İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertlər növbəti yarım ili necə proqnozlaşdırır: Neft “ədalətli qiymət”inə qayıdacaqmı?

975 09.06.2019 14:55 İqtisadiyyat A A

Dünya neft birjalarından pozitiv xəbərlər daxil olmaqdadır. Belə ki, bir müddət öncə ucuzlaşması ilə gündəmə gələn  qara qızıl yenidən bahalaşmaqdadır.

Belə ki, son xəbərlərə əsasən Londonun ICE   birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,62 dollar artaraq 63,29 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,40 dollar bahalaşaraq 53,99 dollar təşkil edib. 

Qeyd edək ki, neftin ucuzlaşdığı günlərdə "Lukoyl"un prezidenti Vahid Ələkbərov  açıqlama verərək bildirmişdi ki, neftin qiymətini 60-70 dollar səviyyəsində saxlamaq mümkün olacaq: “OPEK+" səyləri neft üçün münasib olan qiyməti, yəni 1 barel üçün 60-70 dollar səviyyəsini saxlamağa imkan verəcək. Neft üçün münasib qiymət 60-70 dollardır, lakin bu gün qiymət aşağı səviyyədədir. Ona görə biz ümid edirik ki, nazirlərimizin gördüyü tədbirlər neftin qiymətini yuxarı səviyyəyə qaldırmağa imkan verəcək".

Bəs, indiki halda “Lukoyl" prezidentinin proqnozu nə dərəcədə özünü doğruldacaq? Yerli ekspertlər necə hesab edir, dünya bazarında neftin qiyməti Azərbaycan dövlət büdcəsində nəzərdə tutulan həddən aşağı düşə bilərmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a açıqlamasında bildirdi ki, cari ildə neftin qiyməti orta hesabla 65 dollar ətrafında olacaq: “Vahid Ələkbərov neftin qiymətinin 60-70 dollar ətrafında dəyişəcəyini deyibsə, bu iki ədəd arasında 10 dollar fərq var. Faiz etibarilə  bu kifayət qədər fərqdir. Bu isə o deməkdir ki, neftin bu iki qiymət arasında var-gəl etməsi üçün kifayət qədər məsafə var. 10 dollarlıq dəhliz götürülüb və şirkətlər öz gəlirlərini bu istiqamətdə proqnozlaşdırıblar. Bu isə o deməkdir ki, bu qiymətlər onlar üçün normaldır və hər hansı problem törətmir. Son 5 ayın nəticələrinə görə “Brent” markalı neftin orta qiyməti 66 dollardan yuxarı olub. Bu da kifayət qədər normal göstəricidir və ona dəlalət edir ki, cari ilin ikinci  yarısında neftin qiyməti 60 dollar ətrafında olsa belə , birinci yarısını 65 dollardan götürmək olar”.

İ.Şabanın sözlərinə görə, neftin qiyməti ilə bağlı bədbin proqnoz özünü doğrultmayacaq: “Ötən ilin sonunda Rusiya və digər iqtisadiyyatı neftdən asılı olan ölkələr tərəfindən, o cümlədən, ABŞ-ın müəyyən dairələri tərəfindən  proqnozlar səslənirdi ki, neftin qiyməti bədbin proqnozla 40 dollar və ondan daha aşağı ola bilər. Ancaq biz görürük ki, bu ssenari praktikada özünü doğrultmur. İkincisi bu həddə yaşanan balatillik, neftin qiymətinin birdən-birə 10 dollara yaxın aşağı düşməsi heç də ona əsas vermir ki, bundan sonra da qiymətlər kəskin ucuzlaşma ilə davam edəcək. Ona görə ki, neftin qiymətinin ucuzlaşmasında əsas amil ticari müharibələr idi. ABŞ-la Çin arasında ticarət müharibələri və Amerika ilə Meksika arasında əlavə 5 faizlik verginin tətbiqi idi. İndi bu gün neftin qiyməti 1,5 dollar ətrafında bahalaşır. Buna təsir edən amil isə  Ağ Evin bu ticarət müharibələrinin yumşaldılması ilə bağlı bəyanat verməsidir. Bu cür bəyənatlar birjalara çatan kimi neftin qiymətində aşağı düşmələr özünü göstərir. Digər tərəfdən əsas istehsalçı ölkələrdəki vəziyyət neftin qiymətinə təsir edir”.

Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatının neft həcmlərini həzm etmək qabiliyyəti də əsas şərtdir: “Gündəlik istehsal 100 milyon bareli ötsə də, dünya iqtisadiyyatı bunu həzm edə bilir. Bu isə o deməkdir ki, neftin qiymətinin 70 dollardan aşağı düşməsində təşviş keçirmək lazım deyil. Ona görə də, neftin qiyməti 2016-cı ilin ikinci yarısından etibarən 50 dollardan yuxarı bir seqmentdədir və dünyadakı bütün istehsalçılar və istehlakçılar da buna öyrəşib. Mən ona da inanmıram ki, neftin qiyməti 100 dollara qalxsın və ya “ədalətli dəhliz” deyilən 60-65 dollardan aşağı düşsün. Bu il üçün aprel ayında bir sıra enerji agentlikləri və investisiya bankları, o cümlədən Dünya Bankı , reytinq agentlikləri cari il üçün öz qiymət proqnozlarını korreksiya  etdilər. Bu qiymətlərin hamısı “Brent” markalı neft üçün 65-67 dollar civarında dəyişir. Heç birində 65 dollardan aşağı hədd yoxdur. Bundan öncəki proqnoz isə 61-62 dollar idi”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR