İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmən sevinməsin: Bakı ilə Tehran arasına nifaq sala bilməyəcəklər...

1001 22.05.2024 10:33 Siyasət A A

Bu yaxınlarda Azərbaycanın səfirliyi qonşu ölkədə yenidən fəaliyyətə başlayacaq; iki ölkə arasında nəzərdə tutulan bütün əməkdaşlıq planları və layihələr həyata keçiriləcək]

Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran  Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iki ölkənin lideri münasibətlərin gələcəyi ilə bağlı “yol xəritəsi”ni elan etdi.  

Prezident İlham Əliyev deyib ki, layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. “Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir”, - deyə Əliyev vurğulayıb. Dövlət başçısı deyib ki, bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür: “Bizim digər sahələrdə də əməkdaşlığımız ölkələrimizi gücləndirir, eyni zamanda regional əməkdaşlığa da fayda verir. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. 

Helikopter qəzasında həyatını itirən İranın mərhum prezidenti də ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamların aradan qalxdığını deyib. Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yolu olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. 

“Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir. Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır”, - deyə mərhum prezident deyib.  

Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Azərbaycanın Tehranda səfirliyi də iyuldan yeni binada fəaliyyətə başlayacaq. Qeyd edilib ki, İran Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün yeni bina ayırıb və hazırda orada uyğunlaşdırma işləri aparılır. Bu isə bir daha göstərir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.

İbrahim Rəisinin ölümündən sonra xüsusilə erməni mediası sevincək yazır ki, Azərbaycanla İran arasında qurulan bu əlaqələr, əməkdaşlıq ya baş tutmaya, ya da ləngiyə bilər. Bəzi dairələr isə qəzadan istifadə edərək iki ölkə arasında münasibətləri gərginləşdirmək niyyəti güdür. 

İlyas Hüseynov: Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri cəmiyyətimizin  rifahının qorunması üçün önəmlidir | Kaspi.az

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov  “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və İranın mərhum prezidenti İbrahim Rəisi arasında 19 mayda görüşün keçirilməsi zamanı çox mühüm mesajlar verilib: “Mehriban qonşuluq münasibətləri, tarixi yaxınlıq və dostluq mesajları, bundan sonrakı dövrdə iqtisadi, mədəni, nəqliyyat və digər bir sıra sahələrdə əməkdaşlığın, əlaqələrin gücləndirilməsi bəyanatları xüsusi qeyd edilməlidir. Təəssüf ki, İranın prezidenti, xarici işlər naziri və digər İran rəsmiləri helikopter qəzasında həlak oldular. Bu hadisə ilə bağlı Azərbaycan Prezidenti öz sosial şəbəkə hesabında paylaşım etdi. Başsağlığı məktubunu İran tərəfinə göndərdi, dünən isə İranın Bakıdakı səfirliyinə şəxsən gedərək başsağlığı verdi. Lakin təəssüflər olsun ki, Azərbaycan-İran münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr, şəxslər, əsasən də ermənilər İbrahim Rəisinin ölümündən sevindiklərini nümayiş etdirməkdən çəkinmədilər. Onlar elə hesab edirlər ki, Rəisinin yoxluğu İran-Azərbaycan münasibətlərindəki müsbətə dönüşü durduracaq, əldə olunmuş əməkdaşlıq razılaşmaları həyata keçirilmədən qalacaq və sair. Eləcə də İran-Azərbaycan münasibətlərinə zərbələr vurmağa çalışırlar, baş verən faciəvi qəzadan öz çirkin maraqları üçün istifadə etmək niyyətlərini gizlətmirlər. Lakin o qüvvələrin, Azərbaycana düşmən münasibətdə olanların niyyətləri reallaşmayacaq. Azərbaycanla İran arasında nəzərdə tutulan əməkdaşlıq planları, layihələri həyata keçiriləcək. Araz çayı üzərində tikilən dəmir yolu və avtomobil yolunun çəkilməsi dövlətlər arasında dostluğu və iqtisadi əməkdaşlığı təcəssüm etdirəcək. Bu yaxınlarda Tehranda Azərbaycanın səfirliyi yenidən fəaliyyətə başlayacaq. Hidroqovşağın istismara verilməsi ilə regionların enerji və suvarma tələbatının ödənilməsi üçün mühüm nailiyyət əldə olunub. Bu cür nailiyyətlər davamı gələcək. Azərbaycan çox çalışacaq ki, tərəflər arasında bu inkişaf dinamikasını təşviq eləyən addımları bir qədər genişləndirsin. Yəqin ki, İran tərəfi də bu iradəni ortaya qoyacaq. İran-Azərbaycan münasibətləri inkişaf edəcək”. 

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi həm də dünya birliyinə iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi mesajı idi: “Əslində bu layihənin əsası uzun illər əvvəl qoyulub. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bu mühüm əhəmiyyətli layihənin tikintisi dayandırılmışdı. 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi qərara alındı və qısa müddətdə istismara verildi. Layihələr Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlətimizin başçısı da açılış mərasimində çıxışında bunu xüsusi vurğulayaraq dedi ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki ölkə arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər yüksək səviyyəyə qalxıb. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza nifaq sala bilməz".

Ç.Qənizadə vurğuladı ki, prezident Rəisinin faciəvi ölümündən kimsə sevinməsin. Azərbaycan-İran əməkdaşlığı davam edəcək və qarşıya qoyulmuş layihələr icra ediləcək. Çünki hər iki dövlətin maraqları bunu diktə edir: “İki ölkənin sərhədində reallaşan layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olundu. Bu, eyni zamanda hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesaj idi. Bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu çox vacibdir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki ölkə bir-birinə dəstək verməklə öz siyasətlərini həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat layihələrinin həyata keçirilməsində də birgə səylər göstərirlər. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi və qarşılıqlı təchizat məsələləri artıq həll edilib. Bu, İran və Azərbaycanla yanaşı, digər ölkələr üçün də fayda gətirəcək layihələrdir. İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”.

Ç.Qənizadə dövlətimizin başçısının çıxışına istinadən dedi ki, Azərbaycan bütün ölkələrlə əlaqələri bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur və bundan sonra da quracaq. Bölgənin inkişafı həmin ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR