Ədalətsizliklə barışmaq həqiqətən də çətindir...
Bəs biz nə deyirdik? Otuz ildir sərasər elə bunu demirikmi? İnsan ədalətsizliklə barışmır və əslində barışmamalıdır da... Hərdən özümə qapılır, bir növ özümü imtahana çəkirəm. Özümdən soruşuram ki, sən həyatını nəyə sərf etdin? Sən olmasaydın bu “iş”ləri başqa bir adam görməyəcəkdimi?
Bilmirəm. Ən çətin sualları adam özünə verir. Elə çətin sualları da adama elə onun özü verir...
Ona görə də bütün instansiyalardan qaçsan da bir instansiyadan qaça bilməyəcəksən-bu instansiya insanın özüdür. Bir neçə dəfə yazmışdıq ki, bizi siyasi proseslərə sürükləyən kəskin ədalət hissi oldu...
Tanrı sanki bizə qeyri-adi ədalət hissi verib buna biganə olan adamların arasına göndərdi və biz də bu çağırışı qəbul etdik. İllərlə addım-addım, gücümüz çatanı etdik və çalışdıq ki, heç bir əziləni diqqətdən kənarda qoymayaq...
Düzdür, ədalət anlayışı, ədalət hissi də bəzən kinayə ilə qarşılanır. Deyirlər ki, təbiətdə ədalət anlayışı yoxdur, lazım bilsəydi, Tanrı ədalət anlayışını təbiətə də nazil edərdi. Nə demək olar?
Ona qalsa, təbiətdə şüur, idrak və təfəkkür də yoxdur. Məgər biz bununla bütün təbiətdən fərqlənmədikmi? Elə buna görə də bizə insan demədilərmi?..
Nə isə. Fəlsəfə ilə nə özümü, nə də sizi yormaq fikrində deyiləm. Məqsədim də bu deyildi. Sadəcə, bizə o təsir etdi ki, hətta hakimiyyətdəkilər də ədalətsizliklə barışmağın mümkün olmadığını etiraf edirlər.
Bəs onda onlar niyə bizi başa düşmür? Niyə bizə yad planetlilər kimi baxırlar? Bir jurnalist dostumun söhbətini xatırlayıram. Bu adam kreditlər, bəli, adi vətəndaşlara verilən kreditlər haqqında yazmaq istəyirdi.
Deyirdi ki, Gürcüstana, Belarusa milyonları bağışlayırlar, amma öz vətəndaşlarına gələndə, az qalırlar ki, adamın dərisini də soysunlar... Onunla razılaşmamaq qeyri-mümkün idi. Ona görə ki, çox arqumentli danışırdı. Həm də özümüz gündəlik həyatda bunun şahidi deyilikmi?
Mən bu hakimiyyətin vaxtında fiziki təzyiqə məruz qalmamışam. Bunu etiraf edirəm. Epizodik hallar olub, fəqət, unutmuşam onları.
Amma o qədər dostum, tanışım, həmfikirlim təzyiqə məruz qalıb ki!... Onların hər birinə edilən təzyiqi özümə edilən təzyiq kimi qəbul etmişəm.
Başqa cür ola bilərdimi? O vaxt ədalətdən danışa bilərdikmi? Elə vaxtlar olub ki, azadlıqda olmağımızdan utanmışıq.
Düşünmüşük ki, axı, dostların məhbəsdə olduğu vaxt bizim azadlıqda olmağımız düzgün deyil... Qeyri-adi qəbul etməyin, bu, adi həyat həqiqətləridir. Bəli, elə ölkələr var ki, orada adam məhbəsdə olmadığına görə utanır. Elə hakimiyyətlər olur ki, onların dövründə azad və ləyaqətli insan məhbəsdə olmalıdır...
Düzdür, bu, da həyatdır. Digər tərəfdən də, biz günahkar deyilik ki, kimisə həbs edirlər, bizsə azad-xürrəm gəzirik! Yox, bu da həyatdır. Bizdən nə tələb olunur? Məhbəsdə olanları unutmamaq, onların sözünü çatdırmaq, onlara dəstək olmaq. Min şükür, bu sarıdan başlarımız aşağı deyil...
Sadəcə, ədalətsizlik təkcə o deyil ki, yalnız sənə qarşı baş verir. Sənin ayağını tapdayırlarsa və sən də buna etiraz edirsənsə, burada nə var ki?!!
Əsas odur ki, sənin ayağını tapdamırlar, amma sən görürsən ki, başqasının və bəlkə də sənin heç tanımadığın bir adamın ayağını tapdayırlar, sən də etiraz edirsən və deyirsən ki, dostlar, belə olmaz axı!!! Bax, onda əsl şücaət və ləyaqət sahibi olursan. Bax, onda deyə bilərsən ki, mən həqiqətən də insanam, ikiayaqlı deyiləm...
Ona qalsa, kenquru da iki ayağı üstündə gəzir... Həyat qəlizdir. Bəlkə də ideal ədalətli quruluş heç vaxt olmayacaq. Bəlkə də insanın anladığı ideal ədalət elə o şeydir ki, onu hamıdan əvvəl Mirzə Fətəli təsvir edib?!
Onun “Sərgüzəşti-vəziri-xani-Lənkəran...” pyesi yadınızdadırmı? Orada xan nə deyirdi? Sən də, deyir, götür, bir daş at və onun atının gözünü çıxart! Bəlkə insanın bu dünyada bərqərar edə biləcəyi “ədalət” elə budur?
Bəlkə biz insanın ədalət hissini lazım olandan çox qabardırıq? Bilmirəm. Onu bilirəm ki, bunu insan uydurmayıb. Hətta insan uydurubsa belə o, çox yaxşı nağıldır...
Həm də bir şeyi hətta hakimiyyət sahibləri də etiraf edirsə, deməli, burada nəsə var. Amma hakimiyyətin bir missiyası da ədalətin keşikçisi olmaqdır - istər bu, idmanda olsun, istər siyasətdə, istərsə də biznesdə...






