ABŞ prezidenti Co Baydenin ordunu Əfqanıstandan çıxarmaq haqqında qərarından sonra müttəfiqləri rəsmi Vaşinqtonun dünyadakı liderliyini şübhə altına alıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir qənaət “The Washington Post” qəzetində dərc edilən analitik məqalədə yer alıb.
Qəzet Demokrat partiyalı prezidentin bu addımının ABŞ-ın dünyadakı mövqeyinə ciddi təsir göstərdiyi fikrini irəli sürüb.
Bu ilin avqust ayının 17-də Əfqanıstanda yaranan yeni situasiya ilə əlaqədar Qərb ölkələrinin xarici işlər nazirləri xüsusi iclas keçiriblər. Burada Avropa Birliyinin rəsmi şəxsləri ABŞ-ın həmin ölkədən çıxmasını sərt şəkildə tənqid edərək, bunun Avropanın sərhədlərinə yeni qaçqın axınlarına səbəb olacağını və Orta Asiyada terrorçular üçün plasdarm yaradacağı düşüncəsini səsləndiriblər.
Latviya xarici işlər naziri Artis Pabriks amerikan qoşunlarının gedişinin dünyada yeni xaos doğurduğunu və bir daha Avropanın gücsüzlüyünü nümayiş etdirdiyini söyləyib.
Almaniyanın kansleri olmağa hazırlaşan Armin Laşet isə ABŞ-ın Əfqanıstandan getməsini “NATO tarixinin ən böyük məğlubiyyəti” adlandırıb.
Musavat.com






