İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “ABŞ-ın İranla bağlı indiki siyasəti nəticə verməyəcək”

749 07.08.2019 10:00 Siyasət A A

ABŞ prezidenti Donald Trampın İranla bağlı imzaladığı sanksiyalar genişlənməkdədir. Rəsmi Vaşinqton 2015-ci ildə İranla imzalanan “nüvə razılaşmasına” xitam verdiyini açıqladı. Donald Tramp İranı cəzalandırmaq məqsədilə bu ölkənin beynəlxalq neft ixracına və sənaye məhsullarnın ixracına məhdudiyyətin tətbiq edilməsi barədə göstəriş verdi.

2015-ci ildən bu günə qədər sanksiyaların siyahısı xeyli genişlənib, İranın çöküşü haqda rəylər də müvafiq olaraq artıb. Amma uzun illər geosiyasi düşmənçilik vəziyyətində olan İran-ABŞ arasındakı siyasi gərginlik Donald Trampın prezident seçilməsindən sonra daha da gərginləşib. Bu gərginliyin əsas səbəbi Vaşinqonun və onun müttəfiqləri olan ərəb ölkələrinin İranın Şərq regionunda artan siyasi-hərbi nüfuzudur. Yəmən, İraq, Livan, Suriya, Bəhreyn kimi ölkələrdə şiə müsəlmanların artan fəallığı körfəz monarxiyalarını olduqca narahat edir.

Yeni qəbul edilən sanksiyalar 2015-ci illə müqayisədə özündə daha ağır şərtləri ehtiva edir. Bu sənədə görə, İran özünün “nüvə silahı” arzusundan birdəfəlik əl çəkməli və adıçəkilən ölkələrdə fəaliyyət göstərən şiə icmalarına verdiyi siyasi-hərbi dəstəyə son verməlidir.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, qonşu dövlətin 1979-cu ildən belə sanksiyalara immuniteti var: “İran həmin dövrdən sonra güclənib, güclənmək üzrə də gedir. Düzdür, sanksiyalardan sonra İranda bahalaşma gedib, qıtlıq yaranıb, neft satışında problemlər var. Amma nəzərə almaq lazımdır ki, İran dini əsasları olan ideoloji dövlətdir. Bu dövlət hansısa sağçı, solçu ideyalar üzərində qurulmayıb. İdeoloji dövlətlərlə təhdid dili ilə danışmaq çətin məsələdir. Zamanında SSRİ ideoloji dövlət idi. O zamanlar əhalisi çətin durumda yaşayırdı. O dövrdə ABŞ SSRİ-yə sanksiyalar tətbiq edirdi. Amma SSRİ-ni sanksiyalara görə deyil, aşkarlıq və yenidənqurma tezisləri ilə dağıtdılar. İran böyük dövlətdir, təbii ehtiyatları yetərincədir, onu sanksiyalarla dağıtmaq qeyri-mümkündür. ABŞ istəyirsə ki, İran planet üçün təhlükəli dövlət olmasın, tamam başqa format seçməlidir. Sanksiyaların siyahısını genişləndirməklə, Cavad Zərifə, Ruhaniyə qarşı addımlar atmaqla, neft satışına embarqolar qoymaqla məsələni həll etmək mümkün olmayacaq”.

Картинки по запросу İlham İsmayıl

İlham İsmayıl deyir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün daha ciddi tədbirlər görülməlidir: “İranda əhali rejimi dəyişdirmək gücündə deyil. SSRİ-də rejimi xalq dəyişdirdi. Xalq o səviyyəyə çatdırıldı ki, rejimi dəyişdi. ABŞ-ın İranla bağlı indiki siyasətinin nəticə verməyəcəyini düşünürəm”.

Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər də deyir ki, İran sanksiyalar rejiminə öyrəşib, bu baxımdan ABŞ sanksiyalarının tezliklə təsirinin olacağını gözləmək lazım deyil: “Çünki 10 illərdir ABŞ İrana sanksiyalar tətbiq edir. Qısa bir zamanda nüvə razılaşmasından sonra yüngülləşdirilsə də əslində heç götürülməmişdi. İranın sosial-iqtisadi sistemi, İran cəmiyyəti sanksiyaların tətbiqinə böyük ölçüdə uyğunlaşıb. İran cəmiyyəti, tarixi də nəzərə alınarsa, müxtəsər cəmiyyətdir, xarici təzyiq, təhdid, müdaxilə  olduqda heç nəyə baxmayaraq xarici təhlükə qarşısında birləşir. Bunu unutmaq olmaz. İranın qədim dövlətçilik ənənələrini nəzərə almaq lazımdır”.

Картинки по запросу Sülhəddin Əkbər

Sülhəddin Əkbər: “İranın siyasi, dini, təhlükəsizlik sistemi kifayət qədər güclüdür”

Sülhəddin Əkbərin sözlərinə görə, ABŞ-ın İrana qarşı ağır sanksiyalarından qısa zaman keçib. Təsirlərinin üzə çıxması üçün isə uzun zaman lazımdır: “İranın siyasi, dini, təhlükəsizlik sistemi kifayət qədər güclüdür. Yəni zor aparatı kifayət qədər güclüdür. İran cəmiyyəti də bundan çəkinir”.

Sülhəddin Əkbərə görə, sanksiyaların təsirli olması üçün digər addımlar atılmalıdır: “İran daxilində aktiv iş aparılmalıdır. Bu iş isə hələlik başlanmayıb, aparılmır”.

Sülhəddin Əkbər hesab edir ki, ABŞ prezidenti Donald Trampın məqsədi İranı Şimali Koreya kimi hədələməklə daçışıqlar masasına əyləşdirməkdir: “İranı güc nümayişi ilə danışıqlara məcbur etmək strategiyası aparılır. Tramp komandasının İranın dağıdılması məqsədi görünmür. İrana güc nümayişi, ağır sanksiya tətbiqi ilə dini-siyasi rəhbərliyi danışıqlar masası arxasına gətirmək və 5+1 nüvə sazişindən daha əlverişli saziş imzalamağa məcbur etməkdir. Tramp hələlik İrana münasibətdə Şimali Koreyaya tətbiq olunan strategiyaya bənzər strategiyadan çıxış edir. Odur ki, sanksiyalar təsirsiz kimi görünür”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR