Əfqanıstan müharibəsi əlilləri ayrı-seçkilikdən narazıdır
Əfqanıstan müharibəsi əlilləri əlil və veteranlar arasında qoyulan ayrı-seçkilikdən narazıdırlar.
Bunu virtualaz.org saytına Əfqanıstan Veteranları Birliyi Nərimanov rayon şöbəsinin sədri Arif Əsgərov deyib.
A.Əsgərov bildirdi ki, Əfqanıstan müharibəsi əlilləri Prezident Administrasiyasına və Təhsil Nazirliyinə müraciət ünvanlayıblar: “Hər gün təşkilata şikayətlər daxil olur. Biz isə hələlik müraciətlərin nəticəsini gözləyirik. Əlillər arasında maddi imkansızlıqdan övladını oxutdura bilməyənlər çoxdur. Hazırda 450 Əfqanıstan müharibəsi əlili var. Onlardan 30 nəfəri I qrup, 180 nəfəri isə II qrup əlildir. Əlillərin əksəriyyətinin işləmək imkanı məhduddur. Aralarında olduqca çətin durumda olanlar var”.
Təşkilat rəhbəri Əfqanıstan müharibəsi əlillərinin yalnız təqaüd aldığını söyləyir: “Qarabağ əlilləri, müharibə veteranları dövlət tərəfindən mənzillə təmin edilir. Həmçinin onların övladları ödənişli təhsildən azaddır. Amma Əfqanıstan müharibəsi əlilləri nə mənzil ala bilmir, nə də güzəştli təhsildən yararlanmaq imkanları yoxdur. Buna görə də Təhsil Nazirliyindən məsələni gündəmə gətirməsini istəyirik”.
Qeyd edək ki, I qrup Əfqanıstan müharibəsi əlili 200 manat, II qrup əlil 180 manat, III qrup əlil isə 100 manat təqaüd alır.
Xatırladaq ki, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.






