Şimali Afrikanın daha bir ölkəsi həssas keçid dönəmi astanasındadır
Əlcəzairdə prezident Buteflika əleyhinə fevral ayından başlayan etirazlar getdikcə nəticə verməyə başlayır. Aprelin 18-də keçiriləcək prezident seçkilərində 1999-cu ildən ölkəyə rəhbərlik edən Əbdüləziz Buteflikanın 5-ci dəfə namizədliyini irəli sürməsi fevral ayında kütləvi etirazların başlamasıan səbəb olub.
Məsələ ondadır ki, 2013-cü ildə iflic olan Buteflika demək olar ki, müstəqil hərəkət edə bilmir. Xalq isə sürətli inflyasiya və işsizliyin artması fonunda 20 illik xəstə prezidentin dəyişməsini istəyir. Xalqın artan etirazlarından sonra martın 11-də Avropadan geri qayıdan Buteflika namizədliyini geri çəkdi. Buteflikanın təklif etdiyi plana əsasən prezident seçkiləri 1 il müddətinə təxirə salınırdı. Martın 26-da isə gözlənilməyən hadisə baş verdi. Ordu bəyanat yayaraq Buteflikanın hakimiyyətdən uzaqlaşdırılmasını istədi. Baş qərargah rəisi və müdafiə nazirinin müavini Əhməd Qaid Saleh bəyan edib ki, ölkədə davam edən siyasi böhranın həlli üçün Konstitusiyanın 102-ci maddəsi tətbiq olunmalıdır. 102-ci maddəyə əsasən prezidentin səlahiyyətləri əlindən alınır. Baş Qərargah rəisi prezident seçkilərinə qədər 45 gün müddətində prezident səlahiyyətlərini parlamentin sədri Əbdülqadir bin Salahın icra edəcəyini açıqlayıb.
Halbuki fevralda Əlcəzairə etirazlar başlayanda ordu hökuməti müdafiə edirdi və müxalifləri ölkəni “Suriya çevirməkdə” ittiham etmişdi. Lakin indi situasiya dəyişib. Bu isə Buteflikanın yerinə gələ biləcək mümkün namizədlərlə bağlıdır. Çünki hakim komandada ciddi iddiaçılar peyda olub. Onlardan biri də prezident Buteflikanın qardaşıdır.

Hazırda Əlcəzairdə əsas siyasi təşkilat iqtidar partiyası olan Milli Qurtuluş Cəbhəsidir (FLN). Ehtimal olunur ki, hakim komanda içərisində Buteflikaya qarşı əsas namizəd istefada olan general Əli Ğedir hesab olunur. Onun arxasında isə 2015-ci ildə istefaya göndərilmiş Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin sabiq rəhbəri general Məhəmməd Tofiq var. Məsələ ondadır ki, Buteflikanın yaxın adamlarından olan və hər dəfə seçilməsində həlledici rol oynayan general Tofiq 2015-ci ildə korrupsiyada ittiham olunaraq işindən azad ediləndə onun rəhbərlik etdiyi struktur təmizlənib və baş qərargah rəisinin nəzarətində olan qurum yaradılıb.
İndi isə ehtimal olunur ki, Buteflika uzaqlaşsa da, onun komandasındakı qrup öz adamını gətirmək istəyir. Təbii ki, bu səbəbdən də indi iqtidar komandası yekcins deyil və parçalanıb.
Məsələ həm də ondadır ki, ölkəni faktiki olaraq müstəqillikdən sonra idarə edən Milli Qurtuluş Cəbhəsi indi xalqın gözündən düşüb və üstəlik daha əvvəlki terror, vətəndaş müharibəsinin qayıtması barədə xəbərdarlıqlar o dövrü görməyən gənc nəsli narahat etmir.
Məlum olduğu kimi, müsəlman dünyasında başlayan islami oyanış dalğasının təsiri altında 1991-ci ildə keçirilən seçkilərdə islamçıların Milli Səlamət Cəbhəsi təşkilatı qalib gəlib. Ancaq hakimiyyət seçkinin nəticələrini tanımayıb. Daha sonra ordu hökuməti istefaya göndərərək islamçıların hakimiyyətə gedən yolunu bağlayıb, Milli Səlamət Cəbhəsi təşkilatını ləğv edib. Bunun əvəzində islamçı qruplar silahlı mübarizəyə başlayıb və nəticədə 10 il davam edən və 150 min insanın həyatına son qoyan vətəndaş müharibəsi başlayıb. Lakin indi vətəndaş müharibəsinin başa çatmasından az qala 20 ilə yaxın vaxt keçir və 30 faizdən çox əhalinin gənclər təşkil etdiyi ölkədə aktiv və narazı kütlə o “qorxulu illəri” xatırlamır. Bu səbəbdən də Milli Qurtuluş Cəbhəsinin necə deyərlər, arqumenti indi çox zəifləyib və hakimiyyətə yeni qüvvənin gəlməsi reallığa çevrilib. Məhz bu səbəbdən də hakim partiya da baş qərargah rəisinin çağırışını dəstəkləyib.
Əlcəzair Konstitusiyasının 102-ci maddəsinə əsasən prezident vəzifəsini icra edə bilməyəcək vəziyyətə gələndə Konstitusiya Məhkəməsinin iclası çağırılır və orada prezidentin vəzifəsini icra edə bilmədiyi barədə qərar verilməlidir. Bundan sonra iki palatalı parlamentin hər iki qanadı, “Milli Xalq Məclisi” və “Millət Məclisi” (Senat) bu qərarı üçdə iki səs çoxluğu ilə qəbul edərsə, Senatın sədri prezidentin səlahiyyətlərinin icrasını 45 gün müddətinə öz üzərinə götürür. Əgər 45 gün ərzində prezidentin vəziyyəti dəyişməsə, o zaman prezident vəzifəsindən uzaqlaşdırılmış hesab olunur və ölkədə yeni seçkilər elan edilir. 45 gün ərzində prezident seçkiləri keçirilir və yeni prezident seçilir.
İndi əgər proses qaydasında davam edərsə, Senatın sədri Əbdülqadir bin Saleh ölkənin keçid dövründə prezident səlahiyyətlərini icra edəcək. Maraqlıdır ki, hazırda Milli Qurtuluş Cəbhəsi Mərkəzi Komitəsinin 400 üzvündən 100-ü ordunun planını dəstək verib.
Hazırda Əlcəzairdə xeyli mürəkkəb situasiya var. Bir tərəfdə ordu və onun komandanlığı, digər tərəfdə iqtidar komandası, eləcə də hakimiyyətlə ittifaq içərisində olan siyasi partiyalar var. Digər tərəfdə isə etirazçı xalq və onun yeni liderləridir.

Ərəb mediası indi Əlcəzair küçə etirazlarının yeni qəhrəmanı kimi tanınmış vəkil Mustafa Buşaşinin adını tez-tez zikr etməyə başlayıb. Hətta onun Əlcəzairin növbəti prezidenti olacağını iddia edən media orqanları da var.
Siyasi aktivistlər Buşaşinin ölkəni keçid dövründə idarə etməsini istəyir. Buşaşi isə hələlik təmkinlidir, yerli mediaya bildirib ki, nə keçici prezident, nə də ümumiyyətlə prezident seçilmək fikri var. Amma Buşaşi ordunun təklif etdiyi formada 102-ci maddənin tətbiq olunmasını istəmir. Onun fikrincə, Konstitusiyanın 7-ci maddəsi tətbiq olunmalı və hökumət dəyişməlidir.
Əlcəzairədə hər nə qədər hazırkı etirazlar ümumxalq mahiyyətlidir, cəmiyyətin bütün təbəqələri, hətta həkimlər, müəllimlər də qatılsa belə, keçmişlə bağlı acı təcrübənin yaratdığı təhlükə qalır. Bunun isə əsas iki istiqaməti var: birincisi, ordu etirazlara müdaxilə edə, ölkədə vətəndaş müharibəsinin qarşısını almaq adına etirazları dağıda və hətta hakimiyyəti ələ keçirə bilər.
İkinci ciddi risk isə hadisələrin yenidən vətəndaş müharibəsinə çevrilməsi təhlükəsidir. Doğrudur, hələlik Əlcəzair küçələrində islamçılar ayrı kütlə kimi gözə dəymir. "Amma 2011-ci ildə də küçə etirazlarının ilk periodunda "Misirdə də" islamçılar küçələrdə deyildi, sonrakı mərhələdə təşəbbüsü ələ aldılar. Siyasi islamçıların, xüsusən də “ixvan” xəttində olan qrupların aksiyalara qatıldığı, ancaq əks təpkilər doğurmamaq üçün şüar və simvoldan istifadə etmədiyi ehtimal edilir. Amma bu, o demək deyil ki, həmişə belə olacaq.
İslamçıların ehtiyatlı davranmasının arxasında ciddi səbəblər və 1991-ci ildən qalan acı təcrübə var. Amma aydındır ki, “ərəb baharı”nın beşiyi olan Şimali Afrikada ən aktiv sosial-siyasi qrupların olduğu Əlcəzairdə dini hərəkatlar var və onlar münasib zamanı gözləyir. Lakin tələsik atılan addım və ya nəzarətdən çıxan hərəkətlər ölkəni yenidən xaosa sürükləyə bilər. Buna görə də həm ordu, həm də islamçılar ehtiyatlıdır. Heç kim “arı pətəyinə” çubuğu birinci soxmaq istəmir.
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”






