Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin plenar iclasında çıxış edərək koronavirus pandemiyası ilə bağlı narahatlığını bölüşdü. “Biz TƏBİB-lə çox sıx təmasda çalışırıq, iki dinləmə keçirmişik”-deyə, komitə sədri bildirdi.
Komitə sədri qeyd etdi ki, ilk günlərdə 25 yoluxma halı var idisə, indi artıq 250 rəqəmindən bəhs olunur: “Yoluxmaların sayının artması vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır. Bu gün qəbul ediləcək qərar yoluxmaların sayının azalmasına çox ciddi kömək edəcək. Koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır. Həmkarım Razi Nurullayevin fikri ilə bu baxımdan razıyam. Bu gün tibb işçiləri arasında da virusa inanmayanlar var. Bu çox təhlükəli fikirdir”.
Ə.Əmiraslanov maskadan istifadə etməyənlərin cərimələnməsi ilə layihədən də bəhs etdi: “TƏBİB hər gün 5000 test həyata keçirir. Burada təkcə maskadan söhbət getmir. Biz maska taxsaq, yoluxmanın faizini xeyli aşağı salmış olarıq. Sosial məsafə məsələsi də çox ciddi məsələdir. Buna çox ciddi şəkildə əməl etməliyik. Eyni zamanda gigiyenamıza da fikir verməliyik”.
E.Paşasoy,
Musavat.com






