İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər oxuyuramsa, deməli...

Yox, söhbət balkonlarda nəğmə-mahnı oxumaqdan getmir. Hərçənd ki, bu ağır pandemiya günlərində insanların ruhunu qaldıra biləcək, onlara dəstək ola biləcək hər şey, hər bir hərəkət qiymətlidir və dəyərlidir.

Bilirsinizmi, son günlərə, daha doğrusu, ikinci karantin rejiminə qədər pandemiya bizim üçün sanki uzaqlarda mövcud idi, hətta o qədər “uzaq” idi ki, çoxu bunu növbəti bir beynəlxalq fırıldaq, daxildəki və ya xaricdəki siyasətbazların, Allah bilir, nəyə xidmət edən növbəti fırıldağı - sövdələşməsi kimi qiymətləndirirdi.

İşin tərsliyindən də buna zəmin vardı, çünki son vaxtlarda hər bir yeni il yeni bir qriplə başlayırdı. Bəzən bunun həqiqətən də bir oyun, hansısa beynəlxalq əczaçılıq - səhiyyə fırıldağı olması haqqında çox mötəbər ehtimallar da meydana çıxırdı.

Bir daha deyirik ki, əvvəl sonuncu pandemiya ilə bağlı da belə oldu. Amma ədədlər üç rəqəmli olandan, hamımızın tanıdığı adamların belə bu xəstəliyə yoluxduğunu eşidəndən sonra insanlar bir az ehtiyatlanmağa və gündəlik statistikaya daha diqqətli olmağa başladılar.

Amma daha yaxşı olardı ki, bu, onların məsuliyyətini bir az artıraydı və şübhə etmirik ki, belə olub və yaxın gələcəkdə daha da çox olacaqdır və biz daha məsuliyyətli və tədbirli olacağıq, çünki gündə orta hesabla 200 nəfər artıq yoluxma bəlkə də ilk baxışda elə də böyük bir təsir bağışlamır, amma 200 -ü 30 -a vuranda bu, ayda 6000 nəfər edir! Bu isə 6000 əlavə çarpayı və bəlkə elə o qədər də həkim personalı deməkdir!..

Bəli, mümkündür ki, bu qədər insanı bir təhər yerləşdirmək mümkün olsun, bəs bu qədər tibb personalını haradan götürəcəyik? Axı biz həkimlərin hamısnı koronavirusa yönəldə bilmərik, digər xəstəliklər və xəstələr də vardır! Üstəlik də bu qədər, bu sayda ixtisaslı tibb personalı tapmaq da elə də asan məsələ deyildir...

Odur ki, intizamı və sayıqlığımızı birə on artırmalıyıq, ən azı ona görə ki, bu, bizdən elə də böyük səy tələb etmir: imkan daxilində məsafə gözləmək, daim maska taxmaq, gigiyena qaydalarına əməl etmək və bir də imkan daxilində evdə daha çox oturmaq!..

Bunlardan elələri var ki, ilk baxışda adama hətta gülməli görünür. Məsələn, gigiyena qaydaları! Buna niyə əməl etməyək? Məgər burada da çətin bir şey varmı? O ki qaldı maska məsələsinə, pandemiyaya qədər də böyük şəhərlərdə insanlar xəstə olarkən, şəhərlərdə qum və toz qasırğası olarkən daim tibbi maskadan istifadə edirdilər, arabir Bakıda da belələrini görmək olurdu...

O ki qaldı evdə qalmaq məsələsinə, özünüzə sual verin: mən axırıncı dəfə nə oxumuşam, hansı kitabı vərəqləmişəm? İnanın, çoxumuz üçün heç də mənasız sual deyil bu! Keçmiş vaxtlarda da, sovetin dönəmində də biz elə də mütaliə edən bir xalq olmamışıq - bunu acı təəssüf hissi ilə qeyd edirik. Son illərdə isə kompüterin, xüsusən də telefonun meydana çıxması bizi mütaliədən bir az da yayındırıb, hamı oxumaqdansa musiqi dinləməyə, məzəli komikslər izləməyə, hətta özü yazmağa səy edir...

Ölkədə nəşr edilən kitabların tirajı “qışqırır” - ən yaxşı halda 500-dən və ya 600-dən o tərəfə keçmir! Dünya ədəbiyyatı bizim böyrümüzdən lap vıyıldayıb keçir və hətta xəbərimiz belə olmur ki, bu il Nobel mükafatını hansı yazıçıya verdilər? Bir az başbilənlərimizin isə dərdi odur ki, bəs bu laureatlar arasında niyə bizimkilər yoxdur?..

Şəxsən elə mən də qəbul etməyə hazıram ki, Nobel mükafatı fondu məşhur biznesmeninin partlayıcı maddələrin (dinamitin, daha nə bilim nəyin!) satışından gələn gəlirlərindən yox, birbaşa Bakı neftinin satışından toplanıb! Amma, dostlar, laureatları Nobellər özləri seçməyib, mükafat, ümumiyyətlə, Alfred kişinin ölümündən sonra verilibdir, hətta isveçlilərin özü bu mükafatı iki, uzağı üç dəfə alıblar...

Nə isə. Sözüm bunda deyil. Böyük filosof, bundan böyük bir riyaziyyatçı və cəsur zabit Rene Dekart deyirdi ki, düşünürəmsə, deməli, yaşayıram. Dünyada isə biz insanları yaxşı kitablar qədər düşündürə bilən ikinci bir şey yoxdur. Üstəlik, insan, inanın, hansısa zövqsüz bir mahnının sədaları altında dingildəyərkən yox, hansısa səviyyəsiz bir müğənninin “fikir”lərini dinləyərkən yox, oxuyan zaman və ən əsası da oxuduqlarını düşünən zaman gözəl olur - bəli, səhv eşitmədiniz, məhz elə gözəl olur...

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR