İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan məsələsi ABŞ üçün dalana çevrilib

535 22.10.2019 09:10 Siyasət A A

ABŞ 18 il əvvəl terrorla mübarizə üçün daxil olduğu Əfqanıstanda yekun sülhə nail ola bilmir

ABŞ-ın müdafiə naziri gözlənilmədən Əfqanıstana yola düşüb. Məqsəd Talibanla sülh müzakirələrinin bərpasıdır. “Amerikanın Səsi”nin məlumatına görə, nazir Mark Esper onunla yola çıxan müxbirlərə deyib ki, sülh və siyasi razılıq əldə edilməsi irəliyə doğru ən yaxşı addım olacaq.

Bazar günü isə ABŞ Konqresinin Nümayəndələr Palatasının yüksək vəzifəli üzvləri və spiker Nensi Pelosi gözlənilmədən Əfqanıstana səfər edib. Spikerin ofisindən verilən məlumatda qeyd olunur ki, xanım Pelosi İordaniya ziyarətindən sonra Əfqanıstana yola düşüb. Açıqlamada o da bildirilir ki, Pelosi Əfqanıstanda prezident Əşrəf Qəni və həmin vaxt Kabildə olan müdafiə naziri Mark Esperlə görüşüb.

Qeyd edək ki, Əfqanıstanda uzun müddətdir davam edən sülh danışıqları ötən prezident Trampın tapşırığı ilə dayandırılıb. Talibanla Qətərdə başladılan danışıqlar prosesi yekun razılaşmaya az qalmış Kabildə törədilən terrordan sonra pozulmuşdu. Terror aktı nəticəsində mülki insanlar və ABŞ ordusunun hərbçisi həlak olub. Bundan sonra prezident Tramp danışıqları dayandırıb və sülh prosesini “ölü” adlandırıb.

Donald Trampa Əfqanıstan ile ilgili görsel sonucu

Ötən həftə isə Əfqanıstanın şərqində Nanqarhar vilayətində cümə namazında məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 63 nəfər ölüb, 36 nəfər yaralanıb. Terror aktını ABŞ dövlət katibi Mayk Pompeo qınayıb. Dövlət katibi yaydığı yazılı açıqlamada ABŞ-ın Əfqanıstanda sülh və sabitliyin əldə olunması üçün qərarlı olduğu qeyd olunur.

Donald Trampa Əfqanıstan ile ilgili görsel sonucu

Ancaq son aylarda baş verənlər göstərir ki, ABŞ-da Əfqanıstan mövzusunda birmənalı mövqe yoxdur. Prezident Tramp vəzifəsinin icrasına başladığı ilk aylardan Əfqanıstanda sülh prosesinin başlanması, ordu qüvvələrinin ölkədən çıxarılması fikrini irəli sürdü. ABŞ hökuməti bu məqsədlə uzun müddət Talibanla danışıqlar apardı. Ancaq həm Talibanla danışıqların aparılması, həm də ordunun çıxarılması birmənalı qarşılanmayıb.

Ötən ay ABŞ-ın 9 sabiq səfiri prezident Donald Trampa Əfqanıstan siyasəti ilə bağlı xəbərdarlıq edib. Keçmiş diplomatlar ABŞ hərbi qüvvələrinin Kabil hökuməti ilə Taliban arasında sülh razılığı əldə edilənə qədər bütünlüklə Əfqanıstandan çıxarılacağı təqdirdə ölkədə “total vətəndaş müharibəsi” başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Donald Trampa Əfqanıstan ile ilgili görsel sonucu

Keçmiş səfirlərinin məqaləsi ABŞ-Taliban anlaşması və ordu qüvvələrinin çıxarılacağı xəbərlərinin yayıldığı dövrlə eyni vaxta təsadüf edib. Ancaq sonra Talibanın terror aktı bu danışıqlar prosesini dayandırıb. İndi isə ABŞ rəhbərliyi hiss olunur ki, danışıqların yenidən hansısa formatda bərpasına çalışır. Çünki hazırkı vəziyyətdə Əfqanıstanda faktiki olaraq əsas güc sahibi Talibandır.

Məsələ ondadır ki, ABŞ ordusu 2001-ci ilin oktyabrında Əfqanıstanı nəzarətə götürəndən sonra da bu ölkədə silahlar susmayıb. Taliban dağlara çəkilsə də, müqaviməti dayandırmayıb. Baxmayaraq ki, böyük şəhərlərdə hakimiyyət ABŞ hərbi koalisiyası və Kabil hökumətinin nəzarətində idi. Ancaq əyalətlərdə. Xüsusən də kənd yerlərində, dağlarda Taliban əsas güc idi. Əfqanıstan 407 inzibati rayona bölünüb və bunlardan təxminən 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 mübahisəli ərazidə şiddətli döyüşlər gedir. Üstəlik, indi ölkənin şimalında İŞİD mövcuddur və bu qruplaşma tez-tez həm Əfqanıstan hökumət qüvvələrinə, həm də Talibana hücum edir. Yəni ABŞ-ın getməsi Əfqanıstanda onsuz da çətin vəziyyətdə olan və Talibanla mübarizədə ciddi çətinlik çəkən hökumət üçün ağır zərbə olacaq. Və mümkündür ki, Əfqanıstan hökuməti Taliban qarşısında məğlub olsun.

Donald Trampa Əfqanıstan ile ilgili görsel sonucu

Məsələnin daha bir problemli tərəfi ondan ibarətdir ki, Talibanla təkcə Vaşinqton deyil, həm də onun regional rəqibləri də maraqlanır. Bir qədər əvvəl Moskvanın gizli şəkildə Talibanla danışıqlar apardığı xəbərləri yayılmışdı. Bu danışıqların formal tərəfi rusiyalı diplomatların təhlükəsizliyi, əsirlər, sərhəd təhlükəsizliyi və İŞİD-ə qarşı mübarizədir. Çünki 2015-ci ildən sonra Əfqanıstanda peyda olan İŞİD Taliban üçün ən əsas təhdidlərdən birinə çevrilib. Ölkənin bir neçə rayonunda İŞİD və “Taliban” arasında qızğın döyüşlər gedir. Bu ilin yazında, Novruz bayramı günlərində Taliban və Əfqanıstan hökuməti arasında atəşkəs anlaşması əldə olunsa da, ilk dəfə Taliban və hökumət döyüşçülərinin birgə şənliklərini İŞİD kamikadze hücumu ilə qana boyayıb.

Bu mənada indi Taliban və Əfqanıstan mövzusu ABŞ üçün dalana dönüb. Vaşinqton nə Talibanla anlaşıb yekun sülh əldə edə bilir, nə də bu vəziyyətdə Əfqanıstanı tərk edə bilir. Üstəlik, nəzərə almaq lazımdır ki, Əfqanıstan ABŞ-ın bu günə qədər ən uzun hərbi missiyasının davam etdiyi ölkədir. Artıq 18 ildir ki, ABŞ Əfqanıstanda terroru ləğv edib asayişi bərpa edə bilmir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR