“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirmədən əvvəl Azərbaycan-Əfqanıstan münasibətləri həm iqtisadi, həm siyasi müstəvidə hər iki tərəfin maraqlarına uyğun həyata keçirilirdi. Diplomatik münasibətlərin təməli isə iki ölkə arasında hələ 1994-cü ildə qoyulub. 2012-ci ildə bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Eləcə də bu gün Azərbaycanın Əfqanıstanda səfirliyi mövcuddur. Hətta 2021-ci il iyulun 28-də bu ölkəyə yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ötən dövr ərzində Əfqanıstan hökuməti Azərbaycanın dostu olub, bütün beynəlxalq təşkilatlarda da Azərbaycana dəstək nümayiş etdirib.
“Taliban” silahlıları Əfqanıstanda hakimiyyətə yiyələndikdən sonra da Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı kontingenti hələ də Türkiyə qüvvələri ilə birlikdə Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etməyə çalışır.
Avqustun 16-da Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlut Çavuşoğlu arasında Əfqanıstanla bağlı telefon danışığı olub.
Onlar Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Əfqanıstan Azərbaycanın gündəmi olmasa da, bu mövzuda cəmiyyəti maraqlandıran iki mühüm məqam var. Birincisi, əsgərlərimizin bundan sonra orada qalmasının anlamı nədir? İkincisi, Azərbaycanla “Taliban” arasında münasibətlər hansı müstəvidə davam edəcək?
Qeyd edək ki, SSRİ-Əfqanıstan müharibəsi 1979-89-cu illərdə 9 il 1 ay 12 gün davam edib. Ümumilikdə SSRİ-dən 500 mindən çox əsgər müharibədə iştirak edib.
15051 əsgər və zabit həlak olub, 417 hərbçi isə yaralanıb, itkin düşüb. Əfqanlardan isə bu müharibədə iki milyona yaxın insanın öldüyü haqqında müxtəlif fikirlər var.
Azərbaycandan da bu döyüşdə 7500 nəfər iştirak edib ki, onların da 208-i həlak olub. 17 nəfər əfqanıstan veteranı isə Qarabağ döyüşlərində “Milli Qəhrəman” adına layiq görülüb.
Bu gün TVMusavatın canlı yayınında Qarabağ qazisi, Əfqanıstan müharibəsinin veteranı Səfər Hümbətovla “Taliban”ın hakimiyyətə gəlməsini, bu ölkənin taleyini, müharibədə yaşadıqlarını danışırıq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






