Ekmeleddin İhsanoğlu: “Xalqın sürpriz edəcəyinə inanıram”
Türkiyənin müxalifət partiyalarının 10 avqust prezident seçkisində vahid namizədi professor Ekmeleddin İhsanoğlu Türkiyənin ən böyük media quruluşlarından olan “Cümhuriyyət” qəzetinə müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.
- İslam İşbirliyi Təşkilatının rəhbərliyindən gedəndən qısa zaman sonra gərgin bir seçki kampaniyasına başladınız. Bu tempə alışmısınızmı?
- Gərgin çalışmaqla bağlı bir şikayətim yoxdur. Əksinə, çalışmayanda darıxan insanam. Son 9 ildə dünyanı 62 dəfə dövr etmişəm, 100-ə yaxın ölkəni ziyarət etmişəm. Ona görə də Türkiyəyə qayıdandan sonra gərgin iş qrafikindən çox məmnunam. Xalqla birbaşa təmaslar mənim üçün böyük təcrübədir. İnsanların diqqəti, sevgilərini, sayğılarını ifadə etmələri böyük bir həyəcandır. Açığı, mən bu ölçüdə gözləmirdim. İkincisi də ölkədə israrla dəyişiklik istəyən böyük bir təbəqənin olduğunu bilmirdim. Ona görə də 10 avqustda ciddi nəticələr olacağına inanıram. Çünki xalq gərginlikdən, cəbhələşməkdən, heçə sayılmaqdan bezib.
- Təbliğat kampaniyasının müddəti azaldılıb, üstəlik, dəfələrlə bildirmisiz ki, namizədlərin mübarizə imkanları bərabər deyil. Çətin deyil ki?
- Seçki prosesi çox ədalətsizdir. Ancaq Türkiyə ilk dəfə ədalətsiz seçki keçirmir ki?... Bu xalq nələr görüb. Xalqın böyük sürpriz edəcəyinə inanıram. Biz əlimizdən nə gəlirsə, hamısını edirik. Təqdir millətindir. Hədəfimiz seçicilərin 60 faizinin səsini almaqdır. Biz yola 2 partiya ilə çıxdıq, qısa zamanda sıralarımıza 10 partiya da qoşuldu. Ortada 3 namizəd var. Xalq onlardan hansının dövlətə daha yaxşı xidmət edəcəyini, xalqın bütünlüyünü qoruyacağını düşünürsə, ona da səs verəcək. Mən bu seçimin bizim lehimizə olacağını düşünürəm.
- Sürətlə daxili siyasətin zirvəsinə yüksələ bildiniz. Prezident seçilməsəz, daxili siyasətdə qalacaqsınızmı?
- (Gülərək) Seçiləndə görəcəksiniz.
- Sizin üçün “indiyə qədər harada idi” deyirlər. Sizin digər namizədlərdən fərqiniz nədir? Niyə vətəndaş sizi seçməlidir? Namizədliyiniz irəli sürüləndə sizi bəyənməyən seçici tanıdıqca sizi sevdimi?
- Antalyada üzündən nur yağan ağ saqqalı bir insan məni qucaqlayıb dedi ki, mən müsəlmanam, dindaram, amma Atatürkçüyəm, səsimi sizə verəcəm. İnsanların inandığını görmək qürur verməklə yanaşı ciddi bir məsuliyyət də yaradır. Oxşar sözləri İstanbulda da, Egey bölgəsində də, Qaradənizdə də, Orta Anadoluda da eşitdim. Mənə deyirlər ki, siz indiyə qədər hardaydınız, sizin kimi siyasətçiyə Türkiyənin çoxdan ehtiyacı var. Yəni ilk günlərdə “indiyə qədər hardaydı” sualı xalqla təmaslarımızdan sonra tonunu dəyişib.
- Son illər Türkiyə siyasətində sərt sözlər gündəmdə idi. Siz alışmadığımız jestləri gündəmə gətirdiniz. Necə qarşılanır?
- Biz seçki marafonu başladandan demişdik ki, Türkiyənin ən uca məqamı üçün yarışa giririk, bütün addımlarımız bu məqama layiq olacaq. Bu yarışın qarşılıqlı təhqir tonuna köklənməməsi üçün boynumuza düşəni etdik. Yarışan şəxslər həm bir-birinə, həm də o məqama sayğılı olmalıdırlar. Artıq bu vəhşi, qaba ifadələrin siyasi ədəbiyyatdan yığışdırılması zamanıdır.
- Amma baş nazir hələ də sizə “monşer” deyir, iqtidara yaxın media sizin haqqınızda əsassız iddiaları tirajlayır. Buna bir təpkiniz olacaqmı?
- İqtidar qara piarla məşğuldur. Deyirlər ki, Çankayaya çıxsam Quranı yasaqlayacam, dindarlara əziyyət edəcəm. Mən müqədəs kitabımıza həyatını həsr etmiş, bu yola xidmət etmiş, əsərlər yazmış, gənclər yetişdirmiş bir insanam. Biz hansı çağda yaşayırıq? İnsanların keçmişini araşdırmaq çox qolaydır.
- Prezidentliyə namizəd Selahəttin Demirtaşla aranızsa yumşaq dialoq oldu. Seçki ikinci tura qalsa, onunla görüşüb dəstək istəyəcəksinizmi?
- Mən birinci turda seçkini qazanacağıma əminəm. Sizə xalqımızın böyük sürpriz edəcəyini dedim. Diyarbəkirə hər hansı siyasi bazarlıq üçün getməmişdim, orada yaşayan insanları bu ölkənin gələcəyini, millətin bütünlüyünü və rifahını necə gördüyü anlatmağa getmişdim. Yarım saat mən danışdım, 3 saat da bölgə əhalisini dinlədim, bəzən onların təhrif edilmiş informasiyalardan qaynaqlanan suallarını bir-bir cavablandırdım. Sonda mənə “biz sizi tanımamışıq, seçkidə düzgün qərar verəcəyik” dedilər. Siyasətçinin vəzifəsi insanların qarşısına çıxıb öz siyasi intriqaları haqqında danışmaq yox, vətəndaşın nə istədiyini öyrənməkdir. Biz buna çalışırıq.
- Ərdoğan bildirib ki, Çankaya köşkünə çıxanda frak geyməyəcək. Sizin frakla bağlı fikirləriniz nədir?
- Bunlar detallardır. Bu məsələlərin üzərində mesaj göndərməyə belə dəyməz.
- Müsəlman dünyası Ramazan bayramını qeyd edir, Ortadoğuda isə qanlar axmaqda davam edir. Sizin müsəlman dünyasına mesajınız nədir?
- Cənab Allah bu günlərdə bizə əsir övladlarımızın geri dönməsini nəsib etsin, onlar bu bayramda ailələrinə qovuşsunlar.
Qəzzadakı durum, çox təəssüf, çox ağırdır. 2008-2009-cu ildə də eyni ssenari üzrə 1500 insan qətlə yetirildi, böyük dağıntılar oldu. Əslində bu dönəm bir daha yaxşı nəticələr ala bilərik. Çünki Fələstin dövləti tanınıb, BMT-yə müşahidəçi statusu ilə qəbul olunub. Beynəlxalq məhkəmələri müraciət hüquqları yaranıb. Bu imkanlardan istifadə edilməsi vacibdir. Türkiyə olaraq biz Fələstinə bu məsələlərdə dəstək olmalıyıq. Uzunmüddətli atəşkəs elan edilməsi üçün ciddi bir vasitəçilik missiyasına ehtiyac var. Türkiyə bölgədə barışın əldə edilməsi üçün cəhdlərini əsirgəməməlidir.
- AKP-nin namizədi olan Ərdoğan seçki kampaniyasına gələn yardımın miqdarını açıqlamır. Siz bu durumu necə dəyərləndirirsiniz?
- Biz Allahın bildiyini quldan saxlamarıq. Allaha şükür varımı, yoxumu kimsədən gizləmək fikrim yoxdur. Şəffaflıq istəyiriksə, bunu birinci özümüz bu prinsipə əməl etməliyik. Təqdir və müqayisə isə hər zaman xalqa aiddir.
Hazırladı Aygün Muradxanlı






