O səs Türkiyə” müsabiqəsindəki çıxışı ilə tamaşaçıların rəğbətini qazanan, gənc müğənni Mərdan Kazımov repertuarına yeni mahnı daxil edib.
Sözləri KQB-yə, musiqisi Fərid Ağaya məxsus olan bəstə “İtirsəm” adlanır. Mahnı təqdim olunandan sonra isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çox şəbəkə istifadəçisi “İtirsəm”in Natavan Həbibinin illər öncə ifa etdiyi eyni adlı mahnının plagiatı olduğunu iddia ediblər. Məsələ haqda musavat.com saytına açıqlama verən gənc ifaçı iddiaları rədd edib:
“Gənc müğənni olaraq fəaliyyətimi gözəl şəkildə davam etdirməyə çalışıram. Bəstəni eşidəndə çox bəyəndim, sevərək ifa etdim. Mahnının plagiat olması haqda səsləndirilən fikirlər yanlışdır. Bəstələrdəki yalnız “Mən səni itirsəm” sözləri bənzəyir. Musiqi isə tam fərqlidir. Bəstə əvvəl başqa müğənniyə verilmişdi, sonra Fərid hansısa səbəbdən geri aldı. Mən də mahnını eşidəndə bəyəndim. Dedim ver, mən oxuyum, razılaşdı. Mahnı üçün məndən qonorar istəmədi, sadəcə bəzi xərclərim qarşıladım və oxudum. İnanıram ki, dinləyicilər də yeni ifamı sevəcək”.
Qeyd edək ki, müsabiqədə “La la la” mahnısını ifa edən Mərdan Ebru Gündəşlə Hadisənin diqqətini çəkə bilmişdi. İştirakçı sonda Ebru Gündəşi seçmişdi.
Könül İbrahim,
Musavat.com






