. Hətta ona töhmət verilməsi məsələsi gündəmə gəlmişdi, sadəcə, partiyanın nüfuzu nəzərə alınaraq sədrə töhmət məsələsi gündəmdən çıxarılmışdı. İstər İctimai Palata, istər Milli Şura yaranan zamanlarda bu adam partiyamızın heç bir maraqlarını nəzərə almadan öz şəxsi marağını və kənar siyasi qüvvənin maraqlarını həyata keçirirdi. Bu davranışlarının nəticəsidir ki, 11 nəfərdən ibarət təşkilat komitəsinə düşə bilmədi, partiyada ona qarşı etimadsızlıq özünü göstərdi.

- Qələndər bəy mediaya açıqlamasında sədrliyə namizədliyini irəli sürəcəyini deyib. Lakin sizin dediklərinizdən belə anlaşılır ki, növbəti müddətə sədr olması şansı çox aşağıdır?

- Yəqin ki, sözgəlişi olaraq sədrliyə namizədliyini verəcəyini deyib. Mən isə düşünürəm ki, o, Boz Qurd Partiyasında ümumiyyətlə qalmayacaq. Belə fikirləşirəm ki, Qələndər Muxtarlı AXCP sədri Əli Kərimlinin yanında olmağı rəsmiləşdirəcək və Əli Kərimlinin ya müşaviri, ya da müavini olacaq. Gedişatdan belə görünür.

- Partiyanın daxili toplantılarında Qələndər Muxtarlı Əli Kərimliyə yaxın olduğunu açıq şəkildə ortaya qoyurdu?

- Bəli. Nəinki Əli Kərimliyə yaxınlığını hiss etdirirdi, hətta Əli Kərimlinin vəkili kimi davranırdı. Qulaq asanda adamda təəssürat yaranırdı ki, sanki Boz Qurd Partiyasının sədri yox, Əli Kərimlinin vəkil etdiyi müavini danışır. Onun tez-tez işlətdiyi bir ifadə var idi. Deyirdi ki, Azərbaycanda inqilab baş verəcəksə, inqilabın başında Əli Kərimli duracaq, hər Əli Kərimlinin ətəyindən yapışmalıdır. 

- Qələndər Muxtarlının bu mövqeyi AXCP-nin sizin partiyaya münasibətinə adekvat idimi?

- Xeyr. Çünki münasibətlər şəxsi idi, Qələndər bəylə Əli Kərimlinin şəxsi maraqları, münasibətləri müstəvisində idi. Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyasının üzvlərində Əli Kərimliyə simpatik münasibət olmayıb. Əli Kərimlinin də münasibəti simpatiyalı münasibət hesab oluna bilməzdi. Münasibətlər sırf Qələndər Muxtarlı-Əli Kərimli münasibətləridir. Partiyanın buna heç bir bağlılığı yoxdur. 

- O zaman düşünmək olarmı ki, AMDP-yə növbəti qurultayda yeni şəxs sədr seçiləcək? Sizin özünüzün sədrliyə iddianız var?

“Qələndər Muxtarlı Əli Kərimlinin yanında olmağı rəsmiləşdirəcək və Əli Kərimlinin ya müşaviri, ya da müavini olacaq”


- Mənim sədrliyə iddiam yoxdur. Bu partiyanın öz lideri və qurucusu var. Azərbaycanın böyük oğlu və siyasi xadimi İsgəndər Həmidovun yenidən “Boz Qurd”ların başına keçməsi hər kəsi məmnun edərdi. Boz Qurd Partiyası deyiləndə İsgəndər Həmidov, İsgəndər Həmidov deyiləndə isə Boz Qurd Partiyası şüurlarda simvolizə olur. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinə İsgəndər bəyin sədr seçilməsi sevindirici oldu.

- Qurultayın vaxtı bəllidirmi?

- İyul ayına qədər keçirməyi nəzərdə tutmuşuq. 

- Milli Şura, AXCP-Müsavat münasibətləri ilə bağlı Qələndər Muxtarlının mövqeyi bəllidir-AXCP-nin müdafiə edir. Partiyanın mövqeyi necədir?

- Bizim partiya Milli Şuranın üzvü deyil. Biz dəfələrlə qarşı çıxsaq da Qələndər Muxtarlı Milli Şuraya AXCP-nin kvotası ilə daxil oldu. Biz əvvəldən Milli Şuranın yaranmasını Azərbaycanın xeyrinə olmayan hadisə kimi görmüşük, Milli Şuranın rus proyekti olduğunu düşünmüşük. Qələndər bəy isə partiyamızın mövqeyini nəzərə almayaraq, “Yurd” xətti ilə getdi Milli Şuraya üzv oldu. 

- Qələndər Muxtarlı “Yeni Müsavat” qəzetinə qarşı Əli Kərimlinin başlatdığı mənəvi terror aksiyasına yanvarın 15-dən qoşulub, qəzeti, konkret olaraq Rauf Arifoğlunu gözlənilmədən suçlayıb, təhqir edib. Bir zamanlar “Yeni Müsavat” qəzetində işləmiş şəxs kimi bu qəzetə qarşı iddialara münasibətiniz necədir? Mərhum Əbülfəz Elçibəylə Rauf Arifoğlunun münasibətlərinin guya son dərəcə pis olduğunu bəziləri nümayiş etdirməyə çalışırlar. Siz Əbülfəz Elçibəyin ən yaxınında olmuş, onun qorumasını həyata keçirmiş şəxssiniz. Elçibəylə Rauf Arifoğlunun münasibətləri necə idi?

- Mən daha əvvəldən Qələndər bəyin “Yeni Müsavat” qəzetinə əsl münasibətinin şahidi idim. Əli Kərimlinin “Yeni Müsavat” qəzetinə, Rauf Arifoğluna münasibəti Qələndər Muxtarlıda da olub. Qələndər Muxtarlının sizin qəzetə, Rauf bəyə qarşı mövqeyi Boz Qurd Partiyasının yox, Əli Kərimlinin mövqeyidir. Rauf Arifoğlunu da xalq hərəkatının əvvəlindən yaxından tanıyan insan kimi, eyni zamanda rəhmətlik Əbülfəz Elçibəyə çox yaxın məsafədə olmuş bir adam kimi deyə bilərəm ki, Elçibəylə Rauf bəyin münasibətləri çox yaxın olub. Mən Elçibəy hələ prezident olmamışdan qabaq onun qorumasında olmuşam, Kələkidən qayıtdıqdan sonra da qorumasının təşkilində birbaşa iştirak etmişəm. Həmin dövrlərdə də Rauf Arifoğlunun Elçibəylə çox pozitiv münasibətlərdə olduğunu yüz faiz təsdiqləyə bilərəm. Elçibəylə Rauf bəyin yaxınlığı o dərəcədə isti idi ki, Rauf Arifoğlu 8-10 nəfərin bildiyi gizli Elçibəy hörgütünün ən gənc üzvü idi. Əbülfəz Elçibəylə Rauf Arifoğlunu çoxlarının bilmədiyi bağlar, təşkilatlar birləşdirirdi. Elçibəyi “Yeni Müsavat” qəzeti və Rauf Arifoğlu qədər təbliğ və müdafiə edən mətbu orqan tanımıram. Prezidentliyi dövründə və Kələki illərində, hətta ondan sonra da belə olub. Təsadüfi deyil ki, Bəy prezident olanda Rauf Arifoğlunu iqtidarda olan partiyanın İcraiyyə Komitəsinə, mətbuat və informasiya işinin başına gətirdi. Elçibəyi ən çox incidən “Azadlıq” qəzeti və Əli Kərimli olub. Elçibəy AXCP-nin sədri ola-ola “Azadlıq” qəzeti daim onun əleyhinə yazılar verirdi, hətta dünyasını dəyişən gün Bəyi bu qəzet təhqir etmişdi. 


- Elçibəy Kələkidən qayıtdıqdan sonra belə söhbətlər yayılmışdı ki, onun mühafizəsinə Əli Kərimliyə yaxın şəxsləri cəlb etməyə çalışanlar olub, lakin siz buna mane olmusunuz?

- Bəli. Elçibəyə heç də xoş münasibəti olmayan, Əli Kərimliyə yaxın şəxslər öz maraqları xatirinə Bəyin mühafizəsini ələ keçirmək istəyirdilər. Sadəcə olaraq, biz Bəy Bakıya enən kimi qorumasını çevik şəkildə təşkil etdik və onlar kənarda qaldılar. Elçibəyin qorumasını İsa Qəmbərə yaxın adamlar həyata keçirdilər. Ona görə də Əli Kərimlinin ətrafında daim bizə qarşı antoqonist münasibət var idi. 

Elçibəy Kələkidən qayıtdıqdan bir həftə sonra indiki “Yeganə” şadlıq sarayının arxasındakı “İstanbul” restoranında “Yurd” qrupu Bəyin gəlişi ilə bağlı ziyafət təşkil etmişdi.


İnanırsınız, Elçibəyin şərəfinə zədə vuracaq adamları orada gördüm. Bir qədər spirtli içki içəndən sonra özlərinə nəzarəti itirən həmin adamlar başladılar Elçibəyə sataşan sözlər, atmacalar işlətməyə. Bu gün “Yeni Müsavat”la əməkdaşlıq edən Hüseynbala Səlimov da orada idi. Əbülfəz Elçibəy də bu adamların hamısını sona qədər dinlədi, sonra bir-bir ayağa qaldırdı və paylarını artıqlaması ilə verərək oturtdu yerlərində. Elçibəyin susdurduğu adamlar o kəslər idi ki, Əli Kərimlinin ətrafındaydılar və həmin ziyafətdə Əli Kərimli iştirak edirdi. Sanki Elçibəyi pisikdirmək üçün o ziyafəti təşkil eləmişdilər. Ancaq Əbülfəz bəy onları pis vəziyyətə qoydu.

Hərəkatda olan insanlar çox dəqiq bilirlər ki, Rauf Arifoğlu Elçibəy üçün kim olub, Əli Kərimlinin Elçibəyə münasibəti necə olub. 

Elçibəy Kələkidən qayıtdıqdan sonra AXCP-nin yerləşdiyi Xaqani küçəsi 33 ünvanında Əli Kərimli şəraiti olan geniş otaqda özü əyləşirdi, Elçibəyə isə qapının ağzında darısqal, şəraitsiz otaq vermişdi. Əli Kərimlinin öz sədrinə necə münasibəti AXCP-nin qərargahının qapısından içəri keçən kimi görünürdü. Elçibəyin qorumasında iştirak edən Ordubaddan gələn adamlara qərargahda yemək belə vermirdilər. İndi durub özlərini Elçibəyçi adlandırmaları ayıbdır.

Elçibəy prezident olmamışdan öncə Yeni Müsavat Partiyası yaradılanda qocaman hərəkatçılar Hatəmi Tantəkin, Mənsur Əlisoy, İsgəndər Coşqun, Əhməd Rza Rauf Arifoğlunu Əbülfəz Elçibəyin adamı, hətta daldada “agenti” adlandırırdılar. Əbülfəz bəylə Rauf bəyin mürid və mürşid münasibətləri kimi münasibəti var idi. Gəncədə Yeni Müsavat Partiyasının üçüncü qurultayında Əbülfəz Elçibəyin adamı olan Rauf Arifoğlunu partiyadan kənarlaşdırmaq istəyirdilər. Biz də o zaman Gəncəətrafı bölgədə ermənilərlə əlimizdə silah savaşırdıq. Könüllü silahlı dəstə yaradıb ermənilərlə döyüşürdük. Eyni zamanda sovet rejimindən partiyamızı qoruyurduq. 1989-92-ci illərdə AMDP Yeni Müsavat Partiyası uğrunda Heydər Əliyevin, Elçibəyin və Həsən Həsənovun tərəfdarları kəskin mübarizə aparırdılar. Elçibəy olmasaydı və Rauf Arifoğluna, əlimizdə silah olan bizlərə etimad göstərib görəvləndirməsəydi, Müsavat Partiyasını faktiki olaraq başqa qüvvələr-Həsən Həsənovun, Heydər Əliyevin tərəfdarları alıb aparırdı. 

