Əfqanıstanda “Taliban” hərəkatının hücumlar seriyası nəticəsində azı 15 polis əməkdaşı həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, taliblərin hücumlarından biri sentyabrın 17-də səhər saatlarında ölkənin şimal-qərbindəki Badgis əyalətində baş verib. Burada silahlıların polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı öldürülüb.
Daha bir hücum isə sentyabrın 17-nə keçən gecə Fərah əyalətində qeydə alınıb. Toqquşmalarda 10 polis əməkdaşı həlak olub, 2 nəfər isə itkin düşüb. Taliblər, həmçinin çox sayda silah-sursatı qənimət olaraq ələ keçirib.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.






