İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm Həsənov: “Problemli kreditlər artsa da, bu dəfə proses daha yüngül keçəcək”

453 27.05.2021 19:10 İqtisadiyyat A A

Bank sektoru ilə bağlı yayılan yeni rəqəmlər vəziyyətin nisbətən yaxşılaşdığını göstərir, lakin neqativ məqamlardan biri problemli kreditlərin artması ilə bağlıdır.

Belə ki, bu il mayın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 14 611,8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatın görə, bu, aprelin 1-i ilə müqayisədə 1,8% çoxdur. Bankların kredit qoyuluşu ilin əvvəlinə nisbətən 2,1% artsa da, son 1 ildə 0,9% azalıb.

Bu il mayın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu isə 8 352,9 milyon manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 2,5 % çoxdur. Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 5,6%, son 1 ildə isə 7,7% artıb.

Vaxtı keçmiş kreditlərin məbləği isə bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib. Bu aprelin 1-i ilə müqayisədə 0,4% çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 25,2% azalıb. Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il aprelin sonuna isə 8,1% olub.

Bəs görəsən, pandemiyadan sonra yaranan böhranı, sahibkarların üzləşdiyi çətinlikləri, bir çoxlarının müflis olmasını, işsizliyin artmasını nəzərə alsaq, yenə də 2015-ci ildə yaşandığı həddə problemli kreditlə üzləşə bilərikmi? Yoxsa bu dəfə vəziyyət daha yüngül olacaq?

Bankların mövcud durumunu dəyərləndirən Əkrəm Həsənov da Musavat.com-a açıqlamasında bildirib ki, problemli kreditlər artsa da bu dəfə bank sektoru üçün daha yüngül keçəcək: “Çünki ötən dəfə problem devalvasiya ilə bağlı idi və o zaman bu, hamı üçün gözlənilməz idi. Həmin problem vətəndaşlar üçün həllini tapdı. 2018-ci ilin 28 fevral tarixli prezident fərmanı ilə 10 min dollaradək olan problemli kreditlər həllini tapdı. İndiki problemli kreditlər isə pandemiya ilə bağlıdır və bütün dünyada var. İnsanların gəlirlərinin azalması və ya hansısa sahibkarlıq subyektinin fəaliyyətinin zəifləməsi kreditlərin ödənilməsində də problem yaradır. Ancaq artıq karantin məhdudiyyətləri aradan qalxır.

Ona görə də tədricən bərpanı görürük. Bəli, problemli kreditlər bu il ərzində böyük ehtimalla artacaq. Ancaq əvvəlki kim dramatik olmayacaq. Əksər borclular iş fəaliyyətini və ya biznes fəaliyyətini bərpa etdikcə kreditlərini ödəyəcəklər. Elə biznes sahələri də olacaq ki, onlar yaxın illərdə onsuz da bərpa oluna bilməyəcəklər. Bu, əsasən turizm sektoru ilə bağlıdır”.

Ə.Həsənovun sözlərinə görə, devalvasiya dövründə borc iki dəfədən çox artmışdı:

“İndi isə banklar yığılmış faizləri tələb etsələr də cərimələri hesablamırlar. Bu baxımdan müştərilərin əsas problemi faizlərin ümumi məbləğin üzərinə gəlməsidir. Ancaq bu, yenə də borcun ikiqat artması demək deyil. Devalvasiya dövründə biz bunu gördük. Hər bir halda düşünürəm ki, iş yerləri bərpa olunmayacaq, maaşlar uzun müddət əvvəlki kimi olmayacaq. Ona görə də, problemli kreditlər artacaq”.

Əmanət qoyuluşuna gəlincə, Ə.Həsənov bildirib ki, pandemiyadan öncə ilə müqayisədə azalma var: “Son aylardakı artım isə karantin rejiminin yumşalması ilə bağlıdır. Bu onu deməyə əsas verir ki, açılımlar getdikcə vəziyyət müsbətə doğru dəyişəcək”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR