İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəy 4 iyundan əvvəl keçirdiyi müşavirədə komandasına niyə əsəbiləşmişdi - tarixi VİDEO

5419 30.06.2020 19:05 Gündəm A A

 

Tanınmış telejurnalist, REAL TV-nin rəhbəri Mirşahin Ağayev iyunun 28-də aparıcısı olduğu “Mirşahinin vaxtı” proqramında mərhum prezident Əbülfəz Elçibəy iqtidarı dövründəki müşavirələrin birindən bəzi hissələr yayımlayıb. Həmin müşavirədə Elçibəy bildirir ki, Bakı neftini Azərbaycandan aparıb Ermənistanda satırlar.

Eks-prezident bu məsələnin araşdırılması, eyni zamanda, kimlərin düşmən ölkəyə benzin satması barədə hüquq-mühafizə orqanlarına araşdırma aparmaları barədə tapşırıq verib.

Həmin müşavirədə Elçibəy ölkəsində rüşvətxorluğun, talançılığın baş alıb getdiyi barədə də şikayətlənir.

Mərhum prezidentin neftimizin düşmən ölkəyə satılması barədə verdiyi tapşırıqdan sonra araşdırmalar getdimi, bu işlərin arxasından kimlər çıxdı? Bu suallarla o zaman iqtidarda təmsil olunan şəxslərə müraciət etdik. 

Oxu.az - Azərbaycanlı deputat qondarma “erməni soyqırımı” günü toy ...

Fərəc Quliyev: “O dönəmdə hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə eyni işlərlə məşğuldurlar”

AXC İcraiyyə Komitəsinin sədri olmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, o zaman Əbülfəz bəyin bir xətti var idi, hər şey xalq naminə: “O zaman məlumat daxil olmuşdu ki, Gürcüstan tərəfi bizdən aldığı yanacaqdan Ermənistana verir. Biz hər hansı bir dövlətin bizdən aldığı yanacağı düşmən tərəfə verməsinin qarşısını almağa, yəni üçüncü tərəfə verilməsinə etiraz edirdik. O vaxt istənilən iqtisadi müqavilə bağlayanda, hər hansı bir mənfəət əldə etmək üçün işlər görüləndə mütləq ana xətt, qırmızı xətt kimi düşmənlərimizin bundan faydalanmaması əsas olaraq önə çəkilirdi. Gürcüstana mütəmadi olaraq, Elçibəy, ondan sonrakı Heydər Əliyev dönəmində, həmçinin indiki dönəmdə də yardımlar olunub. Bu da anlaşılan olmalıdır. İndiki iqtidar da Gürcüstan və ya hansısa dövlətlə bir iş görəndə mütləq o şərti qoyur ki, bizim imkanlarımızdan düşmən dövlət istifadə etməsin. O zaman biznes məqsədilə istifadə olunan bu məsələ haqqında ölkə prezidentinə məlumat verilmişdi. Orada Gürcüstana verilən yanacaq üçüncü tərəfə gedirsə, hətta o sazişə yenidən baxılması istənilirdi. Araşdırma aparıldı. Lakin o zaman hakimiyyət dəyişikliyi baş verdi. Ona qədər başqa faktlar da aşkarlandı. Oğurluqlar, neft xətlərindən,  hətta yanacaqdoldurma məntəqələrindən boru çəkilməsi kimi məsələlər aşkar edilmişdi. Xeyli materiallar toplanıb, istintaqa təqdim edilmişdi. Hakimiyyət dəyişikliyi baş verdikdən sonra xəbərim olmadı ki, bunlar davam etdi, yoxsa saxlanıldı”.

Gürcüstana nota məsələsinə gəlincə, partya sədri dedi kİ, o dönəmdə birbaşa Gürcüstanı günahlandırmaq doğru olmazdı: “Amma faktiki Prezident mətbuat qarşısında müşavirədə birbaşa müraciət etmişdi ki, məsələ araşdırılsın. Bundan artığını o vaxt etmək olmazdı”.

Müsahibimiz Elçibəyin rüşvətxorluğun, talançılığın hakimiyyət daxilində olması barədə dediklərinə də münasibət bildirdi: “Rüşvət həmişə olub. Keçmişdə olub, indi də var, bundan sonra da olacaq. Amma biri də var ki, o hala susasan. Böyük rüşvət, talançılıq deyəndə baxır ki, kim hansı ölçünü götürürdü. 90-cı illərdə 100 min manatın götürülməsi çox böyük rəqəm sayılırdısa, sonrakı dövrlərdə artıq milyonları talamış insanların həbsindən söhbət gedirdi. Hətta baxmışam ki, Heydər Əliyev müşavirələrin birində bahalı saat bağlayanlara irad tutur. Bir misal da çəkmişdi ki, əvvəlki dönəmlərdə hakimiyyətdə olanda bir başçısının qoluna bağladığı saatla əlaqədar araşdırma aparmışdım. Birinci katib olduğu zamanları nəzərdə tutaraq bunu demişdi. Bizim dövrlərdə rüşvətxorluq, talançılıq halları ilə bağlı məlumat daxil olanda araşdırma aparılırdı. Bu istiqamətdə önləyici tədbirlər də görülürdü. Bu gün də ölkə başçısı fərq qoymadan naziri, nazir müavinini, icra başçısını həbs etdirirsə, bu, ortada korrupsiya ilə mübarizədə iradənin olmasını göstərir”.

F.Quliyev dedi ki,  Elçibəyi yaxşı tanıdığı, dostu, nə formada prezident olduğunu bildiyi üçün onun yanaşmasına şərh verə bilər: “Elçibəy belə məsələlərdə hətta şübhə olsa belə araşdırılması üçün kəskin mövqe nümayiş etdirən adam idi. Onun dönəmində hökumətə, hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə ”Elçibəy təşkilatı" adı altında eyni işlərlə məşğuldurlar. Onlar Elçibəyin həqiqi komandasının üzvləri deyildilər. Sonradan ona xəyanət edənlərdir. Elçibəyin həqiqi komandası deyəndə Əli Məsimli, Vahid Əhmədov, Sabit Bağırov, Nəcəf Nəcəfov, Arif Əliyev kimi şəxsləri nəzərdə tuturam. Belələri Elçibəyə xələl gətirmirdilər. Elçibəy o zaman bu gün də dövlətə zərər vuranların hökumətə zərər vurduqlarını bilirdi və onları başa salmaq üçün müəyyən tədbirlər görürdü. Cəmiyyət bilsin ki, Elçibəy komandası deyəndə bu gün dövlətə zərər vuranlar onun komandası olmayıblar".

Firudin Cəlilov: “Sevgi macəralarında ağıllı qadınların bəxti ...

Firudin Cəlilov: “Müşavirədə deyilənlərdən o vaxt tam məlumatlı deyildim”

AXC iqtidarında təhsil naziri postunu tutan Firudin Cəlilov qısa danışdı: “Açığı, bu müşavirədə deyilənlərdən o vaxt tam  məlumatlı deyildim. Çünki başım mənə həvalə edilən işlərə çox qarışıq idi. İqtisadiyyat və digər sahələrdə nələr olurdusa, bundan xəbərdar olmurdum. Rüşvətxorluq və talançılıq hallarının olması barədə deyilənlərə gəlincə, bir onu dəqiq bilirəm ki, Tofiq Qasımov, Nəcəf Nəcəfov, Sabit Bağırov kimilər təmiz adamlar idilər. Olduğum təhsil sahəsindəki kimi, onların da olduqları sahələrdə yeyinti, rüşvət halları olmayıb. Çalışırdıq ki, neqativ hallara yol verilməsin. Hər kəs öz sahəsinə cavabdeh idi”.  

 

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR