Hökumət Bakının bütün mikrorayonlarında "Xruşşovka" kimi tanınan binalar mərhələli şəkildə söküləcəyi anonsunu verdi. Qeyd edildi ki, söküntüyə ilk olaraq, 1-ci mikrorayonunda "Xruşşovka" tipli yaşayış binalarından başlanacaq.
Baş nazirinin müavini Abid Şərifov da jurnalistlərə açıqlamasında vurğuladı ki, söküləcək binaların yerində 9 və 12 mərtəbəli binalar, eləcə də sosial obyektlər, məktəblər, uşaq bağçaları tikiləcək. Bu isə o deməkdir ki, yaxın vaxtlarda paytaxtda uzun illər davam edəcək yeni tikinti bumu başlaya bilər.
Bəs, hökumət iqtisadi baxımdan bu tikinti bumuna hazırdırmı? Yeni binaların tikilməsi və "Xruşşovka"larda yaşayanların yeni mənzillərdə yerləşdirilməsi üçün maliyyə imkanları nə qədərdir?
“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Ramil Osmanlı bildirdi ki, hökumət bu layihəyə investorları cəlb edə bilər: “Hökumətin tikinti bumuna iqtisadi hazırlığı məsələsi ilə bağlı mənim də tərəddüdlərim var. Lakin hesab edirəm ki, bu proses tam olaraq daxili resurslar hesabına, dövlət büdcəsi hesabına həyata keçirilməyəcək. Böyük ehtimalla hökumət yəqin ki, danışıqlar aparıb. İlkin razılaşmalar var. Burada investorların tikinti prosesinə cəlbi məsələsi aktual olacaq. Çox güman ki, bu prosesə yerli və xarici investorlar cəlb olunacaq. Çünki indiki şəraitdə hökumətin bu cür layihələri böyük vəsaitlər ayırmaq imkanında olduğunu zənn etmirəm. Hətta imkan olsa belə , hazırki iqtisadi şəraitdə hökumətin bu addımı atması Azərbaycanın risklərini artıra bilər. Burada söhbət təqribən 1700-dən artıq ailənin köçürülməsindən gedir. Həmin ailələrin bir il müddətinə 400 manatdan kirayədə qalması üçün 8-9 milyon manat vəsait tələb olunur. Eyni zamanda yeni tikililər və həmin ərazilərdə infrastrukturun bərpası da külli miqdarda vəsait tələb edir. Ona görə də, böyük ehtimalla hökumət bu layihəyə kənar investorları cəlb edəcək. Ya da büdcə vəsaitindən kənar maliyyə mənbələri hesabına həyata keçiriləcək”.
Nərgiz LİFTİYEVA
Musavat.com






