Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilir.
Musavat.com xəbər verir ki, tədbirdə prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, ölkənin aparıcı KİV nümayəndələri iştirak edirlər.
Tədbirdə açılış nitqini söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbiri olan görə indi keçirməyi münasib bildik ki, son aylar ərzində Avropada yaşayan bəzi şəxslər özlərinin sosial şəbəkədəki profilləri vasitəsilə ölkə prezidentinə, onun ailəsinə, Azərbaycanın atributlarına qarşı təhqirlər edirlər. Əlbəttə ki, bütün bunlar seçki ilə bağlıdır. Biz daha öncəki seçkilər ərəfəsindən də bu sayağı mübarizə üsulları ilə tanışıq. Ancaq indi başqa münasibət hakimdir. İndi sanki təhqir, qəzəb, söyüş öz plandadır. Bu makinanı dayandırmaq mümkün deyil. Məqsəd vətəndaş qarşıdurması yaratmaqdır. Biz buna məhəl qoymaya da bilərdik. Çünki Avropanın ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycanın tarixi ilə bağlı həmin ölkənin vətəndaşlarına məlumat verirlər, ölkədəki siyasi vəziyyəti doğru şəkildə anladırlar. Bu yaxınlarda Xocalı soyqırımının il dönümü zamanı keçirilən tədbirlər də göstərdi ki, onlar Azərbaycanı necə sevirlər. Lakin bir qrup adamların videolarına baxanda görürsən ki, bunlar söyüşü əsas mübarizə üsulu kimi seçiblər. Onlar deyirlər ki, biz məhv etməliyik, devirmələyik.
Bizi narahat edən bu sayaq məsələlərdir. Ona görə də biz Azərbaycan jurnalistləri, Azərbaycanı narahat edən bu sayaq addımlarla barışmalı deyilik. Bu, bizim siyasi mübarizə üsullarımıza zidd olan məsələlərdir. Çox sağ olun ki, sosial şəbəkə hesablarınızda, media orqanlarında bu sayaq təhqirlərə doğru reaksiya vermisiniz. Ona görə də sizə təşəkkür edirəm. Bu gün qaldırdığınız məsələ cəmiyyətdə barışın qorunub saxlanması üçün çox aktualdır".
Tədbirdə daha sonra çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycanda mətbuat və söz azadlığı var: "Hər kəs sosial şəbəkədən rahat şəkildə istifadə edir. Ancaq biz jurnalistlər bu söyüş və təhqirlərin qarşısını almalıyıq. Azərbaycandan kənarda xeyli insan yaşayır. Onlar gərək Azərbaycan xalqının milli mənəvi dəyərlərini unutmasınlar. Xalqımızın torpaqlarının azadlığı uğrunda gedən şərəfli mübarizəsi var. Kim bu mübarizənin yanında deyilsə, deməli xalqımızın düşmənidir. Gedib orada diaspora qoşulmaq, Azərbaycanın ədalət uğrunda apardığı mübarizəyə dəstək vermək lazımdır. Bundan əlavə biz bu il Cümhuriyyətimizin yaranmasının 100 ilini qeyd edəcəyik. Cümhuriyyəti quranlar Azərbaycan üçün böyük iş görüblər, eyni zamanda mühacirətdə olublar. Lakin onların yazdıqları məqalələrdə bir dənə də olsun təhqir yoxdur. Söyüş heç zaman siyasi mübarizə üsulu olmayıb. Əgər sən söyüş söyürsənsə deməli əlində heç bir fakt yoxdur, heç bir savadın yoxdur. Mən bir jurnalist, deputat kimi bu cür mübarizə metoduna qarşıyam. Bu cür mübarizə aparanlara qarşı birləşməliyik".
Çıxış edən deputat Aqil Abbas bildirib ki, parlamentdə də bu məsələni qaldırıb:
"Dostlar, əgər birimiz Amerikanın, İngiltərənin əleyhinə bir kəlmə yazsaq, onların buradakı səfirləri adamın ciyərini çıxarar. Mən " Azadlıq" qəzetində çıxış edirdim dedim ki, Amerikanın əleyhinə danışsam verəcəksiniz dedilər ki, yox. Necə olur ki, Fransada, Hollandiyada desək ki, erməni soyqırımı olmayıb bizi tutub həbs edəcəklər. Bəs necə olur ki, bu ölkələrdə bizi təhqir edirlər. Bizim hüquq mühafizə orqanları araşdırmalıdır ki, onlara buradan məlumat verənlər, dəstək olanlar kimlərdir. Onlar mat vəziyyətdə qalıblar. Seçki irəli çəkildi və onlar Milli Şura, "Milyarderlər İttifaqı" kimi qurumlar yarada bilmədilər. Ona görə də bu cür üsullara əl atırlar".
Daha sonra söz “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya verilib. O, bildirib ki, sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır:
“Həmin insanlar xarici ölkələrdə başqa pasportlarla, başqa ad və soyadlarla fəaliyyət göstərirlər: “Bu insanlar çirkin əməllərinə son qoymurlar və ona görə də biz o insanlara qarşı mübarizə aparmalıyıq. Bunun üçün təklif edirəm ki, maarifləndirmə işi aparılsın, orta məktəbdə dərsliklərə internet media ilə bağlı materiallar salınsın. Digər bir təklifim isə odur ki, xaricdə yaşayan çox gözəl soydaşlarımız var, ölkə daxilində problemləri konstruktiv şəkildə qaldıran qüvvələr var. Təklif edirəm ki, bir vətəndaş birliyi platforması yaradılsın, Azərbaycanın maraqlarını müdafiə edən qüvvələri bir araya gətirilsin”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu hallara qarşı Azərbaycanın hər bir ziyalısı mübarizə aparılmalıdır:
“Bu gün xaricdə yaşayan şəxslər milli-mənəvi dəyərlərin təhqiri üsuluna əl atıblar. Bəlkə də bu dövr sosial şəbəkə tariximizdə ən pis dövrdür. Həm ziyalı, həm də mədəniyyət, incəsənət nümayəndələrinə müraciət edərək bildirmək istəyirəm ki, onlara qarşı öz sözümüzü deyək, mövqeyimizi ortaya qoyaq, onlara layiqli cavabı verək”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizə, hakimiyyətə qarşı yönəlmiş təhqirlər, çıxışlar dövlətimizi və dövlətçiliyimizi məhv etməyə yönəlib:
“Hər birimiz birmənalı şəkildə dövləti və dövlətçiliyi qorumalıyıq. Onlar küçə təfəkkürünə malik insanlardır ki, erməni və ermənipərəst qüvvələrin alətinə çevrilib. Bu gün sosial şəbəkədən hər kəs istifadə edir, heç kim buna qarşı çıxmır. Lakin hesab edirəm ki, burada bir məsuliyyət olmalı, müəyyən çərçivə gözlənilməlidir”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, sosial şəbəkələr yumşaq gücdür və siyasi imperializm tərəfindən mübarizə üsulu kimi yaradılıb. O qeyd edib ki, siyasi proseslər imperializm maraqlarına uyğun getməyəndə dərhal siyasi terrora başlayırlar: “Bu gün həmin halla qarşı-qarşıyayıq. Bu silah kim tərəfindən düşünülübsə, demək, onu kəsməyəcək.
Bu, milli dövlətlərə qarşı hazırlanmış bir silahdır. Buna qarşı mübarizə aparmaq üçün bir hüquqi çərçivə hazırlanmalıdır. Bir sıra ölkələr sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi platformalar axtarmaqdadır. Hazırkı vəziyyətdə düzgün mübarizə yolundayıq, ancaq gələcəkdə hüquqi platforma barəsində də düşünməliyik”.
Tədbirdə çıxış edən "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, hər dəfə dövlət əhəmiyyətli tədbirlər keçiriləndə xaricdən qrant alan bəzi soydaşlarımız ölkəmizə qarşı çirkin kampaniyaya başlayırlar: "Mühacirlərin bir neçə qismi var. Bəziləri sovet dövründə mühacir edənlər, ikinci qisim biznes fəaliyyəti aparanlar, üçüncü qisim isə bu və ya digər səbəbdən mühacirətə gedənlərdir. Bunların hər biri ilə işləmək mümkündür, ancaq ən ziyanlı mühacirlər isə kimlərsə tərəfindən ələ alınan 4-cü qisim mühacirlərdir. Bu mühacirlər maşa rolu oynayırlar, proseslər sahiblərinin istədiyi kimi getməyəndə onlar işə düşürlər. Bu ələ alınmış insanlar üçün onları kimin ələ almasının fərqi yoxdur, istər anti-Azərbaycan dairələr olsun, istər erməni lobbisi olsun, fərqi yoxdur, təki onlara pul versinlər".
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli vurğulayıb ki, bu çirkin kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından biri olan siyasi sabitliyi pozmaqdır: "Azərbaycan dünyada sabitlik adasına çevrilib və bu siyasi sabitliyin qorunub saxlanmasında hər kəs mütəşəkkil mövqe ortaya qoymalıdır, həmin çirkin qüvvələrə qarşı mübarizə aparmalıdır. Biz bütövlükdə mütəşəkkil mövqe ilə, ictimai mövqe ilə həmin güclərin öhdəsindən gələrik".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, həmin insanlar Azərbaycan dövlətçiliyini məhv etməyə yönəlmiş fikirlər səsləndirir. Hər bir vətəndaş onlara qarşı mübarizə aparmalıdır:
"Onlar küçə təfəkkürünə malik, Azərbaycanda qəbul olunmayan insanlardir ki, xaricdə anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin əlində alətə çevriliblər. Mən də hesab edirəm ki, bununla bağlı müəyyən bir hüquqi çərçivə hazırlamaq lazımdır".
Sonda çıxış üçün söz yenidən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verildi. Ə. Həsənov ilk olaraq “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna təşəkkür etdiyini bildirdi: “Sağ olsun Rauf Arifoğlu ki, mənim çatdırmaq istədiyim fikirləri daha açıq formada sizə açıqladı:
“Jurnalistlər milli elitanın ən avanqard hissəsidir, cəmiyyətdə ən yaxşı nümunələri yaradır, təlqin edirlər. Bu baxımdan cəmiyyətə dövlətin mesajlarını ilk növbədə jurnalistlər vasitəsilə çatdırırıq:
“Hüquqi sistem dövlətin mövcudluğunu təmin edən amillərdən biridir. Dövlətin özünü saxlaması üçün iqtisadiyyatı, üçüncüsü, özünü qoruması üçün ordusu olmalıdır. Digər tərəfdən, dövlətin ölkə daxilində ictimai rəyi formalaşdıran və milli elitanı hərəkətə gətirən mediası olmalıdır. Vətəndaşların hüquqlarının qarantı olan prezidentimiz var. Mən prezidentin planlarını, iradəsini bilirəm, ona görə də hamını onun ətrafında birləşməyə çağırıram. Bugünkü toplantının məqsədi Azərbaycan dövləti ilə bağlı məkrli planı çatdırmaq idi. Dövlətin gücü elitar təbəqənin dövlətə, siyasətə münasibəti ilə ölçülür.
Prezident İlham Əliyevin gücü yürütdüyü siyasətin xalqın əksər hissəsi tərəfindən dəstəklənməsidir. Son sorğuların nəticələri də bunu göstərir. Ya biz sabitliyi qorumalı, ya da Yaxın Şərqdə ayrı-ayrı ölkələrdə olduğu kimi, inqilablar adı altında dövlətlərin sütunlarının yıxılmasının şahidi olmalıyıq. Hər dəfə prezident seçkilərində Azərbaycanda marağı olan qüvvələr və rəqiblərimiz belə planlar hazırlayırlar. Bu gün Avropaya qaz çəkirik, bu bəzi dövlətlərin xoşuna gəlmir. Baxmayaraq ki, həmin dövlətlərlə də bu gün normal münasibətlərimiz var”.
Ə. Həsənov qeyd etdi ki, sabitlik mövcud olduğu üçün ölkəmizə turistlər gəlir: “Həmin sabitlikdə maraqlı olmayan dövlətlər var. Cəlbedici Azərbaycan ayrı-ayrı dövlətlərdə narahatlıq yaradır. Azərbaycanın enerji resurslarında marağı olan, onu əvəzsiz almaq istəyən qüvvələr mövcuddur. Ancaq bu istək Azərbaycan prezidentinin iradəsi ilə toqquşur. Prezidentin yürütdüyü müstəqil siyasət müxtəlif qüvvələrin Azərbaycanı regional, beynəlxalq siyasətlərinə alət etməsinə imkan vermir. Biz Azərbaycandan başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməmişik və verməyəcəyik. Bu da müəyyən dövlətlərin maraqlarına cavab vermir. Söhbət müəyyən qüvvələrdən, dövlətlərdən gedir. Həmin qüvvələrdən biri 2003-cü ildə Azərbaycanda narazılıq ocağı yaratmaq istəyirdi. Qeyri-hüquqi yollarla mübarizə aparanların hamısı Azərbaycanın firavan həyatında maraqlı deyillər.
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, tədbirin məqsəd bu narahatlıqları KİV vasitəsi ilə cəmiyyətə çatdırmaqdır. Kiçik dövlətlər xaricdən təzyiqlərə daha həssasdır və onların sabitliyini pozmaq nisbətən asandır. İctimai dəstək almayan nə daxili, nə xarici təzyiq Azərbaycanda uğur qazana bilər. Biz Azərbaycanda sabitliyi qorumalıyıq. Vətən hissini, qorxmaq, utanmaq hissini itirənlərlə mübarizə aparmaq lazımdır. Söhbət ondan gedir ki, bu tipli insanlar milli qınaqla qarşılanmalıdır. O şəxslər sosial şəbəkələrdə yaydıqları videolara ailələri ilə birgə baxa bilirlərsə, yaysınlar. Bizim mübarizəmiz milli heysiyyətini itirmiş 5-10 insanla deyil. Mübarizənin əsas ünvanı bu insanlar vasitəsi ilə öz maraqlarını ifadə edənlərdir".
Əli Rais,
Fotolar Elçin Əkbərindir
Musavat.com






