Elçi göndərdiyi qızı öldürən, anasını isə ağır yaralayan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.
Xatırladaq ki, dəhşətli cinayət hadisəsi Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.
Məlumata görə, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib.
Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.
S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub.
Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.
A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürüllüb.
İlkin Muradov
Musavat.com






