İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert Avropa şirkətlərinin Azərbaycanda gördüyü risklərdən danışdı

623 14.06.2019 23:24 İqtisadiyyat A A

Rəşad Həsənov: “Bu risklər bir sıra iqtisadi göstəricilərdə də əksini tapıb”

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı  (Aİ) şirkətləri arasında keçirilmiş sorğu nəticələri əsasında hazırlanan hesabat açıqlanıb.  Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir ki, Azərbaycandakı Aİ şirkətlərinin 65 faizi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.

Sənədə əsasən, Aİ şirkətlərinin 75 faizi yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18 faizi buna əmin olmadığını, 7 faizi isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib. 

Bundan başqa, şirkətlərin 64 faizi bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını bildirib. 

Şirkətlər Azərbaycanda biznes üçün riskləri də açıqlayıb. Rəyi soruşulanların 68 faizi bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61 faizi bürokratiyanı, 57 faizi korrupsiyanı, 53 faizi ixtisaslı kadr çatışmazlığını, 46 faizi isə inflyasiyanı risk kimi göstəriblər. 

Qeyd edək ki, Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür. İndiyədək Aİ tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın Aİ ölkələrinin iqtisadiyyatına yatırımı isə 15 milyard dollar təşkil edir. 

Rəşad Həsənov ile ilgili görsel sonucu

Rəşad Həsənov

Hazırda Azərbaycanda 1600 Avropa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər iqtisadiyyatın demək olar ki, bütün sahələrində təmsil olunublar. Bu baxımdan, onların rəyinə əsaslanan hesabat real vəziyyəti obyektiv əks etdirir. İqtisadçı-ekspert Rəşad Həsənov bu fikirdədir. Onun “Yeni Müsavat”a dediyinə görə, prosesin içərisində olmayan subyektlərin rəyi reallığı obyektiv əks etdirməyə bilər: “Kənar şəxslərin qiymətləndirilməsi hansısa xətalara gətirib çıxara, real vəziyyətin doğru dəyərləndirilməməsinə səbəb ola bilər. Məsələn, biz dəfələrlə qeyd etmişik ki, Dünya Bankı biznes hesabatını hazırlayarkən daha çox qanunvericiliyə edilən dəyişiklikləri və mövcud prosedurları əsas götürür və Azərbaycanda bu və ya digər sahədə ciddi irəliləyişlərin olduğunu qeyd edir. Lakin reallıqda qanunvericiliyə əməl olunma səviyyəsi xeyli aşağı olduğu üçün aparılan dəyişikliklər biznesin fəaliyyətini ən azı gözlənildiyi qədər asanlaşdırmır. Bu baxımdan, real olaraq prosesin içərisində olan subyektlərin rəyi öyrənilən sorğular ortaya daha real hesabatlar qoymağa imkan verir”.

İqtisadçı deyir ki, Aİ hesabatı müstəqil ekspertlərin qeydə aldığı problemləri ortaya qoyub: “Aidiyyəti qurumlar, dövləti iqtisadi siyasətini hazırlayan tərəflər bu kimi sorğunun nəticələrinə olduqca diqqətlə yanaşmalı və dərs çıxarmalıdılar.Son 3 ildə iqtisadiyyatən şaxələndirilməsi, inkişaf etdirilməsi üçün strateji yol xəritələri və dövlət proqramları çərçivəsində xeyli islahat xarakterli addımlar atılıb. Lakin biz hələ də təməl problemləri həll edə bilməmişik.  Bu, iqtisadiyyatın inkişafına dair əhəmiyyətli göstəricilərdə də öz əksini tapır: iqtisadi artım tempinin aşağı olması, iqtisadiyyata birbaşa investisiyaların azalması və sair. Bu göstəricilər və açıqlanan hesabat göstərir ki, ölkədə daha köklü və fundamental iqtisadi islahatların aparılmasına ehtiyac var. İlk növbədə xarici investorları inandırmalıyıq ki, Azərbaycanda aparılan islahatlar səmimidir və birmənalıdır. Bəzi hallarda sadəcə, islahat, dəyişiklik görüntüsü yaradılması ilə kifayətlənilir. Bu isə praktik olaraq biznesə sirayət edə bilmir”.

R.Həsənovun fikrincə, ölkədə aparılan hüquqi islahatların real iqtisadiyyata transformasiyası zəifdir: “Burada müxtəlif faktorlar var. Bunlardan biri idarəetmənin köhnəlməsidir. Hansı ki, ölkə başçısı bunu 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd etmişdi. İnstitutsional islahatlar da zəif aparılır. Eyni zamanda bir sıra qurumlar onların mənafelərinə zərər vuran məsələlərdə islahatları sabotaj edirlər. Bu kimi hallar aradan qaldırılmalıdır. İndiki halda elektronlaşma aşağı səviyyədə korrupsiyanı xeyli dərəcədə neytrallaşdırsa da, daha iri miqyaslı fəaliyyətlərdə korrupsiya riskləri hələ də qalmaqdadır. Şəffaflıq və hesabatlılıq sahəsində ciddi çatışmazıqlar qalmaqdadır. Bütün bu problemlər keçirilən sorğuda da əksini tapıb. Buna görə də hesabatda qeyd olunan problemlərin  aradan qaldırılması üçün institutsional dəyişiklər həyata keçirilməli, problemlər aradan qaldırılmalıdı.”

Aİ şirkətlərinin Azərbaycanda qeydə aldıqları problemlər Azərbaycanın bu qurumla əməkdaşlığa dair strateji əməkdaşlıq sazişinin imzalanması prosesinə də təsir edən əsas amillərdəndir: “Bu problemlər sazişlə bağlı danışıqlarda müzakirə oluna bilər. Çünki Azərbaycanda mühafizəkar iqtisadi rejimin tətbiqi, dövlət satınalmalarının açıq olmaması, korrupsiya elementləri və hesabatlılıq və digər məsələlər danışıqların əsas mahiyyətinə daxildir. Çox təəssüf ki, bəzi hallarda bu sahələrdə real islahat aparmaq istəməyən qüvvələr kənd təsərrüfatının subsidiyalaşması məsələsini qabardırlar. Amma uzun illərdir həyata keçirilən bu subsidiyalaşmanın real təsirlərini, nəticələrini qiymətləndirən olmur. Biz aqrar sektora bu qədər subsidiya ayırmaqla nəyə nail olmuşuq? Hansı böyük dvidentlər qazanmışıq? Bu suallara cavab verərsək, mənim fikrimcə, biz bu subsidiyalardan gözlədiyimi effekti ala bilməmişik. Buna görə də subsidiyalaşma mexanizmini başqası ilə əvəz etməyin zamanı gəlib”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR