İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehram arzusunu haram edən yazı və Lahıca 5 dəfə gələn meksikalı

3269 29.04.2017 17:53 Yazarlar A A

Jurnalist həmkarımız, dostumuz, qardaşımız Kənan Quluzadə bu günlərdə Mədəniyyət TV-nin "Görüş yeri" verilişində iştirak edib, turizm mövzusunda danşıb, sonra bu barədə sosial şəbəkədə bir status yazıb.

Onun statusunun əsas məğzi budur ki, hər kəs özünü turizm sənayesinin bir hissəsi saymalıdır. Kənan yazmışdı: “İşləməliyik, aldatmamalıyıq. Turizm bitən deyil. Turizm dövlətin davamlı gəlir mənbəyidir”.
Qızıl kimi sözlərdir. Onu oxuyanda yadıma rus satiriki Mixail Zadornovun illər öncə Misirdən yazdığı qeydlər düşdü. Zadornov öz satirik qələmiylə Misir turizmini necə “vəsf”, necə təsvir eləmişdisə, daha dəqiqi, necə becərmişdisə, gedib o fironlar yurdundakı ehramları görmək, dəvəyə minib şəkil çəkdirmək kimi arzumu qəlbimn dərinliklrinə gömmüşəm.

Ona qədər dünyada gəzib-görmək istədiyim 4-5 yerdən biri də Misir idi. O biriləri də deyim. Biri Taitidir. Ora getmək, böyük rəssam Qogenin yaşayıb-yaratdığı ada guşəsində olmaq istəyirəm. Bir ara Aland adalarında olmaq arzum da vardı, o qismən reallaşdı, 2015-də o adanın 10 metrliyindən üzüb keçdim. Bir də baş redaktorumuz hər həftə deyir, istənilən gün çamadanını qablayıb, İsveçə, ordan da Aland adalarına gedə bilərsən. Biletlər ondan. Yəni bu məsələ həll olunub, sadəcə, uyğun vaxt və viza məsələsi var. Çiliyə getmək, Salvador Alyendenin məzarını ziyarət etmək niyyətim də var. Bunu da Elçin Alıoğlu söz verib. Onun orda dostları var, bizi çağıracaqlar. Alyaska isə məni artıq əvvəlki kimi cəzb eləmir. Bu qış vur-tut 4-5 dərəcə şaxta oldu, sınıq burnumu çölə çıxara bilmirdim, Alyaskanın, Toğrul İsmayıl demişkən, qandondurucu şaxtasna dözməyə məndə güc yoxdur. Vəssalam.

Misir-ehram-dəvə xəyalı da o gedən getdi. Çünki Zadornov misirli turizmçiləri yerin dibinə soxub çıxarmamışdı. Onun yazdığından belə aydın olurdu ki, misirlilər ölkələrinə girən hər bir turusti soymaq, aldatmaq, kələk gəlmək istəyir, imkan düşən kimi əşyalarını oğurlayırlar. Necə olubsa, satirik orda bir dürüst, namuslu turizmçiyə rast gəlməyib, bəxtindən hamısı dələduz çıxıb. Dəvəyə mindirmək üçün də pul istəyirmişlər, düşürmək üçün də, dəvəylə şəkil çəkdirmək üçün ayrıca “mani” tələb edirmişlər. Adi bir suveniri turistə 10, hətta 50 qat bahasına sırımağa çalışırmışlar. Məsələn, 5 dollarlıq bilərziyi 50-100 dollara satırmışlar.

O da gəlib bütün bunları, xidmətin bərbadlığını, tamahkarlığın bütün detallarını bittə-bittə yazmış, fırıldaqçı misirlilərdən, yaxud da misirli fırıldaqçılardan qisasını belə almışdı. Əmin olun ki, bu yazını oxuyan 100 adamdan 90-nı daha Misirə getmək istəməz. Zadornovun isə təkcə Rusiyada milyonlarla oxucusu, tamaşaçısı var.

Kənan Quluzadənin və mənim dediyimiz odur ki, biz misirli turizmçilər kimi olmamalıyıq, əlimizə düşən turistləri aldatmağa çalışmamalıyıq. Tutaq ki, mən taksi sürürəm və “20 Yanvar”da dururam, bir ingilis turist mənə yaxınlaşıb “İnşaatçılar” metrosunun yanındakı gül mağazasına getmək istədiyini deyir. İki kilometrlik yoldur. Amma mən onu oraya alternativ yolla – “Şamaxinka”-beynəlxalq avtovağzal – Xocəsən – “Sədərək” yarmarkası – dairəvi yol – Yasamal – “Günəş petrol” – “İnşaatçılar” marşrutu ilə aparır və 20-25 dollarını qapazlayıram. O da dinməz-söyləməz şəkildə pulu verir, amma sonra bir tanışından, yaxud elektron xəritədən “20 Yanvar”la “İnşaatçılar”ın arasındakı gerçək məsafəni öyrənir. Bundan sonra o turist millətimiz haqqında nə düşünər, siz söyləyin. Onun qənaəti Zadornovun misirlilər haqqında düşündüyündən çoxmu fərqli olacaq? Olmayacaq.

Yaxud 5 əcnəbi bir kafe-restoranda oturur, toplamda bir kilo ət yeyirlər, qalxanda ofisiant onlardan bir dananın pulunu istəyir, fikirləşir ki, Avropadan gəliblər, pulları çoxdur. Pulunun qədrini hamıdan çox bilən avropalı turist bizimkilər kimi “nə qiymət oxuyursan əə, heç bilirsənmi mən kiməm” deməyəcək, sakitcə rəhbərliyi çağırıb etiraz bildirəcək, bəd ayaqda tələb olunan pulu verəcək və ölkəsinə qayıdandan sonra “Azərbaycan gediləsi yer deyil, elədirlər, belədirlər” deyəcək.

Amma elə etmək olar ki,bu ölkəyəbir gələn beş dəfə gəlsin. Məsələn, bir meksikalı var, hər il basa-basa Lahıca gəlir. Çünki burda üzünə xoş baxıblar, adamın quşu birdəfəlik bura qonub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR