Ölkə üzrə cəmi 12 min 595 ədəd buna imkan verən e-kassa aparatı quraşdırılıb
Xəbər verdiyimiz kimi, martın 21-də Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” qaydalarını təsdiqləyib.
Pərakəndə satışdan alınan mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması Vergilər Məcəlləsinə edilmiş və 2019-cu ildə qüvvəyə minmiş əlavələrdə əksini tapıb. Burada məqsəd pərakəndə ticarət sektorunda qeydiyyatdan yayınmanın qarşısını almaq üçün istehlakçıların dəstəyindən yararlanmaqdır.
Təsdiq olunmuş qaydalara əsasən istehlakçıların ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacaq. Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır.

Qaydaları Musavat.com-a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərin verilməsi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-in müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyır: “Bu, hələ keçən il həyata keçirilən dəyişikliklər sırasında nəzərdə tutulmuşdu. Lakin mexanizmi hazır deyildi. Belə ki, əvvəl deyildi, aprelin 1-dək hazır olacaq, sonra sentyabrın 1-nə və sair. Söhbət keçən il ərzindən gedir. Halbuki bu sahədə artıq təcrübə var idi. Belə ki, 2016-cı ilin iyul ayından ölkədə "Tax free" adlanan sistem fəaliyyət göstərib. Hansı ki, əcnəbi şəxslər tərəfindən ölkə ərazisindən alınan istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən ƏDV-nin sonradan geri alınmasını ehtiva edirdi. Yəni buna dair xüsusi mexanizm fəaliyyət göstərib. Ümumiyyətlə, ölkəmizdə vəsait ödəyərək müəyyən adda mal alan xarici vətəndaşlar tərəfindən ƏDV-nin geri qaytarılması, 2017-ci ildən yerli vətəndaşlar üçün də tədbiq olunmağa başlandı ki, sözügedən mexanizm onların da istifadə alətinə çevrildi. Söhbət, “shopping festival” dövründə tətbiqdən gedir. Bu özü, çox mühüm stimullaşdırıcı tədbir xarakteri daşıdı. Yeri gəlmişkən, «Tax Free» sistemində əcnəbilərə 300 manat məbləğindən artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, “shopping festival” dövründə vətəndaşlarımız üzrə bu məbləğ 100 manat təşkil etdi. Yəni, daha çox stimullaşdırıcı xarakter daşıdı. Və uyğun olaraq da, ticarət xeyli cəlbedici xarakter daşımaqla pul xərcləmələri bir az da artdı”.
Ekspertin fikrincə, bu addımda başlıca məqsəd daha çox satışa nail olmaq, ticarəti genişləndirmək, mümkün dərəcədə böyük məbləğlərdə pul xərclənməsinə müyəssər olmaq idi: “Nəticədə də həm daxili, həm də xarici turizmin inkişafına əlavə dəstək əldə edilərək, ticarət dövriyyəsinin genişlənməsinə, dövlət büdcəmizin şaquli deyil, üfiqi istiqamətdə milyonlarla vəsait qazanmasına şərait yaradılmaqla, bir sıra yerli məhsulların istehsalında stimul təşəkkül tapmış oldu. Dövlət başçımızın müvafiq fərmanı ilə nəhayət ki, qaydarı təsdiqini tapmış ƏDV üzrə tədbiq olunacaq tədbirlər də elə faktiki olaraq, eyni məqsəd daşıyır. Və əsas etibarilə, qeyd olunan hədəfə xidmət edir. Sadəcə olaraq, bu dəfə ortada əlavə olaraq, nağdsız hesablaşmaları stimullaşdırmaq, ticarət və xidmət sahəsində dövriyyənin tam olaraq leqal xarakter daşımasına müvəffəq olmaq kimi istək və məqsədlər vardır ki, bu da kölgə iqtisadiyyatı amilinə qarşı mübarizə vasitələrindən biri sayılır. Ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı olan kəs, topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək ki, vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-in 15 faizini, nağd şəkildə edibsə, 10 faizini geri alacaq. Beləliklə də, bununla qeyd etdiyim kimi dövriyyəni rəsmiləşdirmək, nağdsız əməliyyatları stimullaşdırmaq başlıca hədəfə çevriləcək. Düzdür, ƏDV üzrə geri alınacaq məbləğ faiz nöqteyi-nəzərindən onun az hissəsini təşkil edəcək. Lakin bu, ilk addım sayılır. Növbəti mərhələdə geri alınacaq məbləğ ƏDV-nin daha çox faizini təşkil edə bilər. «Tax Free» sistemində olduğu kimi..."
Onu da bildirək ki, ƏDV-nin geri qaytarılması mexanizmi yalnız yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə əldə edilən çeklərə şamil olunur. Bu aparatlar Vergilər Nazirliyinin elektron sisteminə inteqrasiya olunub. Ticarət sektorundan aldığımız məlumata görə, e-kassa adlandırılan bu aparatlar hələ ki, çox az sayda ticarət nöqtələrində tətbiq olunduğuna görə ƏDV-nin geri qaytarılması mexanizmindən yararlananlar elə də çox olmayacaq. Digər tərəfdən, bu mexanizm e-kassa aparatlarının quraşdırıldığı ticarət mərkəzlərində satışı stimullaşdıracaq.
Xatırladaq ki, ötən il Nazirlər Kabineti tərəfindən "Azərbaycan Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqlənib. Qrafikdə aparatların birinci mərhələdə iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılması Bakı, Gəncə və Sumqayıtda ötən il iyulun 1-dək, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək başa çatdırılmalı idi.
İkinci mərhələnin reallaşması isə birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam edəcəkdi. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunacaqdı. Üçüncü mərhələ 2020-ci il yanvarın 1-dək yekunlaşmalı idi. Bu mərhələ çərçivəsində yeni nəzarət-kassa aparatları bütün ölkə üzrə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılacaqdı.
Dördüncü mərhələ isə 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə isə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulur.
Lakin prosesi Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik üzrə aparmaq mümkün olmadı. Belə ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin iyul ayı ərzində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrində quraşdırma və qurumun elektron sisteminə inteqrasiya başa çatmalı idi. Halbuki bu ticarət nöqtələrinin bir çoxunda hələ də proses yekunlaşmayıb. Ümumiyyətlə, ölkə üzrə indiyədək cəmi 12 min 595 ədəd e-kassa aparatı quraşdırılıb.
Prosesin yubanmasında sahibkarlar yeni nəsil nəzarət-kassa aparatlarının baha başa gəlməsi ilə əsaslandırırlar. Belə ki, bir aparatın quraşdırılması 800 manata qədər vəsait tələb edir. Bunu nəzərə alan hökumət yeni aparatların dəyərinin bir qismini sahibkarların vergi öhdəliyindən çıxmaq qərarına gəlib. Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, bu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub: “Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır”.
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.
Məsələn: Fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir. Marketində istismarda olan 1 ədəd nəzarət kassa-aparatını 10 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan yeni nəsil nəzarət kassa-aparatları ilə əvəz edir və köhnə nəzarət kassa-aparatını qeydiyyatdan çıxarır. Bu halda, 10 yanvar 2020-ci il tarixdə quraşdırılmış yeni nəzarət-kassa aparatı köhnə nəzarət kassa-aparatını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan həmin nəzarət-kassa aparatının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Beləliklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
-nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
-nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
-nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.
Maraqlıdır ki, kiçik və orta sahibkarlıq subyektləri vergi ilə əvəzləşdirilən məbləğin e-kassa aparatlarına çəkilən xərclərin yarıdan azını əhatə etdiyini bildirirlər. Onların dediyinə görə, aparatı quraşdırmaq 800 manata başa gəlir və onun dəyərinin cəmi 350 manatı vergi öhdəliyindən silinir. Bu isə 1 aparatın sahibkara 450 manata başa gəlməsi deməkdir. İndiki halda KOS-ların böyük əksəriyyəti belə imkanlara malik deyillər...
DÜNYA,
Musavat.com