Xatırladığım həmin üçüncü qurultaydan bir gün öncə keçirilən toplantıda - 1990-cı ilin yazında adını çəkdiyim Əhməd Rzanın daxil olduğu qrup Rauf Arifoğluna açıq dedilər ki, sən hələ cavansan-24 yaşın var, bura sənlik deyil, sabah qurultayda kənarlaşdırılacaqsan. Toplantıda tüfəngimi qapının arxasına söykəmişdim. Silahı göstərib Əhməd Rzaya, Rasim Mürsəlova, Niyazi İbrahimova dedim ki, sabah Rauf bəylə bağlı məsələ qaldırılsa, üçünüzü də elə oradaca güllələyəcəyəm... Sabahısı gün qurultayda Rauf Arifoğluya qarşı addım atılmadı. Elçibəy cameəsi qalib gəldi. Rauf Arifoğlu iki klanın tərəfdarlarını Elçibəyin və bizlərin dəstəyi ilə dəf etdi; burada mərhun Rüştü bəyin, indi jurnalist kimi fəaliyyət göstərən Sədrəddin Soltanın böyük xidmətləri oldu. Daha sonra “Yeni Müsavat”ın Katiblər Şurasına 1991-ci ilin sonlarında Elçibəyin rəhbərliyini qəbul etmək qərarını verdirə bildi. Bəy də məsləhət gördü ki, Müsavatın başına İsa Qəmbər gətirilsin. 1992-ci ildə də Müsavat Partiyasının bərpa qurultayı keçirildi və İsa Qəmbər başqan seçildi.

- İstər Əli Kərimlinin, istər “Azadlıq” qəzetinin Elçibəyi qəzəbləndirən vaxtları olubmu?

- Hər şeyi açıb danışmaq qorumada iştirak etmiş şəxs üçün bəlkə də bir az qəbahət olar, amma bir şeyi xatırlaya bilərəm. Əbülfəz Elçibəy bir dəfə dedi ki, Asim Mollazadə heç, amma Əli Kərimlini mən Heydər Əliyevin əlindən dartıb alacağam. Bu sözün canlı şahidiyəm. 

- Sizcə, ala bildi?

- Ömür vəfa eləmədi, bəlkə də ala biləcəkdi.

- Bəs necə oldu ki, Elçibəyin qorumasına sonradan başqa şəxslər cəlb edildi?

- Elçibəy Kələkidən gəldikdən sonra daxili işlər nazirinin sabiq müavini Qabil Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş mənim də daxil olduğum qrup qorumanı həyata keçirirdik. Elçibəy gələn günü axşam hamı görüşüb getdikdən sonra Vəli adında bir nəfər qalmışdı. Elçibəy dedi ki, Vəli, sən niyə getmirsən? Vəli dedi ki, sizin xidmətinizdə olmaq istəyirəm. Bəy dedi ki, sənlik iş qalmadı, get. O, həmin vaxt Əli Kərimlinin mühafizəsində idi. 
Bir müddət sonra Qabil Məmmədovu şərlətdirib, həbs etdirdilər. Bizə də təhlükə yarandı. Elçibəy dedi ki, siz bir az aralı durun görək, Qabili azad edə bilirikmi. Biz kənarlaşdıq. Artıq 1 il idi ki, işləyirdik. Sonra başqa şəxsləri Elçibəyin qorumasına cəlb edib, Bəyi sanki blokadaya aldılar. Bizim üçün hətta Heydər Əliyev bir dəfə demişdi ki, ən güclü qoruma Elçibəyindir, çünki heç bir təmənna güdmədən qəlbən onu qoruyurlar. Bax, həmin təmənna güdmədən qorumanı həyata keçirən qrupu Qabil Məmmədovu müəmmalı şəkildə həbs etdirib, Elçibəydən kənarlaşdırdılar. Yeni qoruma peyda oldu və sonra Elçibəyin başına məlum iş gəldi. Sağlam, fiziki cəhətdən güclü Əbülfəz bəy cəmi bir ilin işində dünyasını dəyişdi. 

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR