İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Neftin qiymətini 55-60 dollar arasında saxlamağa çalışacaqlar”

Neftin qiymətinin aşağı düşməsi, neft istehsalçısı olan ölkələri düşünməyə vadar edib. Belə ki, artıq Rusiya məsələ ilə bağlı mövqeyini dilə gətirib. Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, neft hasilatının azaldılması gələn ilin birinci və ikinci rüblərini əhatə edəcək. Nazirin sözlərinə görə, istehsalçı ölkələrlə əldə ediləcək razılıq neft bazarının xeyrinə olacaq.

Qeyd edək ki, dekabrın 6-da Vyanada OPEK Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Toplantıda OPEK üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunması gözlənilir. İclas çərçivəsində Rusiya ilə OPEK-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırılır.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli Vyana görüşünün olduqca əhəmiyyətli odluğunu dedi: “Burada OPEK və qeyri-OPEK ölkələrinin, o cümlədən də Rusiyanın iştirakı ilə toplantı gözlənilir. OPEK-in idarə heyəti ilkin təklif kimi hasilatın gələn ildən başlayaraq, növbəti dəfə 1.3 milyon barel azaldılmasını təklif edir. OPEK ölkələrindən isə bu təkliflə bağlı, hələ ki ciddi reaksiya yoxdur. G-20 toplantısı çərçivəsində Rusiya prezidenti Putinlə Səudiyyə şahzadənin görüşü olub. Son məlumatlar belədir ki, hələ ciddi razılığa gəlinməyib. İlkin niyyət kimi belə bəyanat olub ki, neft qiymətləri ciddi şəkildə izləniləcək və lazım gələrsə, müdaxilə ediləcək. OPEK-ə daxil olmayan ölkələrin əsas oyunçusu bəllidir ki, Rusiyadır. Ona görə də bu görüşün nəticələri çox şeyi deyəcək. Burada maraqlı cəhət ondan ibarətdir ki, Səudiyyə hasilatın azaldılmasına qol qoymasa, yəni buna razılıq verməsə, OPEK-in qərarı çıxmayacaq. Çünki OPEK-in ən vacib ölkəsi Səudiyyədir. OPEK-in istehsal etdiyi neftin 34 faizinə yaxınını Səudiyyə istehsal edir. Səudiyyə ona görə bu məsələdən çəkinir ki, ABŞ-ın məsələ ilə bağlı çox sərt mövqeyi var. Hətta ”NOPEK" adlı qanun layihəsi də hazırlayıb, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçiriblər. Bu layihə artıq yanvar ayından etibarən Konqresə təqdim edilə bilər. Səudiyyə anlayır ki, belə bir qanun qəbul olunarsa, Amerika məhkəmələrinin verdiyi qərarın təzminatını OPEK çərçivəsində ən çox onlar ödəməli olacaq. Ona görə də burada sərt addımlar atmaqdan çəkinir. Son zamanlar Qaşıqçı olayından sonra Amerikanın Səudiyyəyə qarşı daha sərt davranmasının səbəblərindən biri də, hesab edirəm ki, neft qiymətləri ilə bağlıdır. Trampın əsas hədəflərindən biri neft qiymətlərinin aşağı salınması, Amerikada benzinin ucuzlaşdırılması və 2020-ci il seçkilərində daha çox xal toplamasıdır".

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı hesab edir ki, Vyanada kəskin qərar olmayacaq: “Lakin istər OPEK , istərsə də Rusiya tərəfindən ciddi sözlü müdaxilələr olacaq. Bu müdaxilələr bazara psixoloji təzyiq göstərəcək. Deyəcəklər ki, əgər qiymət daha da aşağı düşərsə, hasilatın sərt azaldılması ilə bağlı müdaxilələr olacaq. Ciddi sözlü müdaxilələrlə bazarda qiymətlərin sabitləşməsinə çalışacaqlar. Putinin də açıqlaması oldu ki, 60 dollar civarında olan neft, həm istehsalçıları, həm də istehlakçıları qane edə bilər. Hazırda brent markalı neftin qiyməti 58 dollar civarındadır. Təxminən bu hədlərdə sabitləşdirməyə çalışacaqlar. Əsas hədəf kimi qiymətlərin daha da aşağı düşməməsinə çalışacaqlar, nəinki qiymətləri qaldırmağa”.

İqtisadçı proseslərin fonunda Azərbaycanın vəziyyəti barəsində də danışdı: “Azərbaycan Rusiya ilə birgə OPEK-ə daxil olmayan ölkələr sırasında bu danışıqlarda iştirak edir. Azərbaycanın hasilatı çox aşağıdır və buna görə də daha da azaldılması bazarlara ciddi təsir göstərəcək amil deyil. Yeri gəlmişkən, Azərbaycanda hasilat təqribən 28 min barel artım var. Lakin bu da bazara ciddi təsir edəcək amil deyil. Ona görə də Azərbaycan da gözləyəcək ki, OPEK tərəfindən hansı qərarlar veriləcək. Çox güman ki, verilən qərarı dəstəkləyəcəyik. Çünki Azərbaycanın qərarlara və dünya bazarına təsir etmə mexanizmi yoxdur. Hazırda dünya neft bazarında 3 ölkənin ciddi söz demək imkanı var. Bu Amerikadır ki, hasilat 11.4 milyon bareldir, Səudiyyə Ərəbistanıdır ki, 11. 1 milyon barel və Rusiyadır ki, hasilatı 11.2 milyon bareldir. Dünyada gündəlik hasil olunan neftin 30 faizini bu 3 ölkə verir. Düşünürəm ki, Vyanadakı görüşdən sonra bazarda neftin qiymətini 55-60 dollar arasında saxlamağa çalışacaqlar. Amerikanın istəyi isə qiymətlərin təqribən 50 dollara qədər aşağı düşməsidir. Belə olarsa, Amerikada benzin ucuzlaşar, Tramp ciddi xal qazanar”.

Əli RAİS,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR