4-5 il öncəydi, bir qrup azərbaycanlı jurnalist Kiyevdə beynəlxalq konfransda iştirak edirdik, “Prezident”otelinin foyesindəki üzbəüz divanlarda oturmuşduq, qarşıdakı divanda erməni jurnalistlər oturub, qart-qurt edə-edə danışırdılar.
Onlar da təbii ki, bizim azərbaycanlı olduğumuzu bilirdilər, arada bizə baxırdılar, güman ki, üstümüzdə balta olub-olmadığını dəqiqləşdirmək istəyirdilər. Biz də onlara baxırdıq və gözləyirdik ki, salam versinlər, biz də deyək, utanmırsınız, Qarabağı işğal etmisiniz, dədə-baba yurdumuzu yandırmısınız, hələ gəlib vicdanlı zərərçəkənlərə salam da verirsiniz.
Tərs kimi, yaramaz həmkarlarımız bizə ilk gündən sonra qədər salam vermədilər ki, biz də sözü açıb onları pisikdirək. Əldə-ovucda balta da yox.
Ancaq həmkarlarımızdan biri bizim kimi acılı zərərçəkən, ultra-patriot, infra-millətçi olmadığını göstərdi, köhnədən tanışlıqları varmış deyə, gedib erməni jurnalistlərlə mehribancasına görüşdü, şən-şən söhbətlər etdi, zarafatlaşdı. Heç ermənilər də ona demədi ki, utanmırsan, Sumqayıt haqq-hesabından sonra gəlib bizə salam verirsən.
Əslində biz gözləyirdik ki, bizim jurnalist erməniləri tənbeh edəcək, üzlərinə itin sözünü deyəcək, amma demədi. Güman ki, o, Qarabağı bu ermənilərin işğal etmədiyini bilirdi və cani hərbçilərin suçunu yetim-yesir jurnalistlərin belinə şəlləmək istəmirdi, necə deyərlər, qoyunu qoyun ayağından asırdı, keçini keçi ayağından.
Hərçənd biz üzbəüz divanlarda oturduğumuz zaman söz açılsaydı, mədəni bir müstəvidə polemikaya girsəydik, həmin o yazıq erməni jurnalistlər üstümüzdə balta olmadığını yəqinləşdirərək, Qarabağın işğal edilməsinin zəruriliyini bizə sübut etməyə çalışacaqdılar. Bununla da onlar öz yaramaz, əclaf, qaniçən hərbçi soydaşlarının cinayətinə haqq qazandıracaq, özləri də o cinayətin şərikinə çevriləcəkdilər.
Di gəl, yaramazlar bizə salam vermədilər, polemikaya girmək istəmədilər. Bəlkə də sırf söhbətin açılmasına, uzaq Kiyevdə “Qarabağ razborkası” aparmaq üçün polemika başlanmasına vəsilə olacaq salamı erməni jurnalistlərə biz verməliydik. Amma qorxduq ki, onlar salamımızı almazlar, üstəlik, bizə deyərlər: “Utanmırsınızmı, Qarabağa müstəqillik vermirsiniz, amma gəlib bizə salam verirsiniz”.
Bəs nədən ermənillərlə salamlaşıb-görüşən, mehribancasına söhbət edən, hətta zarafatlaşan həmkarımız böylə prinsipiallıq göstərmədi?
Nə bilmək olar? Görünür, oxumuş adamlar demişkən, məsələ hansı prinsiplərin prioritet olmasındaydı.
Bununla belə, biz həmkarımızı ermənilərlə isti münasibətinə görə qınamadıq, heç bu hadisəyə hər hansı bir önəm də vermədik. Bəlkə bunun özü də prinsipsizlik idi, biz prinsipial olsaydıq, sonradan bizə yaxınlaşıb salam verən həmkarımıza deyərdik ki, utanmırsan, gedib düşmən ermənilrlə deyib-gülürsən, sonra da gəlib vicdanlı və patriot azərbaycanlı jurnalistlərə salam verirsən.
Etiraf edirəm ki, 7 il öncə Amerikada olanda (axırıncı dəfə) bir məclisdə mənə “burda sizin bir yerliniz var” deyə 19-20 yaşlı bir erməni qızını təqdim etdilər, qız gəlib qorxa-qorxa salam verdi, amma mən onun salamını “utanmırsanmı” deyərək almaqdan imtina etmədim. Çünki Qarabağ münaqişəsi başlayanda bu qızın ən çoxu 1 yaşı olardı. Ona görə də yekə-yekə saqqalı kişlərin, hərbi canlərin cinayətlərinə görə onu suçlu tutmaq ədalətli hərəkət olmazdı. Hərçənd o axçiyə nəslimin 47 evini onun əmi-dayılarının yandırdığını deyə, necə prinsipial düşmən olduğumu sərgiləyə bilərdim.
Uzun sözün kəsəsi, bu salam-əleyk məsələsini çox da şişirtmək olmaz. Xüsusilə də jurnalistlər. O qədər adamı “cümlə xəyanətlərə bais” elan edib, sonra da müsahibə, açıqlama almaq üçün salam verməli olmuşuq ki.
Xüsusilə də torpağımızı işğal etmiş, 1 milyon soydaşımızı didərgin salmış, 30 mindən artıq həmvətənimizi öldürmüş hərbi canilərin üstünə toz qondurmayan jurnalistlərlə öpüşüb-görüşəndən sonra gəlib barəndə artıq-əskik materallar vermiş bir teleşirkətin, qəzetin operatoruyla, reportyoruyla salam intriqası aparmağın prinsipiallığa heç dəxli yoxdur.
Ortada ovxarlı balta söhbəti olmayıbsa, salamlaşmaq olar. Necə deyərlər,belə hallarda reportyoru reportyor ayağından asmaq lazımdır, redaktoru isə redaktor ayağından.






